Dünya

"Ağ Ev Klintonlara qayıtmamalıdır"

2 Avqust 2015 15:30
1 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden prezident seçkilərində iştirak etmək haqqında düşünür. Anspress-in məlumatına görə, onun bu haqda düşünməsinə may ayında xərçəngdən vəfat edən oğlu Bo Bayden səbəb olub. "Bo çalışırdı ki, atası prezident seçkilərində iştirak edəcəyi haqda ona söz versin. Deyirdi ki, Ağ Ev Klintonlara qayıtmamalıdır. Ölkənin vəziyyəti Bayden dəyərləri ilə daha yaxşı olacaq", - Co Baydenin nümayəndəsi Bo Baydenin fikirlərini belə izah edib.

Bildirilir ki, Co Bayden bu haqda öz ailəsi, dostları və partiyanın sponsorları ilə müzakirələr aparır. Həmçinin onun ofisi də Demokratik partiyanın fəalları və donorları ilə bu barədə danışıqlara başlayıb. Bəziləri bildirirlər ki, vitse-prezidentin öz namizədliyini irəli sürməsi prezident seçkilərinin gedişatını dəyişə bilər. Beləliklə, Co Bayden Hillari Klintonu qabaqlaya bilər. Halbuki indiyədək Demokratlar partiyasının ən güclü namizədi Hillari Klinton sayılırdı.

Başqa bir qrup isə Co Baydenin bu seçkilərdə şansının olmadığını deyir. Çünki Hillari Klintonun Demokratlar partiyasında güclü dəstəyi var. Bundan başqa, Co Baydenin artıq 72 yaşı var və o, zaman-zaman siyasi cəhətdən nəzakətsizliyə və səhvlərə yol verir. Ən əsası isə, onun Demokratlar partiyasında Hillari Klinton qədər güclü dəstəyi yoxdur.

Qeyd edək ki, Co Bayden indiyədək iki dəfə - 1988 və 2008-ci illərdə prezidentliyə namizədliyini irəli sürmüşdü. 1988-ci ildə o, namizədliyini geri çəkməli oldu. Onu seçkiqabağı nitqinin mətnini oğurlamaqda günahlandırmışdılar. 2008-ci ildəki uğursuzluğunun səbəbi isə Ayova ştatında seçkiqabağı səsvermədə 1 faizdən az səs toplaması idi. Bu zaman gələcək prezident Barak Obama onu özünün vitse-prezidentliyə namizədi seçdi. 2008-ci ildə həmin seçkiqabağı səsvermədə daha çox səs toplayan Hillari Klinton isə Obamanın prezidentliyinin ilk dövründə dövlət katibi oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.