Dünya

Uşaqlarını İŞİD-ə aparan qadın analıqdan məhrum edildi

4 May 2016 17:16
1 Şərh     Baxış: 2 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlarını "xilafətə" aparan qadın ötən yay Birmingham hava limanında saxlanılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, üç uşağını Suriyada İslam Dövləti adlanan təşkilatın nəzarətində olan əraziyə aparmağa çalışan qadın analıqdan məhrum edilib və uşaqları ondan alınıb.

Ötən yay İngiltərənin Birmingham hava limanında həbs edilmiş qadının mobil telefonundakı şəkillərdə uşaqlar əli silahlı və əyinlərində İŞİD emblemli balaklavalarda idilər.

4 və 12 yaşları arasında olan üç uşağın analarından alınması üçün məhkəməyə İngiltərənin Leicester şəhər bələdiyyəsi müraciət etmişdi.

Hökmdə deyilir ki, uşaqların analarına qaytarılması məqsədəuyğun deyil və onlar ana tərəfdən baba və nənələrinin yanında yaşayacaqlar.

"Xilafət" tətili

Məhkəməyə müraciət edən bələdiyyə rəsmiləri bildirmişdilər ki, qadının niyyəti uşaqlarını İŞİD ərazisinə həmişəlik aparmaq olub.

Onlar qeyd edirdilər ki, özünün dini inancları ilə hərəkət edən ana uşaqlarını radikallaşma və ölüm təhlükəsi qarşısında qoymağa hazırlaşırdı.

Məhkəmənin hökmündə deyilir ki, qadın "cihad tərəfdarlarından yardım vəsaiti alıb" və bəzi ehtimallara görə onun Britaniyanı 2013-cü ildə tərk etmiş əri hazırda Çeçenistanda terrorçu qruplaşmanın üzvüdür.

Üç uşağı ilə Münhenə səfərə hazırlaşan qadın hava limanında diqqəti özünün 9 çemodanı ilə cəlb etmişdi.

Qadın saxlanarkən niyyətinin uşaqları Münhendəki ataları ilə görüşdürmək olduğunu desə də, onun biletləri Almaniyadan Türkiyəyə səfər etməli olduğunu göstərirdi.

Qadın artıq əri və uşaqları üÇün İstanbulda üç gecəlik mehmanxana nömrəsi də sifariş etmişdi.

Telefona 243 zəng

Onun çantasında Türkiyə və Hindistan telefon nömrələri tapılmış, onların birinə 243 dəfə zəng edildiyi aşkarlanmışdı. Zənglərin Suriyada İŞİD sıralarında döyüşən şəxsdən gəldiyi düşünülürdü.

Telefondakı mesajlardan birində "həmişəlikmi gedirsiniz?" yazılmışdı. Bundan başqa telefondakı şəkillərdə uşaqların əllərində silah, əyinlərində isə İŞİD emblemli balaklavalar vardı.

İttihamnamədə həmçinin qeyd olunurdu ki, qadının Britaniyadakı evini həmişəlik tərk etdiyini göstərən əlamətlər aşkarlanıb. O uşaqlara aid bütün əşyaları məhv etmiş və ya yandırmış, onların yalnız doğum şəhadətnamələrini özü ilə götürmüşdü.

Məhkəmə hökmünə görə uşaqlar bir müddət neytral bir ailənin himayəsində qalacaq, daha sonra anaları tərəfdən baba və nənənin evində yaşayacaqlar.

Qadın barəsində cinayət işinin qaldırılıb-qaldırılmadığı barədə məlumat verilməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.