Dünya

Separatçılar separatçılara qarşı

6 Fevral 2016 22:10
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balkan yarımadasındakı vəziyyət yenidən dünyanın siyasi dairələrinin diqqət mərkəzindədir. Bu, xüsusilə Serbiyadan ayrılmasını Qərbin aparıcı dövlətlərinin tanıdığı Kosovo Respublikasına aiddir. Son aylarda orada yalnız serblərlə kosovalıların maraqları üçün deyil, bütünlükdə, regional təhlükəsizlik baxımdan əhəmiyyət daşıyan gərginlik artmaqdadır.
Bu günlərdə Kosovo paytaxtı Priştinada polislə etiraz aksiyası iştirakçıları arasında toqquşma olub. Qeyd edək ki, nümayişlərə səbəb Kosovo rəhbərliyinin Serbiya ilə münasibətlər qurmağa çalışmasıdır. Toqquşmalarda onlarca insan yaralanıb, hüquq-mühafizə orqanları 30-dan artıq aksiyaçını saxlayıb. Nümayişçilərin Kosovo Parlamentinin binasını yandırdığına, hökumət binasına "Molotov" kokteylləri atdıqlarına dair məlumatlar var.
Etiraz aksiyası 3 müxalifət partiyası - "Müqəddəratı təyinetmə", "Kosovonun gələcəyi uğrunda alyans" və "Kosovo uğrunda təşəbbüs" tərəfindən təşkil olunub. Onlar serb azlığa geniş səlahiyyətlərin verilməsi ehtimalı üzündən küçələrə çıxıblar. Qeyd edək ki, bu perspektiv ötən ilin avqustunda Belqradla Priştina arasında əldə olunmuş razılaşmada əksini tapıb. Sənəd Kosovonun şimalında Serb Bələdiyyələri Birliyinin (SBB) yaradılmasını nəzərdə tutur. Avropa İttifaqının və şəxsən qurumun xarici siyasət idarəsinin rəhbəri Federika Moqerininin vasitəçiliyi ilə hazırlanmış sənəddə bildirilir ki, SBB de-yure Kosovonun bir hissəsi olaraq qalsa da, de-fakto Serbiya tərəfindən idarə olunacaq və maliyyələşdiriləcək. Bu qərar Kosovoda geniş narazılığa səbəb olub. Ötən ilin noyabrında etirazlar daha da qızışıb. Müxalifət sənədin imzalanmasını əngəlləmək üçün əlindən gələni edir. Onlar hesab edirlər ki, sözügedən birliyin yaradılması Kosovonun tərkibində Serb Respublikasının olduğu Bosniya və Herseqovina formasında konfederasiyaya çevrilməsinə aparıb çıxaracaq.
Hazırda onlarca müxalifətçi həbsdədir. Onların arasında "Müqəddəratı təyinetmə" partiyasının lideri Albin Kurti və "Kosovonun gələcəyi uğrunda alyans"ın parlament qrupunun rəhbəri Doniku Kaday-Buyupi də var.
Bununla yanaşı, Kosovo əvvəllər Serbiyanın tərkibində olmuş keçmiş muxtar vilayətin serblər yaşayan ərazisinə faktiki olaraq nəzarət etmir. Hazırda serblərin yaşadığı bu ərazi xüsusi statusa iddialıdır. Bu isə əslində, nadir vəziyyət yaradır: separatçılar separatçılara qarşı. Kosovonun serb əhalinin yaşadığı hissəsi Şimali Kosovo adlanır. Lakin orada tanınmamış respublikanın hakimiyyət orqanları yoxdur. Priştinanın nəzarətində olan güc strukturlarının da əli oraya çatmır. Kosovo hökuməti son illərdə Şimali Kosovo ilə Serbiya arasında sərhədə nəzarəti ələ keçirmək üçün dəfələrlə cəhd ediblər. Lakin bu cəhdlərin heç biri nəticə verməyib. Çünki kosovoluların bu cəhdlərinə həm serb əhali müqavimət göstərir, həm də Priştina ilə Belqrad arasında qarşıdurmanın bərpasında maraqlı olmayan Avropa İttifaqı.
İndi isə regionda yeni qarşıdurmaya yol aça biləcək hadisələr yaşanır. Priştinadakı çaxnaşma İsa Mustafa hökumətinin istefası ilə bağlı tələblərlə müşayiət olunur. Odur ki, Kosovoda siyasi böhranın başlanacağı istisna olunmur. Yazda keçirilməsi nəzərdə tutulmuş parlament seçkisi ərəfəsində baş nazirin müavini Haşim Taçinin başçılıq etdiyi Kosovo Demokratik Partiyasının radikal-millətçi qanadı güclənməkdədir. Bununla yanaşı, müxalifətçi "Kosovonun gələcəyi uğrunda alyans" partiyası da mövqelərini gücləndirir. Qeyd edək ki, partiyaya vaxtilə səhra komandiri olmuş, Kosovo albanları arasında etirazçı hərəkatın liderinə çevrilmiş Ramuş Xaradinay rəhbərlik edir.
Kosovoda yaşananlara, Priştina-Belqrad münasibətlərinə bunlardan daha ciddi təsir göstərən isə Aİ-nin siyasətidir. Brüssel Balkanlarda mövqelərini tam möhkəmlətmək üçün artıq yalnız kosovolulara arxalanmır. İndi o, Serbiyanı da Avro-Atlantik məkanın orbitinə cəlb etmək üçün var qüvvəsini ortaya qoyub. Belqradın maraqlarına cavab verən prosesə - faktiki olaraq, Kosovo serblərinə suverenliyin verilməsi prosesinə başlanılması da bununla bağlıdır. Bu səbəbdən, Kosovo albanlarının etirazları Avropa strukturları tərəfindən Priştinanın gözlədiyi dərəcədə anlayışla qarşılanmır. Yeri gəlmişkən, bəzi ekspertlər hesab edir ki, İsa Mustafa hökuməti Belqradla SBB-nin yaradılmasına dair razılaşmanı həyata keçirmək istəmir və sadəcə, onu reallaşdırmağa çalışdığına dair görüntü yaradır. Əslində, hökumət sənədin Kosovo Parlamentində ratifikasiya olunması üçün lazımi səyləri göstərmir.
İstənilən halda, Priştina bundan sonra da Brüsselin təzyiqləri ilə üzləşəcək. Aydındır ki, o, Aİ-nin gözündə əsas missiyasını yerinə yetirib - Qərb mərkəzlərinə heç də hər zaman "Baş üstə" deməyən Serbiyanın ərazi bütövlüyü pozulub. İndi Kosovoya təzyiq alətləri arasında Brüsselin sevimli demokratik islahatlar mövzusu da var. Ötən ilin oktyabrında Aİ Kosovo ilə assosiativ sazişə imza atıb. Sənəd keçmiş Serbiya muxtariyyətinin liberallaşmasını, əvəzində, onun Brüssellə siyasi və iqtisadi əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur. Yeri gəlmişkən, Kosovonun müstəqilliyinin tanınmasından sonra, Aİ-nin onu tələm-tələsik öz sıralarına qatacağını gözləyən bir çox kosovolu siyasətçi (Haşi Taçi də daxil olmaqla) indi Brüsselin siyasətinə etiraz edir, onu viza rejimini sadələşdirməyə tələsməməkdə günahlandırır.
Bununla yanaşı, Kosovoda baş verənlərə ümum-Balkan kontekstində də baxılmalıdır. Bu bölgə ötən onillikdəki qədər olmasa da, yenə də Qərblə Rusiya arasında qarşıdurmanın yaşandığı regiondur. Moskva üçün Aİ-yə can atan Serbiya belə, Balkanlardakı nüfuzunu qoruyub-saxlamağın qarantı olaraq qalır. Rusiyanın Kosovonu müstəqil dövlət kimi tanımaqdan qəti şəkildə imtina etməsi bununla bağlıdır. Üstəlik, Moskva eyni səbəbdən Kosovonun serblərin yaşadığı hissəsinin suverenlik qazanmasına çalışır.
Çernoqoriyanın bu yaxınlarda NATO-ya dəvət almasına Rusiya-Qərb qarşıdurması kontekstində baxmaq lazımdır. Moskva bunu "açıq qarşıdurmaya getmək" kimi qiymətləndirib. Rusiyada hesab edirlər ki, Şimali Atlantika alyansının bu addımı "Avro-Atlantik təhlükəsizlik sisteminə sabitlik baxımından əlavə problemlər yaradacaq".
Serbiyanın NATO-ya dəvətinin Rusiya tərəfindən daha sərt tənqid olunacağı şübhə doğurmur. Qərbin bəzi dairələrinin Aİ-nin Kosovo daxilində SBB yaradılmasına dair razılaşmasına son dərəcə ehtiyatla yanaşmaları da təəccüblü deyil. Onların fikrincə, Rusiya Avropanın cənub-şərqində öz nüfuzunu qoruyub-saxlamaq üçün SBB-dən istifadə edə bilər.
İstənilən halda, yaxın perspektivdə regional geosiyasəti davam etməkdə olan Rusiya-Qərb qarşıdurması ilə bərabər, Kosovoda və SBB-nin yaradılması ətrafında gedən proseslər, həmçinin müsəlman Şərqindən olan miqrantların Balkan ölkələrinə axını ilə bağlı problem müəyyənləşdirəcək.
"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.