Dünya

“Sasun dəliləri” serialı...

27 İyul 2016 23:11
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az virtualaz.org-a istinadən Məmməd Süleymanovun yazısını təqdim edir

İyulun 17-də başlayan serial hələ də davam edir. Bütün diqqətlər Yerevandakı qarşıdurmanın zor işlətməklə bitəcəyinə, yoxsa miqyasını böyüdərək sonunda Sarqsyanın taxtını laxladacağına yönəlib. Dönməzlik nöqtəsi keçilib. İrəlidə xaos görünür.

Livanda doğulub ömrünün 23 ilini Beyrutda yaşayan, oradakı vətəndaş müharibəsində erməni könüllü dəstələrində vuruşan, 1990-cı ildə Ermənistana köçüb Qarabağa yollanan, təltiflər alan 49 yaşlı Jirayr Sefilyanın iyunun sonlarında "Odlu silah və sursat saxlamaq" ittihamı ilə həbs olunmasının vəziyyəti bu dərəcədə dəyişəcəyini çətin ki gözləyirdilər. Sarqsyanı az qala Qarabağı Azərbaycana qaytarmağa razılıq verməkdə ittiham edən, aprel döyüşlərində itirdikləri 800 hektar torpaq sahəsini qaytarmaq uğrunda savaşa başlamağa çağıran Sefilyanın tərəfdarlarının radikal addım atacaqları proqnozlaşdırılmırdı. Ancaq onlar post-patrul xidməti alayının qərargahını ələ keçirməklə, bir polkovniki qətlə yetirməklə, Ermənistanın və Yerevanın polis rəisi müavinlərini girov götürməklə bütün kartları dəyişdilər.

Retrospektiv olaraq elə bir mənzərə yaranır ki, başlarında ata və oğul Manukyanların (Pavel və Aram Manukyanlar) dayandığı 25 nəfərlik dəstənin niyyəti qan tökmədən qərargahı ələ keçirəndən sonra erməniləri hakimiyyətə qarşıkütləvi çıxışlara səsləmək idi. Ancaq ssenari başqa istiqamətə yönəldi. Özlərini "Sasun dəliləri" ("Sasna srer") adlandıran silahlılar gözlədikləri açıq dəstəyi almadılar. Düzdür, ictimai rəy kəskin şəkildə Sarqsyanın əleyhinədir, ancaq bu narazılıq aktiv fazaya keçmədi. Və üzücü, sonu görünməyən mühasirə vəziyyəti yarandı.

"Dəlilər" prezidentin və hökumətin istefasını, Sefilyan başda olmaqla bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirlər. Onların qərargahına silahlı hücumun çox qorxulu nəticələrə yol açacağının fərqində olan Sarqsyan hücum əri verməkdən çəkindi. Üstəlik eks-prezident Ter-Petrosyan və müxalifətçi deputat Paşinyandan başlayıb "Daşnaksütyun" partiyasına qədər çoxlarının simpatiyasının məhz qiyamçıların tərəfindən olması da şübhə doğurmur. Pat situasiyası nə qədər çox davam edərsə, küçələrə çıxan və qiyamçılara dəstək verən etirazçıların sayının da sürətlə artacağı gözlənilir. Yəni, təkcə qiyamçılar yox, hakimiyyət də çıxış yolunu tapa bilmir.

Münaqişənin yeddinci günündə qiyamçılar bütün girovları sərbəst buraxdı, mətbuat konfransı keçirdi, tələblərini təkrarladı və ələ keçirdikləri binanı tərk etmədi. Onların silah-sursatı boldur, binaya hücum mütləq böyük qanla nəticələnəcək. Bu situasiyanın nə qədər davam edəcəyi bilinməsə də, tərəflər nisbi sakitliyə nail olaraq danışıqları davam etdirməyə ümidliydilər. Ancaq hər şey iyulun 26-sı gecə dəyişdi.

Həmin gün atışmada ata-oğul Manukyan yaralı halda ələ keçdi, daha iki nəfər də polisə tabe oldu. Pavel Manukyanın vəziyyəti stabil ağırdır. Və məhz bu insident sonrakı hadisələri proqnozlaşdırmağı qeyri-mümkün edir. Liderlərindən məhrum olan qiyamçılar bundan sonra nə edəcək? - sonadək müqavimət göstərəcək, yoxsa təslim olacaq? Onların arasında monolitlik varmı?

Vəziyyəti daha da mürəkkəbləşdirən isə silahlıların binadakı yaralılara yardım etmək üçün gələn 4 tibb işçisini (2 həkim, feldşer və tibb bacısı) girov götürməkləridir. Onlar səhiyyə naziri ilə görüş istəyir, yaralılara daimi yardım göstərmək üçün yanlarına həkimlər göndərməyi tələb edirlər.

Erməni siyasi şərhçi Arman Abovyan 26 iyuldan sonrakı vəziyyət barədə bunları deyir: "Hadisələr xaosa doğru gedir.Hər şey anlaşılmazdır və situasiya istənilən an partlaya bilər. Silahlı qrupun növbəti addımlarını hesablamaq olmayacaq, çünki onlar məntiqə tabe deyil".

Abovyanın sözlərinə görə, "Hakimiyyətin hücuma keçib-keçməyəcəyini söyləmək çətindir, çünki hücum olarsa mütləq itkilər olacaq. Bu, tərəflərin heç birinə sərf etmir, ancaq digər tərəfdən qan onsuz da töküləcək". O ki qaldı qiyamçılarla həmrəy olanların etirazlarına, Abovyan deyir: "Etiraz dalğası artmaqda davam edəcək. Situasiyanı dərinləşdirən fakt ondadır ki, etirazçıların lideri və ideologiyası yoxdur. Onlar yalnız hakimiyyətin dəyişdirilməsinə nail olmağa çalışırlar, bu isə hərəkət planını əvəzləyə bilməz. Hazırda heç kəsdə əminlik yoxdur ki, tərəflərdən birinin əsəbləri tab gətirməyəcək. Biz hamımız barıt çəlləyinin üstündə oturmuşuq".

Yəni, Sarqsyanın əl-qolunu bağlayan heç də hücum zamanı baş verəcək itkilər deyil. Onun əsas problemi qan tökülərsə küçələri etirazçıların doldurması variantıdır. Bu isə heç də qeyri-real deyil.

Hələliksə pat situasiyası davam edir və razvyazkanın qan tökmədən baş verəcəyi ehtimalı saatbasat azalır. Sarqsyanın yeganə təbliğat kartı erməni ictimaiyyətini Qarabağla şantaj etməkdir. Yəni, "Siz burada atılıb-düşdükcə Qarabağda qeyri-stabillik də artacaq. Düşməni sevindirməyin"... Bu taktika isə universaldır...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.