Dünya

Rusiya: "Türkiyə ilə münasibətlər bir neçə günə düzəlməyəcək"

28 İyun 2016 23:42
0 Şərh     Baxış: 1 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kreml Türkiyə prezidentinin üzrxahlıq məktubundan sonra "Rusiyanın Türkiyə ilə münasibətlərini bir neçə günə düzəltməyəcəyini" bildirib.
Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda vurulmuş Rusiya təyyarəsinin pilotunun ailəsindən üzr istəyib.
Cənab Putinin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, bundan sonra atılacaq addımlar münasibətləri normallaşdırmaq istiqamətində olmalıdır.
Milli.Az BBC-yə istinadən bildirir ki, cənab Erdoğanla Putinin Rusiya təyyarəsinin vurulmasından sonra ilk dəfə sabah telefonla məsələləri müzakirə edəcəyi gözlənilir.
Rusiya baş nazirinin müavini Olqa Qolodets isə Türkiyə ilə turizm əlaqələrinin yenidən başlanmasının hazırda Rusiya hökumətinin gündəmində olmadığını deyib.

"Lazım gələrsə, Rusiyaya təzminat verərik"

Türkiyə baş naziri Binali Yıldırım TRT Haber telekanalına açıqlamasında Rusiya təyyarəsinin vurulmasına görə lazım gələrsə, Rusiyaya təzminat ödəniləcəyini bildirib.
O, prezident Recep Tayyip Erdoğanın Rusiyadan üzr istəməsiylə kompromisə gəlindiyini deyib.
Cənab Yıldırım prezident Erdoğanın Rusiya dövlət başçısı Vladimir Putinlə telefonla danışdığını bildirib.
"Lazım gələrsə, təzminat verəcəyimizi və münasibətlərin normallaşdırılmasını istədiyimizi bildiririk. Bu, bir tərəfli deyil, iki tərəfli bir iradədir. Məsələ ilə bağlı kompromisə gəlinmişdir," cənab Yıldırım deyib.
Türk Silahlı Qüvvələrinin bildirdiyinə görə, Rusiyaya məxsus SU-24 döyüş təyyarəsi Türkiyə hava məkanını pozduğu üçün vurulub.
Keçən ilin noyabr ayında baş vermiş hadisəni cənab Putin "terrorçuların ortaqlarının arxadan vurduğu zərbə" adlandırıb.
Hadisənin ardından Rusiya, Türkiyədən idxal olunan demək olar ki, bütün kənd təsərrüfatı məhsullarına qadağa qoymuşdu.
Rusiya parlamenti yuxarı palatasının spikeri Valentina Matvienko bildirib ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putinə göndərdiyi üzr məktubu iki ölkə arasında münasibətlərin normallaşması üçün əsas ola bilər.
"Çox təəssüf ki, gec üzr istədilər, lakin deyildiyi kimi, heç olmamaqdansa, gec olsa yaxşıdır... Bu məktub ikitərəfli münasibətlərin normallaşdırılması və Rusiya-Türkiyə əlaqələrinin bərpası üçün əsas ola bilər," xanım Matvienko deyib.
Kreml sözçüsü Dmitri Peskov bazar ertəsi bildirmişdi ki, cənab Putin Türkiyə prezidentindən Rusiya təyyarəsinin vurulması və pilotun ölümünə görə üzrxahlıq ifadə edən məktub alıb və məktubda Ankaranın iki ölkə arasındakı böhranı həll etməyə hazır olduğu ifadə olunur.
Rusiyanın SU-24 təyyarəsi keçən ilin noyabr ayında Türkiyənin F-16 qırıcı təyyarəsinin raket zərbəsindən sonra Suriya ərazisində dağın yamacına çırpılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.