Dünya

Cenevrə dalanı: dünya yeni siyasi böhran ərəfəsində

2 May 2016 15:29
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə Cenevrədə Suriya məsələsi ilə bağlı danışıqlara başlanması dünya ictimaiyyətində bir münaqişənin həll edilə biləcəyinə inam yaratmışdı. Lakin proseslərin gedişində ortaya xeyli sayda çətinliklər çıxdı. Bunların sırasında Bəşər Əsədin taleyi və müxalifəti kimlərin təmsil edəcəyi məsələsi əsas yer tutur. Məlumdur ki, bəzi böyük dövlətlər B.Əsədin hakimiyyətdə qalmasında israr edir. Digərləri isə onun hakimiyyətdən getməsini mütləq şərt kimi qoyur. Kimlərin terrorçu, kimlərin müxalifət hesab edilməsi ilə bağlı da yekdil fikir yoxdur.

Milli.Az newtimes.az-a istinadən bildirir ki, nəticədə, Suriyada silahlı toqquşmalar yenidən alovlanıb və bunun genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı az deyil. Böyük dövlətlərin baş verənlərə münasibəti fərqlidir. Onların bir hissəsi müxalifəti, digərləri isə B.Əsədi dəstəkləməkdə davam edirlər. Bu proseslər Suriyanı haraya aparır? Böhran daha geniş geosiyasi məkana yayıla bilərmi?

Qarşılıqlı ittihamlar: danışıqlar prosesi dayandı

Suriya ilə bağlı aparılan danışıqlar yenidən dalana dirənib. Aprelin 19-da Suriya müxalifətinin əsas hissəsi müzakirələrin aparıldığı zalı tərk ediblər. Danışıqlar üzrə Ali Komitənin isə 15 üzvündən cəmi 3-ü masa arxasında qalıb. Amerika və Rusiyanın başçılığı ilə start verilmiş iqtidar-müxalifət dialoqunun kəsilməsinin ciddi səbəblərinin olduğu bildirilir. Müxalifət səbəb kimi hakimiyyət qüvvələrinin Hələbə hücumunu, İdlibin bombalanmasını, Lazkiyə yaxınlığında hərbi əməliyyatların bərpa olunmasını göstərir (bax: Pazar yeri vuruldu: En az 44 ölü / "Euronews", 19 aprel 2016).

Ekspertlər diqqəti ona yönəldirlər ki, Cenevrədə Suriyanı təmsil edən siyasi qüvvələrin tərkibi yekcins deyil. Buraya iqtidar nümayəndələri, "Moskva-Qahirə-Astana" və "Hmeymim" müxalif qrupları daxildir. Həm hakimiyyətin öz mövqeyi vardır, həm də müxalifəti təmsil edənlər arasında fikir birliyi müşahidə edilmir. "Moskva-Qahirə-Astana" qrupu əsasən Rusiya və İranın maraqlarını nəzərə alaraq fikir bildirirlər, "Hmeymim" isə Səudiyyə Ərəbistanı və onu dəstəkləyən ölkələrin maraqlarından çıxış edir. Bunlardan başqa, Moskva hesab edir ki, kürdlər də ayrıca qüvvə kimi sülh prosesində iştirakçı olmalıdırlar (bax: Почти дежавю: переговоры по Сирии в Женеве вновь на паузе / "РИА Новости", 19 aprel 2016).

Əvvəlcədən məlum idi ki, bu cür rəngarənglik şəraitində ortaq məxrəcə gəlmək son dərəcə çətin olacaq. Ancaq atəşkəsin yaranması ən azından qazanc hesab edilirdi. İndi isə tam aydın oldu ki, mövcud formatda hər kəsi qane edə biləcək nəticəni əldə etmək olduqca mürəkkəb məsələdir. Müxalifətin israr etdiyi şərtlərdən biri Bəşər Əsəd və tərəfdarlarının keçid hökumətində təmsil olunmamasıdır. Onlar Əsəd hakimiyyətini legitim hesab etmirlər.

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfərinin bu fikrə münasibəti belə olub: "Qanuni olmayan müxalifətin özüdür... Özü də bu, müxalifətin bir qisminin fikridir. Səudiyyə Ərəbistanı kimi ölkələrlə çalışdıqda, əsl hədəflərinin nə olduğunu bilirsiniz - Suriya dövlətini yıxmaq (bax: El Caferi: Avrupa terörizminden dolayı mağduruz / "Euronews", 19 aprel 2016).

Maraqlıdır ki, B.əl-Cəfəri böhranın yaranmasında yalnız Səudiyyə Ərəbistanını ittiham etməyib, bütövlükdə Avropanın Suriyaya terror ixrac etdiyini söyləyir. Konkret ünvanlar da göstərilir - İtaliya, Almaniya, İspaniya, İngiltərə, Fransa, Belçika. Bununla bağlı əl-Cəfəri deyib: "Avropa ölkələrinin hökumətləri terrorçuların Suriya və İraqa keçməsini asanlaşdırdılar. Bir terrorçunun kəşfiyyat orqanlarının xəbəri olmadan Paris, London, Brüssel, Boston və ya Avstraliyadan çıxaraq onlarca ölkəni, Türkiyə-Suriya, ya da İordaniya-Suriya sərhədini pasportsuz və vizasız keçə biləcəyinə kimsəni inandıra bilməzsiniz" (bax: əvvəlki mənbəyə).

Deməli, rəsmi Dəməşq Suriyada terrorun tüğyan etməsində Qərb dövlətlərini ittiham edir. İndi isə həmin ölkələr terrorçuların Suriyanı tərk etməsinə əngəl yaradırlar. Konkret olaraq, Avropaya gəldikləri təqdirdə, vətəndaşlıqdan məhrum ediləcəklərini bildirirlər.

Böyük güclər yenidən toqquşur?

Suriya hakimiyyətinin fikrinə görə, bu şəraitdə Cenevrə danışıqları bir oyuna bənzəyir. Çünki onu təşkil edənlər səmimi deyillər. Onlar, faktiki olaraq, böhran üçün qapalı dairə yaradırlar. Bir tərəfdən, terrorçuların Yaxın Şərqə axınını təşkil edir, digər tərəfdən isə, guya münaqişələri həll etməyə çalışırlar. Əsas məqsəd isə həmin regionda özlərinə sərf edən rejimləri qurmaqdır. Bunun fonunda neçə suriyalı və ya iraqlının həyatını itirəcəyi elə də maraqlı deyil.

Müxalifət tamamilə əks mövqedədir. Müxaliflər B.Əsədin illərlə suriyalılara zülm etdiyini deyir və məqsədlərinin bu zülmdən qurtulmaq olduğunu bildirirlər. Məhz buna görə də B.Əsəd hakimiyyətdə qalmamalıdır. Lakin o da faktdır ki, Suriyada müxalifətin özü fərqli ideyalara qulluq edir. Bir qisim, yuxarıda qeyd etdiyimiz kimi, Qərb-Səudiyyə Ərəbistanı xəttinə, digərləri isə Rusiya-İran xəttinə yaxındır.

Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, Cenevrədə danışıqların dayandırılması sadə məsələ deyil. Hələb yaxınlığında savaşın şiddətlənməsi və ölkənin başqa bölgələrində eyni mənzərənin yaranması Suriyada hələ qanın axıdılacağı fikrini yaradır. Əsəd hökuməti Hələbi ələ keçirməklə danışıqlarda tam üstünlüyü ələ almaq niyyətini güdür.

Buna İran və Rusiya da yardım edir. ABŞ-ın başçılıq etdiyi koalisiya isə Azad Suriya Ordusunun (ASO) uğur qazanmasında maraqlıdır. Son zamanlar ASO ilə İŞİD arasında silahlı toqquşmaların güclənməsi bu aspektdə diqqəti çəkir. Türkiyə ilə sərhəddə yerləşən bir neçə məntəqə gərgin döyüşlər nəticəsində əldən-ələ keçdi, sonda isə ASO üstün gəldi. Lakin bu, son deyil. Atışmalar davam edir və bəzi hallarda bombalar Türkiyə ərazisinə düşür.

Hələb yaxınlığında da kəskin döyüşlər baş verməkdədir. Əsədə sadiq qüvvələrin şəhərə hücumunun planlaşdırıldığı haqqında informasiyalar yayılır. Hətta İranın döyüş bölgəsinə 1000 nəfər əsgər göndərdiyi, Rusiyanın isə havadan zərbələri genişləndirəcəyi haqqında məlumatlar daxil olur. Rusiyanın bir sıra saytları hətta Moskvanın yeni silahları sınaqdan keçirməsindən yazırlar.

Bunlar Suriya məsələsini yenidən dünya siyasətinin ön sırasına çıxarır. Ekspertlər ölkədə müharibənin genişlənəcəyini və böyük dövlətlərin iştirakı ilə növbəti savaşın başlayacağını gözləyirlər. Hadisələrin bu cür ssenarisi olduqca təhlükəlidir. Çünki Hələbin müxalifətin əlindən alınması ilə Cenevrə danışıqlarına da son qoyulmuş olur. Yeni danışıqlar formatının necə formalaşacağı məsələsi isə qeyri-müəyyəndir. Çox güman ki, Suriyada müharibə bir müddət davam edəcək və İŞİD-in hərbi strukturlarının tamamilə yox edilməsindən sonra bu və ya digər planı həyata keçirmək mümkün olacaq.

Bu bağlılıqda ABŞ-ın Şimali İraq kürd muxtariyyətinə (peşmərgələrə) hərbi yardımı artırmaq qərarı diqqəti çəkir. Ekspertlər hesab edirlər ki, bu, faktiki olaraq, Amerikanın regionda hərbi gücünü artırması anlamına gəlir. Bundan sonra Vaşinqton regiondakı rəqib ölkələrə qarşı hərbi təxribatlarını daha da genişləndirə bilər.

Təbii ki, buna qarşılıq verməyə çalışacaq dövlətlər tapılacaq. Onda belə qənaət yaranır ki, Suriyada danışıqları çətinliyə salıb regiona daha çox hərbi güc yeritmək reallıqda böhranı daha da dərinləşdirmək məqsədini güdə bilər. Bu halda Yaxın Şərq və ona yaxın olan digər bölgələrdə sabitliyin saxlanması olduqca mürəkkəb bir iş olacaq.

Bütün bunlara görə, Cenevrədə danışıqların dalana dirənməsi heç də arzuolunan hal deyil. Suriyada mövcud vəziyyət daha ağır hala düşə, qeyri-müəyyənlik daha da arta bilər. Danışıqları bərpa etmək perspektivi də görünmür. Tərəflər bir-birini ciddi ittiham edirlər. Regionun böyük dövlətlərinin Suriya iqtidarı ilə müxalifəti arasında barış yaratmaq imkanları da yüksək qiymətləndirilmir. Belə çıxır ki, yenidən müharibə alovlana bilər.

Ancaq nəzərə almaq lazımdır ki, daha təhlükəli hərbi qruplaşmaların mövcud olduğu bu şəraitdə savaş şiddətlənəcək. Bir tərəfdə Səudiyyə Ərəbistanının başçılıq etdiyi İslam Ordusu, digər tərəfdə ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri, nəhayət, üçüncü tərəf olaraq Rusiya-İran-İraq ittifaqı fəaliyyət göstərir.

Onlar birbaşa və ya dolayısı ilə Suriyadakı savaşa qatıla bilərlər. İstəsək də, istəməsək də reallıqda regional müharibə meydana gələ bilər. Bunun qarşısı alınmasa, başqa bölgələrdə də təhlükəli proseslərə start verilə bilər. Əsas olaraq, terrorun qonşu regionlara yayılması ehtimalı yüksələr. O cümlədən Qafqaz və Mərkəzi Asiya üçün ciddi təhdidlər meydana gələr. Şübhə yoxdur ki, erməni terror qrupları bu vəziyyətdən yararlanmağa çalışacaqlar. Bu cür ssenari yalnız aqressiv dövlətlərə sərf edir. Onlar daim çaxnaşmaların və silahlı toqquşmaların olmasına çalışırlar. Bu prosesi dayandırmaq bəşəriyyət üçün olduqca zəruridir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.