Dünya

Fidel vida çıxışını etdi

29 Aprel 2016 13:48
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu çıxışı 20-ci əsrin canlı əfsanələrindən birinin vida Manifesti də saymaq olar. Fidel bundan sonra da "Qranma" qəzeti üçün məqalə yazacaq, kimlərisə qəbul edəcək, müsahibə də verəcək, yəqin ki. Ancaq bu cür kütlə qarşısında öz kredosunu paylaşacağını, proqramını açıqlayacağını gözləmək ehtimalımız çox cüzidir. Zaman öz sözünü deyir.

Yer - Havana. Tarix - 19 aprel. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Kuba kommunistlərinin 8-ci qurultayında qonaq qismində Fidel də var. 90 yaşlı Komandante 900 nümayəndənin qarşısında sanki həyatının yekunları ilə bölüşür.

Nə vaxtsa, uzaqdan-uzaq 1953-ci ildə gənc hüquqşünas hakimiyyəti zəbt etmiş diktator Batistaya məşhur məktubunu yazanda (və onu Konstitusiyanı pozmaqda ittiham edərək, diktatora qarşı mübarizənin də antikonstitusion yolla aparılmasının məntiqiliyini əsaslandıranda), o məktubu Fidelin ilk proqramı saymaq olardı. Monkadadakı məğlubiyyətdən sonra məhkəmə qarşısına çıxarılan dustaq Fidelin "Tarix mənə bəraət verəcək" adı ilə məşhurlaşan müdafiə nitqini onun ən rezonanslı Manifesti adlandırmaq olar. Və budur, onilliklər ötüb keçdi, Fidel də qocaldı, artıq 6 ildir o, Kubada heç bir vəzifəni tutmur, İnqilabın Simvoludur - son Manifestini açıqlayır. Yaş keçib, sözlərdəki enerji qalıb.

O özü də sonun fərqindədir. "Ola bilsin ki, bu, mənim bu zalda sonuncu çıxışımdır" deyir. Avqustda onun 90 yaşı tamam olacaq. Yuvarlaqlaşmaq zamanıdır.

Bu qədər uzun yaşamaq üçün heç bir səy göstərmədiyini söyləyir: "Bu, taleyin kaprizidir. Tezliklə mən də özümə qədər olanlara qarışacam. Hamının öz növbəsi var, ancaq Kuba kommunistlərinin ideyaları qalacaq. Bu ideyalar sübut olacaq ki, əgər enerji və qürurla çalışsaq, bizim planetimizdə insanların ehtiyac hiss etdikləri maddi və mənəvi nemətləri yaratmaq mümkündür".

Əvvəllər öz uzun və enerjili nitqləri ilə seçilən (bir dəfə 4 saatdan çox dayanmadan nitq söyləyib) Fidel vida çıxışında çox lakonikdir. O, çıxışına bu sözlərlə başlayır: "İstənilən xalqa böhran dövrlərində rəhbərlik etmək olduqca ağır vəzifədir". O isə 50 ildir blokadada olan bir ölkəyə başçılıq edib.

Sonra Fidel birbaşa siyasi baxışlarının növbəti dəfə təqdimatına keçir. O sual verir: "Niyə mən sosialist oldum? Daha doğrusu, niyə mən kommunist oldum?" Fidel bu kommunist kəlməsini indiyədək tarixdə ən çox təhrifə məruz qalmış və böhtanlara tuş gəlmiş kəlmə sayır. Kimin tərəfindən? Cavab aydındır: "Əmək, istedad və enerjiləri ilə qazandıqlarını itirən yoxsulları istismar etmək kimi imtiyaza malik olmuş şəxslər tərəfindən".

Fidel gəncliyinə ekskurs edir: "Tələbə olarkən, hüquq və iqtisadiyyatı öyrənərkən mənim müəllimim yox idi. Vur-tut 20 yaşım vardı, idmanla məşğul olurdum, dağa dırmanmağı xoşlayırdım. Mənə marksizmi-leninizmi öyrənməkdə yol göstərəcək müəllimsiz olsa-olsa nəzəriyyəçi kimi qalacaqdım. Və yalnız SSRİ-nin təcrübəsinə arxayın idim. Leninin o yaradıcılığına arxayındım ki, İnqilabın qələbəsindən 70 il sonra ayaqlar altına salındı. Siz bir tarixin dərslərinə baxın! Elə etməliyik ki, rus İnqilabına bənzər yeni hadisəni daha 70 il gözləmək lazım gəlməsin. Müstəmləkəçiliyə və onun ayrılmaz müttəfiqi olan imperializmə qarşı mübarizədə nəhəng addım sayıla biləcək daha bir böyük sosial inqilab tez baş versin".

Bu nikbinliyi ilə Fidel sanki Monkadadan əvvəlki gənc, maksimalist inqilabçıdır. Üstündən 60 il keçəndən sonra da o, ideyalarında bir addım da geri çəkilməyib, yaxud revizionizmlə məşğul deyil.

Onu dünyanın sonuna çıxmaq gücündə olan yeni, müasir təhlükələr narahat edir. Bu ifrat silahlanma da ola bilər, iqlim problemləri də, içməli suyun və təbii sərvətlərin məhdudluğu da. Və sadalanan problemlərin hamısının baiskarı kimi də Fidel ənənəvi düşmənini - kapitalizmi və onun istehsal üsullarını görür.

Çıxışını nikbin bitirən Komandante yeni mübarizələrə səsləyir: "Biz yürüşə çıxmalı, təkmilləşməyə ehtiyacı olanları təkmilləşdirməli, fədakar inamımızı saxlamalı və vahid qüvvə olmalıyıq. Marti kimi, Maseo kimi, Qomes kimi. Və bizim yürüşümüz qarşısıalınmaz olacaq".

Bu cümləsində Fidel İnqilaba qədərki Kubanın üç məşhur vətənpərvərinin adını çəkir. Artıq indidən həmin panteonda onun adı da həkk oluna bilər.

Və vida Manifesti ilə Fidel bir daha skeptiklərə də, opponetlərə də ismarıcını çatdırır - "Kuba sosializmdən əl çəkir" deyənləri bu çıxışla tanış edin"...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.