Dünya

Miqrantların deportasiyasına dair gizli plan

9 Oktyabr 2015 19:25
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya başda olmaqla müsəlman dünyasında baş verən münaqişələr yüz minlərlə insanın öz torpaqlarını tərk edərək Avropada sığınacaq axtarmasına gətirib çıxarıb. İlk vaxtlar avropalılar qaçqınları qəbul etməməyə çalışırdı. Lakin sonda başda Almaniya olmaqla Avropa İttifaqının (Aİ) rəsmiləri miqrantları qəbul etmək qərarına gəldilər. Amma hazırda yüz minlərlə qaçqına sığınacaq verilməsi bir çox siyasətçinin ürəyincə deyil. Hətta bəzi diplomatlar miqrantları yenidən öz ölkələrinə qaytarmaq fikrinə düşüblər.

Böyük Britaniyada nəşr olunan nüfuzlu "The Times" qəzetində yazar Bruno Uoterfildin "Avropa İttifaqının yüz minlərlə miqrantı deportasiya etməsi ilə bağlı gizli planı" başlıqlı məqaləsi dərc olunub. "Kaspi" qəzeti həmin məqalənin tərcümə variantını təqdim edir.

"The Times" qəzetinin əlinə düşən gizli plana əsasən, yaxın zamanlarda Avropada sığınacaq verilməyən yüz minlərlə miqrant öz ölkələrinə deportasiya ediləcək.

Niger və Efiopiya kimi ölkələr qaçqınları qəbul etməsə, Brüssel onları ticarət müqaviləsini ləğv etməklə hədələyir. Həmçinin Aİ bu ölkələrə yardım etməməyi də planlaşdırır. Həmçinin avropalı siyasətçilər minlərlə miqrantın gizlənməməsi üçün onları müvəqqəti düşərgələrdə saxlayacaq.

Gözlənilir ki, gələn ilin birinci yarısında 400 minə yaxın miqranta Avropada yaşayış haqqında izn verilməyəcək. Lakin bu vəziyyət Aİ liderləri üçün humanitar və siyasi problemlər yaradacaq.

Bu layihə yaxın zamanlarda Aİ-yə daxil olan ölkələrin daxili işlər nazirləri ilə müzakirə olunacaq. Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey bildirib ki, Avropa dövlətləri yüz minlərlə miqrantı geri göndərməlidir.

Həmçinin yaşayış haqqında icazə ala bilməyən Suriya, Əfqanıstan və Liviya qaçqınlarının öz ölkələrinə qaytarılması planlaşdırılır. Şengen zonasına daxil olmayan Böyük Britaniya formal olaraq bu layihəni dəstəkləməyə bilər. Lakin xanım Mey bu planın reallaşmasının vacib olduğunu vurğulayıb. Həmçinin Fransanın Kale şəhərində yerləşən qaçqın düşərgəsi təmizlənəcəyi halda Böyük Britaniya rəsmiləri bu layihəyə razılıq verəcəklər. Qeyd edək ki, Kaledə yerləşən qaçqın düşərgəsində 800 mindən çox suriyalı miqrant yerləşdirilib.

T.Mey çıxışında bildirib ki, Aİ deportasiya ilə bağlı yeni sistem yaratmalıdır. Deportasiya haqqında fikirlər İkinci Dünya müharibəsindən bəri ən böyük qaçqın axını ilə üzləşən və bu məsələdə fikir ayrılıqları olan avropalı liderlər üçün dönüş nöqtəsidir. Yaxın Şərqdə baş verən münaqişələr və Afrika ölkələrində həyat səviyyəsinin aşağı olması insanları Avropaya üz tutmağa vadar edir.

Bu sənəd Böyük Britaniyanın Mühafizəkarlar partiyasının Mançester şəhərinə səfəri zamanı meydana çıxıb və bu zaman məlum olub ki:

- Xanım Mey miqrantlarla bağlı məsuliyyətsiz açıqlamalar verməkdə ittiham olunub.
- Böyük Britaniya Aİ-dən çıxmaqla bağlı keçirəcəyi referendumu miqrant probleminə görə 2017-ci ilə qədər təxirə salıb. Bu məsələ London ilə Brüssel arasında müzakirələrin dayandırılması ilə nəticələnib.
- Həmçinin Londonun meri Boris Conson baş nazir Devid Kemerona bildirib ki, miqrant probleminin həlli bütövlükdə parlamentin sərəncamına verilməlidir.

"Miqrantların geri qaytarılması ilə bağlı kompleks tədbirlər"i Aİ-nin sərhəd xidməti olan "Frontex"in tərkibində yaradılacaq xüsusi şöbə yerinə yetirəcək. Onlar əsas işi qaçqınların öz ölkələrinə deportasiya edilməsi olacaq. Beynəlxalq hüquqlara riayət etməyən və yaşayış haqqında icazəsi olmayan miqrantları saxlayan ölkələr Aİ tərəfindən cərimələnəcək.

Sənəddə vurğulanır ki, Aİ-yə daxil olan ölkələr miqrantların geri qaytarılması üçün sistematik olaraq fəaliyyət göstərməli və ərazilərində yaşayan qeyri-leqal miqrantların üçüncü ölkəyə verilməsi üçün lazımi addımlar atmalıdırlar.

Plana əsasən, miqrantların deportasiyadan yayınmaması üçün ilk növbədə onlar nəzarətdə saxlanılmalıdır. Təxminən qaçqınların 60%-i yaşayış haqqında icazə ala bilməyəcəklər.

Sənəddə qeyd olunur ki, Aİ inkişaf etməkdə olan ölkələrə yardım etməli və onlarla olan viza rejimini sadələşdirməlidir. Bununla həmin ölkələr miqrantların bir qismini qəbul etməyə razılıq verəcəklər. Həmçinin bu layihə vasitəsi ilə ölkələr qaçqın vətəndaşlarını geri qəbul etmək məcburiyyətində qalacaqlar.

Burkina-Faso, Konqo, Niger və Zimbabve kimi Afrika ölkələrinə Aİ ilə bağlanan ticarət müqaviləsi ilə təzyiq göstərilməsi və bununla onların öz vətəndaşlarını qəbul etməsi planlaşdırılır. Sənəddə vurğulanır ki, miqrantların geri qaytarılması ilə bağlı bütün vasitələrdən istifadə olunmalıdır.
"Statewatch" hüquq müdafiəsi təşkilatının rəhbəri Toni Benyan hesab edir ki, bu plan heç vaxt işləməyəcək: "Müharibədən və yoxsulluqdan qaçan miqrantlar öz ölkələrinə yenidən qayıtmaq istəmirlər. Həmçinin bu planın heç vaxt yerinə yetirilməyəcəyini düşünürəm. Türkiyənin yüz minlərlə qaçqını yenidən qəbul edəcəyini ciddi gözləmək mümkün deyil".

Kaspi.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.