Dünya

İran Avropanı fəth edir

6 Fevral 2016 19:40
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər dünyanın siyasi dairələrində ən çox müzakirə edilən məsələlərdən biri İran Prezidenti Həsən Ruhaninin Avropa turnesidir. Onun İtaliya və Fransaya səfərləri əlamətdar razılaşmalarla yadda qalıb. Bu, İranın beynəlxalq təcriddən xilas olması yolunda növbəti irəliləyiş sayıla bilər.

Əlaqələr və müqavilələr

Həsən Ruhaninin Avropa turnesi Tehranın beynəlxalq sanksiyalardan azad olmasından sonra, Qərblə əməkdaşlığın bərpası məqsədi daşıyırdı. Xatırladaq ki, ötən ayın ortalarında ABŞ və Avropa İttifaqı MAQATE-nin məruzəsinə əsaslanaraq, islam respublikasına tətbiq edilmiş iqtisadi sanksiyaları aradan qaldırıb. MAQATE-nin hesabatında Tehranın beynəlxalq "altılıq" ilə tarixi razılaşmanın şərtlərinə əməl etdiyi bildirilirdi. Sanksiyalardan neftin kəskin ucuzlaşması dövründə xilas olmuş İran iqtisadiyyatının bərpasına ildə 50 milyard dollaradək xarici investisiya cəlb etməyi düşünür.
Ruhaninin Avropa turnesindən əvvəl Çin sədri Si Cinpinin İrana etdiyi səfəri bu istiqamətdə atılmış əlamətdar addım saymaq olar. Cinpinin Tehrana səfəri çərçivəsində tərəflər müxtəlif sahələrdə 17 sazişə imza atıblar. Bundan başqa, İranla Çin yaxın 10 ildə qarşılıqlı ticarət dövriyyəsinin 600 milyard dollaradək artırılmasına dair razılığa gəliblər.
Lakin Avropa Tehran üçün xüsusi maraq doğurur. Sanksiyaların tətbiqinədək Aİ İranın ən böyük ticarət tərəfdaşı olub. Ruhaninin İtaliya və Fransaya səfəri də yalnız tərəflər arasında iqtisadi əməkdaşlığı bərpa etmək yox, həm də siyasi dialoqun inkişafı məqsədi daşıyırdı. Qeyd edək ki, səfər zamanı Ruhanini əsasən iri biznes təmsilçiləri olmaqla, 120 nəfər müşayiət edib.
Ruhani turneyə İtaliyadan başlayıb. Qeyd edək ki, anti-İran sanksiyalarının tətbiqinədək Roma Tehranın əsas tərəfdaşlarından olub. Onların arasında ticarət dövriyyəsi 7,6 milyard dollara çatırdı. Sanksiyaların tətbiqindən sonra isə bu, 1,5 milyard dollaradək azalmışdı. İndi tərəflər arasında 17 milyard avroluq razılaşmanın imzalanması onların itirilmiş əməkdaşlığın, heç olmasa, yarısını bərpa etmək niyyətini göstərir. İranla İtaliya arasında imzalanmış sənədlərin ən önəmlisi yəqin ki, İtaliyanın Saipem neft şirkəti ilə İranın "National Gas Company və Persian Oil & Gas Company" şirkətləri arasında imzalanmış müqavilədir. O, 1,8 min kilometr uzunluğunda qaz kəmərinin tikintisini (detalları açıqlanmır) nəzərdə tutur. İtaliyanın "Danieli" metallurgiya şirkətinin İranla birlikdə "Persian Metallic" müəssisəsini yaratmasına dair razılaşma da önəmli hadisədir. O, İrana maşın və avadanlıqlar tədarük edəcək. Bundan başqa, İtaliyanın Dövlət Dəmir Yolu İdarəsi İranın dəmir yolunun inkişafında əsas tərəfdaşa çevrilib.
İran prezidentinin Fransa səfərinin iqtisadi nəticələri də kifayət qədər dolğundur. Ruhaninin Paris səfəri zamanı tərəflər 15 milyard avro dəyərində 20 müqavilə imzalayıblar. İran Prezidenti Fransanın Sənayeçilər və Sahibkarlar Birliyi olan "Medef" təmsilçilərilə görüşdə ölkəsinin "Parislə Tehran arasında münasibətləri yeni səhifədən başlamağa hazır olduğunu" bəyan edib. Bu, heç də təəcüblü deyil. Bundan bir qədər sonra Fransanın dövlət başçısı Fransua Olland Yelisey sarayında təşkil olunmuş birgə mətbuat konfransında iki ölkənin münasibətində yeni səhifənin artıq başlandığını bildirib.
İki liderin bəyanatlarının nə qədər əsaslı olduğunu görmək üçün tərəflər arasında imzalanmış bəzi sənədlərə diqqət yetirmək kifayətdir; məsələn, "PSA Peugeot Citroen" avtomobil konserni ilə İranın "Khodro" avtomobil istehsalçısı arasında birgə müəssisənin yaradılmasına dair müqavilə bağlanıb. Bundan başqa, İranın IRAN Air şirkətinin 118 ədəd "Airbus" sərnişin təyyarəsi almasına dair razılaşma da imzalanıb. Bu da son deyil. Fransanın "Vinci" şirkəti Məşhəd və İsfahanda yeni aeroport terminallarının tikintisi və istismarına dair razılaşmaya imza atıbsa, "Bouygues" və "Aeroports de Paris" şirkətləri Tehranın İmam Xomeyni adına beynəlxalq aeroportunda yeni terminalın inkişafı layihəsilə bağlı müqavilə imzalayıb.
Parislə Tehran dəmir yolu sektorunda Fransa və İran dəmir yolu vağzalları arasında əlaqəni nəzərdə tutan əməkdaşlıq, həmçinin stansiyaların istismarı sahəsində əməkdaşlıq haqqında da razılığa gəliblər.
Digər razılaşmalar arasında dəniz daşımaları sahəsində anlaşma da var. Fransanın "Total" neft şirkəti ilə İranın NIOC şirkəti arasında müqaviləni xüsusi qeyd etmək lazımdır. Razılaşmaya əsasaən, "Total" İrandan gündəlik 150-200 min barel "qara qızıl" alacaq.
Beləliklə, Paris Tehranın prioritet tərəfdaşa çevrilməsi istiqamətində ciddi addım atıb. Bununla yanaşı, Ruhaninin Avropa turnesi böyük ehtimalla İranın Qərblə əməkdaşlıq perspektivinin yalnız başlanğıcıdır. Bu əməkdaşlıq İranın sanksiyalardan xilas olması fonunda yalnız iqtisadi əlaqələrin fəallaşdığını deyil, həm də avratlantizmin Yaxın Şərq problemlərinin həllində əsas regional oyunçulardan olan Tehranın imkanlarından istifadə etməklə, öz siyasi resurslarını genişləndirdiyini göstərir. Ruhaninin Avropa turnesi çərçivəsində islam respublikası prezidentinin Vatikana sözün əsl mənasında tarixi səfərinin nəticələri də bunun göstəricisidir.
 
Təhlükəsizlik prizmasından

İranın dövlət başçısı Həsən Ruhaninin Roma Papası Fransisk ilə görüşündə beynəlxalq təhlükəsizlik problemlərindən danışılıb. İtaliya KİV-in məlumatına görə, katolik baş keşişi islam dövlətinin prezidentini regionun digər dövlətlərilə birlikdə Yaxın Şərqdə aid problemilərin "adekvat siyasi həllinə" yardım göstərməyə çağırıb. Roma Papasının Həsən Ruhiniyə rəmzi mükafatı da diqqətəlayiqdir. Söhbət üzərində öz plaşını üşüyən yoxsula verən müqəddəs Martinin şəkli olan medaldan gedir. Ruhani isə öz növbəsində pontifikə İranın Qum şəhərində hazırlanmış və əl işi olan xalça hədiyyə edib.
Roma Papası Fransisk bildirib ki, Vatikan Qərbin ən nüfuzlu dini mərkəzi olaraq, İranın Suriya və İran münaqişələrinin həllində rolunu artırmasında maraqlıdır. Söhbət, ilk növbədə, "İslam Dövləti" ilə mübarizədən gedir. Bunu Papa ilə yanaşı, İtaliyanın baş naziri Matteo Rensi də dilə gətirib. O, İran liderinin Avropaya səfərinin "Yaxın Şərqdə sabitliyin bərqərar olunmasında fundamental rol oynaya biləcəyini" söyləyib. Yeri gəlmişkən, Fransa Prezidenti Fransua Olland da diqqəti regiondakı siyasi problemlərin həlli, Suriyada hakimiyyəin ötürülməsi üçün terrorçülüqla mübarizənin vacibliyinə yönəldib.
Həsən Ruhani isə öz növbəsində "İD"nin yalnız Avropa üçün deyil, həm də Yaxın Şərq üçün təhlükə olduğunu bildirib. O, terrorçuluqla mübarizədə qələbə üçün Yaxın Şərq ölkələrinin iqtisadiyyatının inkişafına stimul yaradılmasının vacibliyini vurğulayıb və bu, əsas diqqətçəkən məqamlardan biridir.
"Əgər biz dünyada terrorçuluğa sinə gərmək istəyiriksə, bunun yollarından biri iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafıdır", - deyə Ruhani qeyd edib: "İnkişafın olmaması terrorçuluğa təkan verir, işsizlik terrorçular üçün əsgər yetişdirir".
Bununla yanaşı, İran Prezidentinin İtaliya və Fransa səfərinin nəticələrinə əsasən İran-Qərb münasibətlərində bir idilliyanın başladığını söyləmək də olmaz. Aydındır ki, Qərb Tehranla iqtisadi əməkdaşlıqdan götürəcəyi faydaları anlamaqla yanaşı, İranın Yaxın Şərq siyasətindəki rolunu da nəzərə alır. O, İranın regional proseslərə həddindən artıq təsir göstərməsindən hələ də narahatdır. Tehranın fəallığını artırması Qərbin avanqardı olan Birləşmiş Ştatları da narahat edir. Vaşinqtonun Ruhaninin Avropa səfəri ərəfəsində İran şirkətlərinə və bir sıra fiziki şəxsə qarşı yeni sanksiyalar tətbiq etməsi də təsadüf deyil. ABŞ bunu İranın ballistik raket sınağına cavab olaraq edib. Vaşinqton bununla avropalı müttəfiqlərinə sanki İranla dialoqda səliqəli davranmalı olduqlarını göstərir. Bunu daha bir məqamla əlaqələndirmək olar: amerikalılar anlayır ki, Tehrana tətbiq edilmiş iqtisadi sanksiyaların ləğvi ilə Qərbin İrana təzyiq üçün ciddi rçaqı demək olar ki, qalmır.
İran isə ABŞ da daxil olmaqla, Qərblə iqtisadi və siyasi dialoqun qaydaya salınmasına, genişləndirilməsinə marağını gizlətmir. Ruhaninin Avropa turnesi zamanı ABŞ-la bağlı səsləndirdiyi bəyanat da bunu təsdiqləyir. Onun fikrincə, Vaşinqton və Tehran dost ola bilər, iranlılar isə "ölkəyə Amerika investisiyalarının axınına şad olar". Amma o, "ABŞ-ın İranın yardımı olmadan Yaxın Şərqdəki heç bir problemi çözə bilməyəcəyini" də söyləyib.
Beləliklə, İrana tətbiq edilmiş sanksiyaların ləğvi Qərblə Tehranın qarşısında geniş əməkdaşlıq qurmaq imkanı yaradıb. Bunun İranı Avropa və ABŞ-la nə dərəcədə yaxınlaşdıracağı, Yaxın Şərqdəki və ümumilikdəki dünyada ümumi duruma necə təsir göstərəcəyi müasir geosiyasətin əsas intriqalarından biridir.
"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.