Dünya

"Türkiyə ilə Rusiya bir-birinə möhtac ölkələrdir"

28 Noyabr 2015 13:05
16 Şərh     Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az qondarma "erməni soyqırımı" iddialarına qarşı mübarizəsi ilə tanınan İstanbul Universitetinin müəllimi, tarix elmləri doktoru Mehmet Perinçəkin APA-ya müsahibəsini təqdim edir.

- Ötən ay Moskvadakı arxivlərdə işlədiniz. Hansı yeni sənədləri aşkarladınız?

Bu gedişimdə kitab layihəsi üzərində də çalışdım. Bilirsiniz ki, "Dənizbank"ı Rusiya "Sberbank"ı alıb. Onun dəstəyi ilə çarlıq dönəmindən başlayaraq Türkiyə ilə Rusiya arasındakı münasibətləri analiz edən bir kitab yazdım. İki ölkənin müxtəlif sahələrdəki münasibətlərini ortaya qoyan bu kitaba sənədli filmin CD-sini də əlavə etmişəm. Sənədli filmdə indiyə qədər Türkiyə-Rusiya münasibətlərinə dair işıq üzü görməmiş kadrlar öz əksini tapıb. Suriya səmalarında Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra bu kitab daha da önəm qazandı. Münasibətlərin ciddi şəkildə yara aldığını görürük, amma əslində Türkiyə ilə Rusiya bir-birlərinə möhtac ölkələrdir. Yəni Qafqazda, Orta Şərqdə Türkiyə ilə Rusiya əməkdaşlıq etməlidir, çünki ABŞ həm Türkiyənin, həm də Rusiyanın milli təhlükəsizliyini müxtəlif sahələrdən təhdid edir. İki ölkənin birlikdə mübarizə aparması lazım olduğu halda, yaşanan hadisə iki ölkəyə də çox ziyan vuracaq. Türkiyə ilə Rusiya nə vaxt münaqişə edibsə, oradan Qərb öz mənafeyi üçün istifadə edib. Birinci Dünya müharibəsində Qafqazda türklərlə almanlar savaşdılar, müharibədən sonra Qafqaza  ingilislər hakim oldular. Türkiyə ilə Rusiya öz aralarında  nə qədər sıx əməkdaşlıq etsələr, bunun hər iki ölkənin mənafeyinə xidmət etdiyini görərik. İki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq bölgəyə sülh və əmin-amanlıq da gətirir.

Buna paralel olaraq "erməni məsələsi" ilə bağlı işlərə davam edirik. Onunla bağlı çapa hazırladığımız bəzi kitabları rusca da çap etdirəcəyəm. Digər tərəfdən, Nazim Hikmətin Sovet İttifaqında yaşadığı dönəmlə bağlı daha əvvəl başladığımız araşdırmanı davam etdirdim, o kitabı da çap etdirəcəyəm.

- "Erməni məsələsi"nin 100-cü ilində ermənilərin uğur qazana bilmədiyini gördüyümüz kimi, Avropa İnsan Haqları Məhkəməsində də Türkiyənin zəfərinə şahid olduq. Rusiyada bu işlər necə dəyərləndirilir?

- Bizə qarşı irəli sürülməyə çalışılan "soyqırım" iddialarının 100-cü ilində ermənilərin gözlədikləri nəticəni əldə edə bilmədiklərini gördük. AİHM qərarına gəlincə, bilirsiniz ki, Böyük Palatanın qərarı bağlayıcıdır və Avropa Şurasına üzv olan ölkələr məhkəmənin qərarını icra etməlidirlər. Ermənistan Avropa Şurasının üzvü olduğuna görə AİHM qərarı orda da qüvvəyə minməli və "erməni soyqırımı olmamışdır!" - deyənlər  Ermənistanda da cəzalandırılmamalıdır. Bu məsələ daim Rusiyada da müzakirə edilir. İstər mətbuatda və istərsə də başqa yerlərdə hamı AİHM qərarının haqlı olduğunu bildirirdi. Bundan sonra nə etməliyik? Burada əsas vəzifə Türkiyə hökumətinin üzərinə düşür. Türkiyə hökumətinin və Xarici İşlər Nazirliyinin mövqeyi önəmlidir. Əgər bu qərarın arxasında dursalar və yeni addımlar atsalar, Avropadakı dərs kitablarından "erməni soyqırımı" yalanları da çıxarılar. Bunun üçün Türkiyənin dövlət kimi də AİHM-ə müraciət etmə haqqı var. Mühüm olan şey bu qərar üzərindən konkret addımlar atmaqdır. Bu prosesdə Türkiyənin başı dik şəkildə qalib gəlməsi o biri ölkələrə də təsir göstərəcək ki, buraya Rusiya da daxildir. Ermənilər 1915-ci il hadisələrində onlara qarşı yapıldığını iddia etdikləri "soyqırım" hadisəsində rusların da iştirak etdiyini iddia edirlər. Bu da "soyqırım" zopasının siyasi bir vasitə olduğunu göstərir. Ermənilərin əsas məqsədi tarixi həqiqətləri ortaya çıxarmaq deyil, Türkiyəyə, hətta Rusiyaya qarşı əsassız iddialar irəli sürərək nəsə əldə etməkdir. Türkiyə AİHM qərarlarının arxasında dursa, bir çox ölkənin qərarlarına təsir göstərə biləcək.

- Siz obyektiv arxiv çalışmalarınızla ermənilərin indiyə qədər ortaya atdıqları tezisləri puça çıxardınız. Ermənilər Rusiyada sizə qarşı hər hansı təxribat törətməyə cəhd  etdilərmi?

- Çox ciddi problem hiss etmədim. Ancaq belə bir məsələ var: fevral ayına qədər bizim xaricə çıxmağımıza qadağa qoyulmuşdu. Sıxıntı xaricdə deyil, Türkiyənin özündə oldu. 4-5 il Rusiyaya gedib arxivlərdə işləyə bilmədim, oradan gətirdiyimiz sənədləri vaxtında çap etdirib dünya ölkələrinə anlada bilmədim. 2 il həbsdə qaldım, 2 il də xaricə çıxma yasağı qoyularaq araşdırmalarımı 4-5 il geriyə atdılar. Yəni Rusiyadakı arxivlərdə işləyərkən hər hansı problemlə qarşılaşdığımı deyə bilmərəm, amma Türkiyənin bizə dəstək verməsi lazım olan bir dönəmdə  böyük əngəllər  törədildi ki, bu da bizim üçün daha böyük sıxıntı oldu.

- Ermənilərin 100-cü il gurultusu boşa çıxdı. Bundan sonra nəsə edə bilərlərmi?

- Əslində ermənilərin  heç bir şey yapa bilməyəcəkləri meydana çıxdı. AİHM Böyük Palatasının qəbul etdiyi qərar "erməni soyqırımı" iddialarını hüquqi təməldən məhrum edib. Beynəlxalq hüquq o iddiaların heç yerdə keçmədiyini qəti şəkildə ortaya qoydu. Erməni tərəfinin beynəlxalq hüquq yollarına müraciət etmək üçün heç vaxt niyyəti olmayıb. Onlar daim hüquq platformalarından geridə duraraq, bunu daha çox siyasi zəmində öz lehlərinə çevirməyə çalışdılar. Türkiyəyə qarşı müxtəlif ölkələrin parlamentlərindən siyasi qərarlar çıxarsalar da, hüquq yollarından həmişə uzaq durdular. Çünki ortaya atdıqları iddiaların hüquqi baxımdan qüvvəsi olmadığını özləri də bilirdilər. AİHM qərarından sonra isə təzminat və digər tələblərinin heç bir qarşılığının olmayacağını qəti şəkildə gördülər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.