Dünya

Ərdoğanla Putin razılığa gəldilər - Görüşəcəklər - YENİLƏNİB

29 İyun 2016 16:12
2 Şərh     Baxış: 5 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:12

Kreml Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışığı barədə məlumat yayıb.

APA-nın verdiyi xəbərə görə, Kremlin mətbuat xidməti məlumatında bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Söhbət zamanı hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub. Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi ilə bağlı göstəriş verəcəyini bildirib.

Qeyd olunub ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. Bununla yanaşı Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə addımlar atması ilə bağlı niyyət ifadə olunub.

Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq. 

Rusiya və Türkiyə prezidentləri yaxın perspektivdə görüşün keçirilməsinin mümkünlüyü barədə müzakirələr aparmaq barədə razılaşıblar. Ümumilikdə görüş işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlığın bərpasına yönəlib.

----------

15:09

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşmək haqda razılığa gəliblər.

Report xərbər verir ki, bu haqda Türkiyə prezidentinin mətbuat xdməti məlumat yayıb.

İki ölkə lideri arasında olan telefon danışığı zamanı görüş məsələsi müzakirə olunub və razılığa gəlinib.

İnformasiyaya görə, tərəflər iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görülməsi haqda razılıq əldə ediblər.

Qeyd edək ki, bu gün iki dövlətin başçıları arasında 40 dəqiqəyə yaxın telefon danışığı olub. Danışığın məhsuldar və pozitiv keçdiyi haqda da məlumat yayılıb. 

----------

13:35

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Türkiyənin "Cümhuriyyət" qəzeti məlumat vermişdi ki, iki ölkənin liderləri İstanbulun Atatürk hava limanında törədilmiş terror aktını da müzakirə ediblər.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.