Dünya

Türkiyə Cümhuriyyəti tarixində ən böyük “təmizləmə”

28 İyul 2016 07:51
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 27-də hökumət orduda və media sektorunda növbəti ciddi "təmizləmə" həyata keçirib.

Respublika tarixində ordudan ən böyük sayda ixtisar qərarı qəbul olunub. Hökumətin qəbul etdiyi Fövqəladə Vəziyyət şəraitində qanun hökmlü qərarla Türkiyə Silahlı Qüvvələrində xidmət edən 1684 hərbçi, o cümlədən 149 general və admiral ordudan xaric edilib. Onlarla qəzet, jurnal, TV kanalı və şirkət bağlanıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qüvvədə olan Fövqəladə Hallar Vəziyyəti hökumətin bu cür addımlar atmasının önünü açır və işdən qovulan məmurlar, hərbçilər, eləcə də qapadılan şirkətlərin məhkəməyə müraciət etməsinin qarşısı alınır.

Beləliklə, hökumətin qəbul etdiyi qərara əsasən "milli təhlükəsizliyə təhdid təşkil etdiyi təsbit edilən "Fətullahçı Terror Təşkilatı"na aidiyyəti, bağlılığı və ya əlaqəsi olduğu" müəyyən edilən hərbçilər ordudan xaric edilib. Ordudan xaric edilən hərbçilər məhkumluq qərarı olmadan  rütbə və məmur haqlarından məhrum ediləcək, onlar yenidən orduya qəbul olunmayacaq, eyni zamanda ictimai xidmətlərdə işə alınmayacaq, birbaşa və ya dolayısı ilə hansısa işə qəbul edilməyəcək.

Bundan başqa qərarnaməyə görə, Jandarma Baş Komandanlığı və Sahil Təhlükəsizliyi Komandanlığı da müvafiq qanunlarda dəyişiklik edilərək Daxili İşlər Nazirliyinə tabe etdirilib.

Qeyd edək ki, hökumətin hərbi liseyləri qapatması, eləcə də Gülhanə Hərbi Tibb Akademiyasını Səhiyyə Nazirliyinə tabe etdirməsi, bundan başqa hərbi məktəblərin Müdafiə Nazirliyinə tabe etdiriləcəyi gözlənilir.

Son qərara görə, Türkiyə ordusundan qovulan general və admiralların sıralaması belədir: Quru Qoşunları Komandanlığından 87 general, 726 zabit və 256 gizir. Hərbi Dəniz Qüvvələrindən 32 admiral, 59 zabit və 63 miçman, Hərbi Hava Qüvvələrindən 30 general, 314 zabit və 117 gizir ixrac edilib. İxrac edilənlər arasında ən yüksək rütbəli zabitlər 2-cü ordu komandanı Ordu Generalı Adəm Huduti və Ali Hərbi Şuranın üzvü, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Ordu Generalı Akın Öztürkdür.

Nazirlər Kabinetinin Fövqəladə Vəziyyət şəraitində əldə etdiyi müstəsna hüquqlar çərçivəsində bir sıra media və özəl şirkətlər də terror qrupuna bağlılıq ittihamı ilə qapadılıb. Bunlar daha çox Fətullahçı terror təşkilatına bağlı olan media və şirkətlər hesab olunur. Ümumilikdə hökumətin qərarı ilə 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat və yayım şirkətləri bağlanıb.

Bağlanılan telekanallar

Barış TV, Bu gün TV, Can Erzican TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, Kanaltürk, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, Samanyolu TV, SRT Televiziyası, Tuna Shopping TV, Yumurcak TV.

Bağlanılan radiolar

Aksaray Mavi radio, Aktüel Radio, Berfin FM, Burç FM, Cihan radio, Dünya radio, Esra radio, Haber radio Ege, Herkül FM, Jest FM, Kanaltürk radio, Radio 59, Radio Ailə Rəhbəri, Radio Bamteli, Radio Cihan, Radio Fıkır, Radio Kürə, Radio Mehtap, Radio Nur, Radio Şimşek, Samanyolu Haber Radiosu, Umut FM, Yağmur FM.

Bağlanılan qəzetlər

"Adana haber", "Adana medya", Akdeniz Türk, Şuhut'un Sesi, Lider, İscehisar Durum, Türkeli, Antalya Gazetesi, Yerel bakış, Nazar, Batman, Batman postası, Batman doğuş, Bingöl Olay, İrade, İskenderun Olay, Ekonomi, Ege'de Son Söz, Demokrat Gebze, Kocaeli Manşet, Bizim Kocaeli, Haber Kütahya, Gediz, Zafer Gazetesi, Hisar, Turgutlu Havadis, Milaz Feza, Türkiye'de Yeni Yıldız, Hakikat, Urfa Haber Ajansı, Ajans 11, Yeni Emek, Banaz Postası, Son Nokta, Merkür Haber, Millet Gazetesi, Bugün, Meydan, Özgür Düşünce, Taraf, Yarına Bakış, Yeni Hayat, Zaman, Today's Zaman.

Bağlanılan jurnallar

Akademik Araştırmalar Dergisi, Aksiyon, Asya Pasifik (PASİAD), Bisiklet Çocuk, Diyalog Avrasya, Ekolife, Ekoloji, Fountain, Gonca, Gül Yaprağı, Nokta, Sızıntı, Yağmur, Yeni Ümit, Zirve.

Bağlanılan nəşriyyat və yayım firmaları

Altın Burç Yayınları, Burak Çap, Yayın və Satış, Define Yayınları, Dolunay Təhsil, Yayın və Dağıtım, Giresun Media Yayın, Gonca Yayınları, Gülyurdu Yayınları, GYV Yayınları, Işık Akademi, Işık Özel Təhsil Yayınları, Işık Yayınları, İklim Çap, Yayın və Marketinq, Kaydırak Yayınları, Kervan Media Yayınları, Kuşak Yayınları, Muştu Yayınları, Nil Yayınları, Rehber Yayınları, Sürat Çap, Yayın, Reklamçılıq və Təhsil, Sütun Yayınları, Şahdamar Yayınları, Ufuk Çap, Yayın və Xəbər Agentliyi Marketinq, Ufuk Yayınları və sair.

Qeyd edək ki, hökumət bu qərarları Fövqəladə Vəziyyət Qanununun verdiyi müstəsna hüquqdan istifadə edərək qəbul edib. Bu o deməkdir ki, həmin qurumların məhkəmə yolu ilə bərpası mümkün deyil, əksinə terror fəaliyyəti ilə bağlılıqları araşdırılacaq, şübhəlilər istintaqa cəlb olunacaq. Türkiyə hökuməti təxminən 30 il ərzində dövlət və ictimai qurumlara yerləşdiyi iddia olunan qrupa qarşı bu şəkildə sərt təmizləmə həyata keçirmək, şübhəli şəxslərin dövlət orqanlarından kənarlaşdırılması, məsuliyyətə cəlb olunması, yaxud da ən azından müəyyən bir müddətdən sonra təkrar şəffaf araşdırmaya cəlb olunmasını planlayır.

Bu cür "təmizləmə" əməliyyatları demək olar ki, dövlətin bütün qurumlarında aparılır və artıq 60 min nəfərdən çox insan dövlət və ya ictimai qurumlardan xaric olunub. Bu siyahının hər gün daha da böyüdüyünü nəzərə alanda çox sayda dövlət məmuru, ordu zabiti və təhsil işçiləri də daxil olmaqla mühüm əhəmiyyətli dövlət vəzifələrinin boşalacağı aydındır. Bu isə dövlət orqanlarının müəyyən bir zamanda ciddi kadr problemi yaşamasına səbəb ola bilər. Baxmayaraq ki, bir çox ekspertlər Türkiyənin böyük dövlət olduğu və daha öncə də bu cür oxşar vəziyyətlər yarananda kadr probleminin yaşanmadığını deyərək, ciddi axsamaların olmayacağını bildirirlər. Ancaq istənilən halda total təmizləmələr dövlət və hökumət, ümumulikdə isə Türkiyə cəmiyyəti üçün çətin bir proses olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.