Dünya

Dirin işə yaramadı, heç olmasa ölün yarasın...

1 Mart 2015 20:26
0 Şərh     Baxış: 2 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az virtualaz.org-a istinadən Məmməd Süleymanovun yazısını təqdim edir.

Nikolay Karamzin 200 il əvvəl "Rus dövlətinin tarixi" əsərində yazırdı: "O vətəndaşa eyib ki, tiranın əvəzinə vətənindən qisas alır!"

90-cı illərdə Rusiyanı idarə etmiş liberal siyasi elitanın təknədən uzaqlaşdırıldıqdan sonra liberal müxalifətə keçmiş hissəsinin kredosunu Karamzinin yuxarıdakı sözləri ilə tam ifadə etmək olar.

Bugünkü Rusiyada liberal müxalifətdə olmaq ilk növbədə Rusiyaya qarşı müxalifətdə olmağın sinoniminə çevrilib. Və bu müxalifətin faydasız, ancaq tox mövcudluğunu təmin edən yeganə şərt kənardan olan sifarişdir. 

90-cı illərdə milyonlarla rusiyalı Nemtsov, Qaydar, Çubays kimi personajların Kreml yaxınlığında ya güllə, ya da kəndir almasını ehtirasla arzulayardı. Qaydar səssiz-səmirsiz qurtuldu. Çubays hələ də Putinin komandasındandır. O istək hansısa formada Nemtsova münasibətdə doğruldu.

Ancaq bu qətl nə ədalətin təntənəsidir, nə də günahların yuyulması. Liberalların pleyboyu, bonvivanı, katibələrinin boyfrendi, striptiz-klubların müştərisi öz zorakı ölümü ilə də Rusiyaya böyük ziyan vurdu. 

27 fevral qətlindən sonra Putinin repressiv aparatı daha da gücləndirəcəyi, liberal şoumenlərin aktivləşəcəyi, özlərinin "sakral qurbanlığ"ını almış bu yığnağın imkanlarının genişlənəcəyi, Rusiyanın Qərblə münasibətlərinin daha da sərtləşəcəyi, sanksiyaların ağırlaşacağı gözləniləndir. Havada isə hələ uzun müddət əzəli-əbədi sual dolaşmaqda davam edəcək: Qui prodest? ("Bu, kimə sərfəlidir?") 

***

Deyirlər ki, Nemtsov ideyasının qurbanıdır, onu ideoloji görüşlərinə - liberal olduğuna görə öldürdülər. Absurd. Bəs hakimiyyətdə olanlar kimlərdir - onlar da liberallar deyilmi?

Neoliberal reseptlərin poliqonuna çevrilmiş ölkəni bu gün idarə edənlərlə müqayisədə Nemtsov hansı fərqli iqtisadi-fəlsəfi-siyasi baxışların sahibidir?

90-ların klan iqtisadiyyatı və periferiya kapitalizmi ilə indikinin yalnız bircəcik prinsipial fərqi var: o vaxtkı klanlar Vaşinqtondan idarəçiliyə üstünlük verirdilər, öz ritorikalarında neoimperializmi və Xomskinin söylədiyi "müstəmləkə demokratiyası"nı Böyük Fransa İnqilabının üç məşhur müddəası ilə həyasızcasına ört-basdır edirdilər (baxmayaraq ki, Andersenin nağılındakı kimi, kralın lüt olduğu uşağa da bəlli idi). 

İndiki neoliberal hakimiyyət isə Vaşinqtonun nəzarətini və ağalığını qəbul etmir, onlarla şaquli yox, göz-gözə münasibət arzusundadır və periferiya kapitalizmi ölkəsini mərkəzi kapitalizm ölkələri sırasına çevirmək cəhdlərini davam etdirir. Və ən acınacaqlısı odur ki, bu iki konsepsiyanın toqquşmasında ikincisi - indiki neoliberal siyasət illüzor olaraq ədalətli və aşağıların xəyallarına uyğun görünür. 

Fantom, əlbəttə. Didişmənin kökündə ideoloji fərqlər yox, klanların Qərbə münasibətdəki fərqləri dayanır.

Və aydındır ki, liberal iqtidara qarşı özünü liberal müxalifət kimi təqdim edənlər daxildəki sosial bazadan məhrum olmaqla heç vaxt təkbaşına kütləvi hərəkata çevrilə bilməzlər. Ancaq liberalizm nə vaxt kütləvi ideologiya olub ki? Onun silahı maliyyə, təbliğat texnologiyaları və apatiyasını qoruyub saxlayan əksəriyyətin bir gün kütlə fenomenini gerçəkləşdirəcəyinə ümiddir.

Bu cəhətdən Nemtsovla indiki Rusiya iqtidarındakı personajlar arasında ideoloji fərqlər oxşarlıqlardan ölçüyəgəlməz dərəcədə azdır. 

Hakimiyyətdə təmsil olunduğu illərdə bədnam çeçen kampaniyasını dəstəkləyən Nemtsova ikinci çeçen kampaniyasının əleyhinə çıxaraq pasifist olması üçün vur-tut çörək təknəsindən uzaqlaşdırılması lazımmış. Ümumxalq sərvətinin özəlləşdirmə adı altında qarət olunması, milyonlarla insanın aclığı və acından ölümlər, təhsilin məhvi, sosial dövlətin ləğvi, pulsuz təbabətin deqradasiyası, total depressiya bataqlığı - 90-cı illərin bu fəlakətlərinin hamısında Nemtsov sadəcə kənar müşahidəçi yox, əsas skripkalardan biri olub.

Və bütün bu cinayətlərin toplusu yox, mində biri yetərlidir ki, o, heç bir bəraətə ümid bəsləmədən məhkəmə tərəfindən ən ağır cəzasını alsın.

Ancaq indiki reallıqlarda yalnız xırda cinayətkarları məhbəs gözləyir, irilərin siyasi indulgensiyası var.

Bütün bu ümumməlum faktların fonunda Nemtsovun qətlindən dərhal sonra ürəkbulandırıcı pafosla "Demokratiyanın atası", "Putinin yeganə alternativi", "Rusiyanın günəşi" kimi epitetlərlə bəzədilməsi absurdun şedevridir. Unudurlar ki, söhbət artıq 10 ildir "siyasi meyit" olan, reytinqi nəinki yerlə sürünən, hətta mənfini göstərən birisi barədə gedir.

İllər boyu Rusiya siyasi landşaftında Nemtsov adlı siyasətçi sadəcə "massovka"nın cılız statisti kimi qalmaqdaydı. Mətbuatın diqqətinə isə ya öz şəxsi həyatındakı qalmaqalları, ya da Putinin ünvanına isterik atmacaları ilə qalırdı. 

Son müsahibəsində o, "mənim üçün Savçenkonun həyatı Putinin həyatından qiymətlidir" deyir.

Unutmayın, söhbət öz cinayətlərini təkzib etməyən və əli Donetskdə çoxlu sayda dinc əhalinin qanına bulaşan ukraynalı qadından gedir.

Və öz nevrotik, təhqir dolu emosional atmacalarında Nemtsov yetkin, soyuqqanla siyasətçi kimi yox, dinlənilmədiyini görüb səsinin gur yerinə salan körpəyə bənzəyir. Onu eşitmirlər - çünki zəifdir, uduzub və əhəmiyyətsizləşib.

Və bu tip personajın məhz Putin tərəfindən öldürüldüyünü demək onu "sakral qurbanlığ"a çevirmək, məxsus olduğu "tusovka"nın əhəmiyyətini, çəkisini, maliyyə dayaqlarını artırmaqla bərabər həm də qanlı oyunun qaydalarından xəbər verir. 

Demşizanın koloritli personajlarından biri olmuş Valeriya Novodvorskaya ("baba Lera") bir etirafında Andropovun dövründə açıqda olan dissidentlərin üstündə hakimiyyətin necə əsdiyindən bəhs etmişdi: "Biz təsadüfən xarab olan liftdə qala bilməzdik - Qərb radioları bunu dərhal sui-qəsd adlandıracaqdı".

O vaxtın SSRİ-si ilə bu günün küncə sıxılmış Rusiyasının gücü də, özünəinamı da ölçüyəgəlməz dərəcədə fərqlidir və birincisinin xeyrinədir.

Nemtsovun qətlindən dərhal sonra Rusiya hakimiyyətinin necə dərin təşviş içində olduğunu görmək üçün telekanalları açmaq yetərlidir. Üstəlik də martın 1-ə müxalifətin mitinqi planlaşdırılıb.

Bu qətl ilk növbədə məhz onsuz da yüksəklikdən asılmış kəndirin üzəri ilə hərəkət edən Putinə gərək deyildi. Bu qətl bütün ölkənin gündəliyini dəyişir. Qərb siyasi texnoloqlarına təbliğat üçün əla fürsət verir, sanksiyaların gücləndirilməsinə aparır, ölkənin izolyasiyası güclənir və "Maydan" kabusu dirçəlir. Hamısı da ona görə ki, 2000-ci ildə Putini müdafiə etmiş, onun prezidentliyinin ilk illərində Putinin ünvanına bol-bol təriflərini əsirgəməmiş, ancaq artıq 10 ildir "siyasi meyit" olan birisinin qətlinə sifariş verəsən? İtki faydadan ölçüyəgəlməz dərəcədə böyükdür. 

Ancaq tarix başqa oxşar misallarla zəngindir. Məsələn, 1986-cı ilin Filippini. Müxalifətçi Beninyo Akinoya diktator Ferdinand Markos bir neçə illik mühacirətdən sonra ölkəyə dönməyə icazə verir. Akinonu Manila hava limanında güllələyirlər və ölkə qarışır.

Bu qətl məhz Markosa lazım deyildi, ancaq onun öz taleyi artıq həll olunmuşdu - ölkədə klan iqtisadiyyatı qurmuş Markos daha ABŞ-la bölüşmürdü.

İlk dəfə həmin vaxt yankilər "Xalq demokratiyası" ssenarisini tətbiq etdilər: əvvəlcə "xalqdan olan" birisini - Beninyo Akinonun evdar qadın olan həyat yoldaşı Korasanı siysətçi etdilər. Sonra seçkilər, ardınca iğtişaşlar, desert kimi isə Vaşinqtondan Markosa ultimatum. Xərçəng xəstəsi olan qoca diktator çıxıb getdi və tezliklə Havay adalarında öldü.

Filippində isə xalq üçün heç nə dəyişmədi - "Xalq demokratiyası" yeni klan idarəçiliyi ilə əvəzləndi (hazırda orada prezident Beninyo ilə Korasanın oğludur), bu dəfə yankilərə sərf edən formada. Bu ssenarinin əsas spesifikliyi ondadır ki, Beninyoya sui-qəsdi Markos yox, onun ətrafı etmişdi - yankilər siyasi elitanı bölə bilmişdilər. Sonrası isə "texnikanın işidir".

Nemtsovun qətli Rusiya siyasi elitasını parçalamağa artıq müvəffəq olduqlarının simptomu deyil ki? Ola bilər.

Ancaq sifarişçinin Taras Bulba kimi davrandığı da fantastik görünməsin: "Mən səni yaratmışam, mən də məhv edəcəm".

Sifarişçi düyməyə basır - siyasi lider peyda olur, ümidlər doğrulmayanda, yaxud ekstraordinar bir katarsis tələb olunanda isə "məhv" düyməsinə basılır: dirin işə yaramadı, heç olmasa ölün yarasın.

Və bu ssenariyə "Ola bilməz. Bəs humanizm?" deyənlərə isə son 10 ildə çeşidli coğrafiyalarda Qərbin apardığı manipulyasiyalara nəzər salmaq effektiv Şarko duşu ola bilər. 

***

"Qərbəki əclaflar bizdəki əclaflardan fərqlənmir, sadəcə Qərbdə onlar daha çoxdur" - Stalin düşərgələrində ömrünün 25 ilini itirmiş, ancaq stalinizmi marksizmdən ayıracaq gücünü sonadək hifz etmiş böyük yazıçı Varlam Şalamov öz qeydlərində yazır və əlavə edir: "Mən mühacirlərlə və onların xeyirxahları ilə əməkdaşlıq etmək istəmirəm, Qərbdə populyarlığı arzulamıram. İstəmirəm ki, əcnəbilər mənə davranışıma görə qiymət cədvəlində ball qoysunlar".

Həmin cədvəldə qiymət düşəndə şagird də məktəbdən qovula bilər.

Liberal ürəklərdə Klaasın külü hələ bir müddət döyünəcək...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.