Dünya

Azərbaycan Avropaya dar günündə dayaq olacaq

1 Mart 2016 23:12
0 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın qaza olan ehtiyacının artdığı, qaz hasilatının azaldığı vaxtda çətinliklə üzləşəcəyi dar günlərdə onun dayağı məhz Azərbaycan və onun liderlik etdiyi Cənubi Qaz Dəhlizi olacaq.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma şöbəsinin müdiri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilmiş II iclasını dəyərləndirərkən yekun bəyannaməyə baxsaq, görərik ki, ilk növbədə, Avropa bazarının Azərbaycanın enerji daşıyıclarının etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məsələsi ortaya gətirilir və ən vacib məqam enerjinin istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasındakı uzunmüddətli strateji münasibətlərin bundan sonra da indiki şəkildə davam etməsini təmin etmək qarşıya qoyulur. Bu isə çox vacib məqamdır:  

"Cənubi Qaz Dəhlizi 45 milyard dollarlıq bir layihə olub, hazırda dünyanın ən böyük enerji layihələri sırasında ilk beşliyə daxildir. Bu layihə 7 ölkəni və onlarla şirkəti əhatə edir. Yəni kifayət qədər genişmiqyaslı layihədir. Təbii ki, fərqli geosiyasi və geoiqtisadi məkanlarda yerləşən istehsalçılar, tranzit və istehlakçı ölkələr fərqli maraqlara, fərqli çağırışlara, fərqli qanunvericiliklərə malikdirlər. Bu baxımdan, bəyannamə istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafını önə çəkir".

Şöbə müdirinin fikrincə, yekun bəyannamədə qeyd edilən mühüm məsələlərdən biri Balkanlarla bağlıdır: "Bilirsiz ki, Rusiyanın "Cənub Axını" layihəsi arxa plana keçəndən sonra Balkanların enerji təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Başda Bolqarıstan olmaq şərtilə Balkan ölkələrinin enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqından gözləntiləri mümkün qədər artıb. Yekun bəyannamədə isə göstərilir ki, Cənubi Qaz Dəhlizinin Balkanlara doğru genişləndirilməsi məqsədə müvafiqdir. Sənəddə xüsusilə də Cənubi Qaz Dəhlizinin interkonnektorları vasitəsilə digər bazarlara çıxışının təmin edilməsi öz əksini tapıb. Bunlardan biri Yunanıstan və Bolqarıstan interkonnektorunun çəkilməsidir. Bu, gələcəkdə təbii qazın Bolqarıstana ixracına imkan verəcək. Bolqarıstanla Azərbaycan arasında 3 il bundan əvvəl 1 milyard kubmetr qazın bu ölkəyə nəqli ilə bağlı razılaşma əldə olunmuşdu. Bu interkonnektor isə Bolqarıstana ən azı deyilən həcmdə qazın nəqlinə imkan yaradacaq.

Balkanlar üçün digər mühüm məqam bəyannamədə İon-Adriatik Qaz Kəməri layihəsinin nəzərdə tutulmasıdır ki, bu da həmin region üçün şaxələndirməni həyata keçirəcək".

V.Qasımlı hesab edir ki, vacib məqamlardan digəri Cənubi Qaz Dəhlizi çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün milli və Avropa maliyyə institutlarının əməkdaşlığının qeyd olunmasıdır: "Çünki dünya bazarında neftin qiymətinin düşməsindən sonra qazın qiyməti də düşüb. Məsələn, 2-3 il bundan əvvələdək Avropa bazarında təbii qazın hər 1000 kubmetri təxminən 500 dollar idisə, indi söhbət 300 dollardan gedir. Üstəlik, boru kəməri vasitəsilə qazın nəqli ilə yanaşı, maye və sıxılmış qazın da Avropa bazarlarına çıxarılması söhbət mövzusudur. Belə bir çətin şəraitdə Cənubi Qaz Dəhlizi kimi böyük bir layihə həyata keçirilirsə və bu 45 milyard dollarlıq məbləği əhatə edirsə, əlbəttə, bu məsələdə maraqlı olan istehlakçı dövlətlərin də, o cümlədən Avropa dövlətlərinin, Avropa və dünya maliyyə institutlarının iştirakı çox vacibdir. Təsadüfi deyil ki, Cənubi Qaz Dəhlizinin Məşvərət Şurasında Dünya Bankının, Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də digər maliyyə institularının nümayəndələri də iştirak edirdi. Bu, onu göstərir ki, enerji tərəfdaşlığının inkişafi üçün enerji birliyinin baza strategiyasına uyğun olaraq siyasət həyata keçiriləcək və maliyyə institutları da bu layihənin maliyyələşməsində iştirak edəcəklər".

İqtisadçı bildirib ki, Azərbaycan Cənubi Qaz Dəhlizinin reallaşmasında ən mötəbər və lider ölkə kimi iştirak edir. Çünki Azərbaycan bu layihəyə bir ölkə prizmasından deyil, regional layihə rakursundan yanaşır. Ona görə də Azərbaycanın mövqeyi təqdirəlayiqdir.

SAM-ın şöbə müdiri Cənubi Qaz Dəhlizinin indiki məqamda Avropa üçün əhəmiyyətinə də toxunub: "İndiyədək Avropa bazarı qaz məsələsində daha çox Rusiya, Norveç və Əlcəzairdən asılı idi. Norveçin Şimal dənizində qaz hasilatının həcmi getdikcə azalır. Təkcə Norveçin deyil, ümumiyyətlə, Şimal danizində hasilatın səviyyəsinin azalması Avropanın bu istiqamətdən təbii qaz və karbohidrogen ehtiyatlarının idxalı imkanlarını məhdudlaşdırır. Rusiya ilə məsələ aydındır. Rusiya-Qərb qarşıdurması fonunda, xüsusilə də Ukraynanın tranzit ölkə olaraq problemlərlə üzləşməsi gətirib ona çıxarır ki, Avropa İttifaqı Rusiyadan asılılığını azaltmaq istəyir. Digər tərəfdən isə, Şimali Afrikadakı siyasi qeyri-sabitlik bu regionu Avropa üçün etibarlı, davamlı mənbə etmir. Bunları nəzərə alsaq, Avropanın qaz bazarında yeni oyunçuların meydana çıxacağını demək olar. Bunlar "ən yaxşı yeni yaddan çıxmış köhnədir" ifadəsi ilə desək, bəlkə də köhnə oyunçulardır və indiki halda, sadəcə, yenidən Avropa bazarına qayıdırlar. Bunlardan biri ABŞ-dır. Bu ölkə şist texnologiyaları sayəsində yüksək neft-qaz hasilatı həcminə çatıb və neft və qazın ixracatına embarqonu aradan götürüb. Digəri postsanksiya dövrünə qədəm qoymuş İrandır. Üçüncü istiqamət isə Azərbaycanın rəhbərlik etdiyi Xəzər hövzəsinin qaz ehtiyatlarıdır".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.