Dünya

Türkiyə boğazlarının bağlanması, yoxsa qiyamət ssenarisi?

30 Noyabr 2015 07:34
3 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ölkəsinə aid "SU-24" qırıcı təyyarəsinin Türkiyənin "F-16" qırıcıları tərəfindən vurulmasını şərh edib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, Peskov yerli "Rossiya-1" kanalında aparıcının suallarına cavab verib. Hadisədən sonra Türkiyə ilə Rusiya münasibətlərinin bərpası mümkünsüz şəkildə zədələndiyini deyən Peskov, baş verənləri qorxunc təxribat adlandırıb. 

"Bu cür qorxunc, təxribatyönümlü hadisələr nə NATO-nun, nə Rusiyanın, nə də Türkiyənin mənfəətinədir." - deyə Peskov qeyd edib. 

Mətbuat xidmətinin rəhbəri həmçinin, əksər NATO müttəfiqi ölkələrin Türkiyə ilə həmrəylik göstərmədiyini vurğulayıb. 

Aparıcının, "Türkiyəyə aid təyyarə vurulacağı təqdirdə Türkiyə Qara dənizə çıxan boğazları bağlayarmı?" sualına Peskov, bunun "qiyamət ssenarisi" olduğunu deyib: "Siz qiyamət ssenarisi yazırsınız. Hazırda rəsmi Ankaranın atacağı addımları əvvəldən təxmin eləmək və başa düşmək çətindir. Amma gəlin qiyamət kimi ssenariləri müzakirə etməyək, bu barədə danışmayaq."

Sonda Dmitri Peskov bölgədə olan pilotların təhlükəsizliyinin hər cür təmin olunduğunu bildirib. 

"Bir şeyi qeyd etmək istəyirəm ki, hazırda Rusiya pilotlarının təhlükəsizliyi hər cür təmin olunub. Bölgədə lazımi havadan müdafiə sistemini qurmuşuq." 

Dünən Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə sanksiyalar tətbiq olunması barədə qərarından sonra Rusiyanın cənub dənizlərinə çıxışı olan Türkiyə boğazlarının bağlanması məsələsi gündəmə gəlmişdi. "Montre boğazlar konvensiyası"na görə Rusiyanın 2023-cü ilə qədər Bosfor və Dardanel boğazlarından istifadə hüququ olsa da, müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyə bu boğazlardan istədiyi kimi istifadə statusuna malikdir. 

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16" qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24" hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24"ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Hadisənin baş verməsindən sonra Türkiyə tərəfi hadisənin kordinatlarını göstərən xəritəni NATO-ya üzv olan ölkələrlə və bütün dünya ilə paylaşıb. Rəsmi Moskva "SU-24" təyyarəsinin Suriya ərazisində vurulduğunu idda edərək bu barədə dəlliləri olduğunu desə də bu barədə hələlik konkret heç bir şey göstərə bilməyib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.