Dünya

Türkiyə və Səudiyyə Ərəbistanı müharibəyə girməyəcək

7 Fevral 2016 14:57
1 Şərh     Baxış: 2 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya qoşun yeritməsi və müharibəyə qoşularaq genişmiqyaslı hərbi əməliyyatlara başlaması inandırıcı deyil.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov Suriya ətrafında cərəyan edən hadisələri şərh edərkən deyib.


Ekspertin sözlərinə görə, Türkiyə və Səudiyyə Ərəbistanın guya Suriyaya qoşun yeritməsinə dair səslənən bəyanatlar daha çox hədə-qorxu xarakterli siyasi ismarıclardır:

"Suriyada Rusiyanın hərbi hava bazası yaradılandan sonra Suriya ordusu əks hücuma keçərək uğurlu əməliyyatlar sayəsində bəzi bölgələri öz nəzarəti altına qaytara bilib. Bura həm Türkiyə ilə sərhəddə şimaldakı ərazilər, həm də paytaxt Dəməşq ətrafındakı və İordaniya sərhədinə qədər olan anklavlar daxildir. İndi Suriya ordusu Derzor ətrafındakı əraziləri və Hələb şəhərini mühasirəyə alıb. Belə vəziyyətdə Səudiyyə Ərəbistanı və Türkiyənin hərbi qüvvələrinin guya Suriyaya yeridilməsinə dair fikirlərin səslənməsi daha çox siyasi mesaj xarakteri daşıyır. Bunlar Suriya hökumətinə bu addımları atmaması üçün siyasi təzyiq yoludur ki, oradakı Türkiyə və Səudiyyənin dəstəklədiyi qruplar tam məhv edilməsin".

Politoloq Türkiyə və Səudiyyə Ərəbistanının Suriyadakı müharibəyə birbaşa qoşulması ehtimalının az olmasının digər səbəblərini də açıqlayıb:

"Səudiyyə Ərəbistanı Suriyaya quru qoşunları yeridib bu müharibəyə birbaşa qoşulmayacaq. Çünki Səudiyyənin artıq bir ildən çoxdur ki, Yəmənə müdaxilə edərək girişdiyi müharibədə ciddi hərbi problemləri var. Bu vəziyyətdə ordunun Suriyaya göndərilməsi qeyri-mümkündür. Ola bilər ki, bu, Ər-Riyadda yeni yaradılan İslam dövlətlərinin hərbi koalisiyasının ordusunun ora göndərilməsinə bir mesajdır. Lakin bu məsələ də o qədər real görünmür, çünki Suriyada Rusiya ordusu var və heç bir ərəb dövləti ruslarla baş-başa gəlmək istəməyəcək.

Türkiyənin də genişmiqyaslı müharibəyə başlayaraq Suriya hökumətinə qarşı hərbi əməliyyatlar aparması ehtimalı çox azdır. Lakin Türkiyə antiterror əməliyyatları adı altında aparılan əməliyyatlar çərçivəsində həm Suriya ərazisinə, həm İraq ərazisinə hərbi qüvvələr yeridə bilər. Hətta bəzən bunu ara-sıra edir də. Buna misal kimi bir müddət əvvəl Türkiyənin 300-400 nəfərlik hərbi birləşmələrinin İraqda aparılan və bu dövlətin hökuməti tərəfindən sərt təpki ilə qarşılanan əməliyyatlarını göstərmək olar. Amma Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını güman etmirəm. Çünki Türkiyə NATO üzvüdür və bu təşkilatın xəbəri olmadan hər hansı müharibəyə girməz".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslarından da əldə etmək mümkündür: 
http://bakunetwork.com
https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg

İlkin İzzət

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.