Dünya

Dünyadan təcridə son

26 İyul 2015 23:25
3 Şərh     Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vəssalam. Biz razılaşma əldə etdik". Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini öz "Twitter" hesabında yazıb: "Bu razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə aça, diplomatiyanın, koordinasiyanın, kooperasiyanın onilliklərlə sürən gərginliyi, qarşıdurmanı aradan qaldıra biləcəyini göstərə bilər. Düşünürəm, bu, bütün dünya üçün ümid rəmzidir". Moqerini İranla beynəlxalq vasitəçilərdən ibarət "altılıq" (BMT TŞ-nin beş daimi üzvü olan Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya) arasında tarixi razılaşmanın imzalanmasını məhz bu cür xarakterizə edib.

İranın atom layihəsi ilə bağlı danışıqlar 10 ildən artıq davam etsə də, nəticə əldə olunmurdu. Qərb ölkələrinin rəhbərləri 2004-cü ildən İranı gizli şəkildə atom silahı hazırlamaqla məşğul olmaqda günahlandırırdı. Bu dövrdə isə Tehrana dünyada analoqu olmayan sərt sanksiyalar tətbiq olunub. Amerikalılar özləri bu sanksiyaları "boğucu" adlandırırdılar.

"Altılıq" ilə İran arasında danışıqların yeni mərhələsi 2013-cü ilin noyabrında başlayıb. O zaman tərəflər "İranın nüvə proqramına dair aralıq sazişi" də imzalamışdılar. Sənədə əsasən, İran sanksiyaların zəiflədilməsi qarşılığında yarım il ərzində nüvə proqramının icrasını dayandırmağa, MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmağa razılıq vermişdi.

Danışıqların final mərhələsi Vyanada baş tutub. 18 gün davam edən fasiləsiz işin sonunda sənədin bütün maddələri razılaşdırılıb və o, imzalanıb. Bu, kifayət qədər uzun və ağır yol olub. Sənədin imzalanmalı olduğu son tarix dəfələrlə dəyişdirilib, dəfələrlə bədbin fikirlər səsləndirilib, bəzən isə tərəflər bir-birini tənqid edib, danışıqlar prosesini pozmaqda təqsirləndiriblər. Bu dövrdə "heç nə razılaşdırılmayıb" və ya "demək olar ki, hər şey razılaşdırılıb" formullu bəyanatlara da rast gəlinib. Nəhayət, bütün tərəflər 100 səhifəlik texniki və hüquqi detaldan ibarət sənədi imzalayıb. 

Ağır  yol

Danışıqlar prosesinin ağır keçməsinin bir neçə səbəbi var idi. Birincisi, "altılıq" daxilində kifayət qədər fikir ayrılıqlarına rast gəlinirdi. Təbii ki, Çinlə Rusiya İranın timsalında nüvə silahına malik daha bir ölkə ilə qarşı-qarşıya qalmaq istəmirdilər. Lakin onların bu məsələ ilə bağlı mövqeləri Avropa ölkələrinin, ilk növbədə, ABŞ-ın məsələyə yanaşmasından çox fərqlənirdi. Sonuncular daha sərt şərtlər irəli sürməklə yanaşı, eyni zamanda, Rusiya ilə də razılıq əldə etmək məcburiyyətində idilər (Çin lap əvvəldən təmkinli və passiv mövqe nümayiş etdirib).

Prosesin uzanmasının digər səbəbi, müzakirə edilən məsələlərin həddindən artıq çox olması idi. Danışıqlar zamanı İranın nüvə proqramının detallı şəkildə təshih edilməsi, Fordo və Arakda nüvə reaktorlarının strukturunun dəyişdirilməsi, Natanzdakı setrifuqaların sayının azaldılması, İranın artıq əldə etdiyi 8,7 ton zənginləşdirilmiş uranın taleyi və s. müzakirə olunurdu. Digər yandan, tərəflər hər dəfə ABŞ, Avropa və BMT-nin İrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılması ətrafında da diskussiya aparırdılar. İran eyni anda bütün sanksiyaların ləğvini tələb edir, opponentlər isə prosesin mərhələli şəkildə həyata keçirilməli olduğunu bildirirdilər.

Dialoqun əsas iştirakçıları olan ABŞ-la İranın bir-birlərinə inanmaması danışıqlarda gərginliyi daha da artırırdı. Tərəflərin imzaladığı sənədin "ölü doğulmaması" üçün tərəflərin hər bir addımı, hərəkəti detallı, birmənalı şəkildə təsvir edilirdi. Bütün bunlar gələcəkdə imza atan tərəflərin MAQATE komissiyasına təsir göstərmək imkanını azaldacaq. Məsələn, İraqa hərbi müdaxilə rəsmi Bağdadın kimyəvi silaha malik olduğuna dair məlumat təsdiqlənmədən həyata keçirilmiş, nəticədə, ölkə faktiki olaraq, məhv olmuşdu. İran məsələsində isə bütün detalların diqqətlə nəzərə alınması bu perspektivin qarşısını alır. 

Tərəflər arasında son maneə silah embarqosunun aradan qaldırılması idi. Tehranın bu məsələdə mövqeyi, ilk növbədə, Rusiya, daha sonra isə Çin tərəfindən dəstəklənirdi. Müasir İranın Moskvadan ötrü ilk növbədə, cəlbedici və etibarlı silah bazarı olduğu heç kəs üçün sirr deyil. İndi Rusiyanın İrana gah satmaq qərarı verdiyi, gah son anda qərarı təxirə saldığı "C-300" komplekslərinin taleyi həll olunurdu. Qeyd edək ki, bu komplekslər sırf müdafiə xarakterlidir. Qərb isə İranın İraq, Suriya və Yəmən kimi Yaxın Şərq problemlərində bu və ya digər dərəcədə tərəf olduğuna əmindir. Qərblilər hesab edirlər ki, iranlıların "əl-qolu açılacağı təqdirdə", onlar regiondakı müttəfiqlərinə daha ciddi dəstək verəcəklər (Suriya və İraq terrorçularının Yaxın Şərq regionunun bəzi monarxiyaları tərəfindən dəstəklənməsi haqqında isə əlbəttə ki, danışılmır).

Bütün sadalananlar danışıqlar prosesini ləngidir, bəzi məqamlar isə hətta prosesi pozurdu. Buna rəğmən, iyulun 15-də tərəflər tarixi razılaşmanı imzalamağa nail olub və dünya sanki dərindən nəfəs alıb.

Əvvəlcədən də güman edildiyi kimi, razılaşma İranın nüvə proqramını ciddi şəkildə məhdudlaşdırır. Fordodakı zavod texnomərkəzə çevriləcək, Arakdakı reaktorun məhsulu olan yanacaq ölkədən çıxarılacaq, reaktorun özü beynəlxalq konsorsiumun layihəsinə uyğun yenidən qurulacaq.

Bundan başqa, Tehran üzərinə uranı 3,67%-dən artıq zənginləşdirməmək, uranın həcmini 15 il müddətinə 300 kiloqramla məhdudlaşdırmaq öhdəliyi götürür (hazırda İranın bu ehtiyatı 10 tonu keçir). Uranın zənginləşdirilməsi üzrə bütün prosedurlar yalnız Natanzdakı zavodda həyata keçiriliməlidir. Burada hazırda fəaliyyətdə olan 5 min setrifuqanın yalnız üçdəbiri saxlanılmalıdır. Bütün bunların əvəzində isə İrana tətbiq edilmiş iqtisadi, maliyyə və enerji sanksiyaları aradan qaldırılmalıdır.

İran MAQATE və BMT müfəttişlərini nüvə və hərbi obyektlərinə buraxmaq öhdəliyi də götürüb. Lakin təftiş işlərinin yekununda qərarın qəbulunda Tehran bilavasitə iştirak etməlidir.

Danışıqların prinsipial məqamlarının birində, konkret desək, silah məsələsində İran "altılıq" üzvlərinə güzəştə getməli olub. Razılaşmaya əsasən, Tehran bundansonrakı 5 ildə ağır silahlar ala bilməz. 8 il ərzində isə o, ballistik raketlər və texnologiyalar əldə etməməlidir. 

Artıq qeyd edildiyi kimi, bu, ABŞ-ın prinsipial mövqeyi idi. İndi ABŞ prezidenti Barak Obama ölkəsinin siyasi dairələrini bu sənədi qəbul etməyə razı salmalıdır.

Hər şey yeni başlayır? 

Ümumiyyətlə, bu razılaşmanın ABŞ tərəfindən ratifikasiyası məsələsi, həmçinin bəzi ölkələrin ona reaksiyası Qərb-İran barışığı prosesinin heç də asan keçməyəcəyini, əslində, ən çətin mərhələlərin hələ qarşıda olduğunu düşünməyə əsas verir.

ABŞ-da parlament çoxluğuna malik respublikaçılar, artıq bu razılaşmanın reallaşmasına mane olmaq üçün əllərindən gələni edəcəklərini açıqlayıblar. Doğrudur, onlar prezidentə mane olmaq üçün kifayət qədər səsə malik deyillər və bunu Obama da açıq şəkildə bəyan edib. Prezident kifayət qədər sərt tonda verdiyi açıqlamada bildirib ki, o, "beynəlxalq münasibətlərdəki bu irəliləyiş"in sabotajına imkan vermək fikrində deyil. Amma demokratların bir hissəsinin də razılaşmanı qəbul etməməsi vəziyyəti daha da qəlizləşdirir - onlar bu məsələdə respublikaçılarla eyni mövqedən çıxış edirlər. Obamanın veto hüququndan məhrum edilməsi üçün respublikaçılar demokratlar tərəfindən cəmi 34 nəfərin dəstəyi kifayətdir. Güman ki, bu işdə Vaşinqtonda hiyləgər "kulisarxası" oyunlar oynanacaq. Bu haqda danışdıqda, ABŞ-ın yəhudi lobbisini də unutmaq olmaz. Təl-Əviv böyük ehtimalla, bu lobbidən geninə-boluna istifadə edəcək. İsrailin baş naziri Benyamin Netanyahu artıq İranla "altılıq" arasında əldə edilmiş razılaşmanı "qəbuledilməz" adlandırıb. "İran cek-pot, yüz milyardlarla dollar qazanacaq. Bu, ona regionda və bütünlükdə dünyada təcavüzü, terroru davam etdirmək imkanı verəcək", - deyə Netanyahu qeyd edib. Onun fikrincə, sanksiyaların ləğvindən sonra Tehran nüvə silahının əldə edilməsi yolu ilə irəliləyəcək.

İsrail xarici işlər nazirinin müavini Sipi Xotoveli də təxminən, baş nazirlə eyni fikirlər səsləndirib. XİN rəsmisinin sözlərinə görə, Təl-Əviv razılaşmanın ABŞ Konqresi tərəfindən ratifikasiyasına imkan verməmək üçün əlindən gələni edəcək. Xovoteli bu razılaşmanı "tarixi təslimçilik" adlandırıb.

Mütəxəssislərin fikrincə, İsrail bu işdə yəhudi lobbisi ilə yanaşı, yəhudiəsilli zəngin amerikalılardan da istifadə etməyə çalışır - zənginlər "öz" konqresmenlərinə maliyyəni kəsəcəklərini deməklə, təsir göstərməyə cəhd edirlər.

Təl-Əvivin həyəcan təbili bu razılaşmanın və ümumiyyətlə, İranla Qərb dünyası arasında yaxınlaşmanın Yaxın Şərqdə 1979-cu ildən sonra qurulmuş paradiqmanı yenidən formalaşdıra biləcəyi ilə bağlıdır. Amerikanın regiondakı mövqeləri isə o qədər zəifləyib ki, İranla düşmənçiliyin davam etdirilməsi Vaşinqtonun Yaxın Şərq siyasətinin tam iflası ilə nəticələnə bilər. Yeni Yaxın Şərqdə amerikalıların təzə müttəfiqlərə ehtiyacı var. Çünki artıq Körfəzin krallıqlarının simasında, köhnə müttəfiqlərə arxalanmaq çox çətindir. ABŞ ilə müttəfiq olacaq İran haqqında danışarkən onun heç də yeni müttəfiq olmadığını nəzərə almaq lazımdır. Hər halda, iki ölkə arasında 1979-cu ildə İranda baş vermiş İslam İnqilabınadək mövcud olmuş münasibətlər hər kəsə məlumdur. Əlbəttə ki, Tehranla Vaşinqton arasında münasibətlər 70-ci illərin sonlarındakı kimi olmayacaq. Lakin amerikalılar daha yalnız süni monarxiyalarına arxalana bilməzlər. Digər regional fövqəldövlətin, konkret desək, Səudiyyə Ərəbistanının narahatlığı da bununla bağlıdır. İsraildən fərqli olaraq, Ər-Riyadın məsələyə reaksiyası daha təmkinli və balanslaşdırılmış olub. Səudiyyə Ərəbistanının məsələ ilə bağlı bəyanatında İranın İraq, Suriya, Livan və Yəməndəki fəaliyyətindən narahatlıq ifadə olunur.

"Altılıq"ın əsas iştirakçılarından olan Rusiyanın mövqeyinə gəlincə, burada ikili mövqe müşahidə olunur. Bir tərəfdən, İran Rusiya istehsalı olan silahların satışı üçün ənənəvi bazardır. Lakin Moskva, ən azı, 5 il İrana silah sata bilməycək. Əvəzində, Rusiyanın başqa şirkətləri üçün geniş imkanlar açılır. Burada da bir "əmma" var: onlar Qərbin və Çinin şirkətləri ilə rəqabət apara biləcəklərmi? İranın öz nəhəng enerji ehtiyatları ilə dünyanın enerji bazarına girəcəyi və burada Rusiyanın rəqibinə çevriləcəyi Kremli narahat etməyə bilməz. Neftin qiymət amilini unutmaq olmaz: hələlik o, kəskin şəkildə ucuzlaşmasa da, mütəxəssislərin yaxın perspektv ilə bağlı fikirləri kifayət qədər skeptikdir. Bu, əlbəttə ki, Rusiya üçün sevindirici hal deyil.

Bütün bunlarla yanaşı, Rusiya İranla "altılıq" arasındakı razılaşmadan diplomatik faydalar əldə edə bilər. Məsələ ondadır ki, NATO Şərqi Avropa ölkələri ərazisində HHM sistemləri quraşdırmasını rəsmi olaraq İran təhlükəsi ilə əsaslandırır. Moskva isə alyansın əsas hədəfinin İran yox, Rusiya olduğunu dəfələrlə bəyan edib. Beləliklə, İran tərəfindən nüvə təhlükəsi aradan qalxırsa, Avropada NATO-nun HHM sistemlərinin yerləşdirilməsi məsələsi də yenidən gündəmə gəlir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da tərəflərin razılaşmanı imzalamasından dərhal sonra bu məsələni gündəmə gətirib. Amma, amerikalılar Şərqi Avropada HHM sisteminin yerləşdirilməsi planından imtina etməyi düşünmürlər. Onların fikrincə, son razılaşma ilə aradan qalxan, sadəcə, nüvə təhlükəsidir. İranın nüvə başlığına malik olmayan raketləri isə yenə də Avropanı vura bilər. Əlbəttə ki, Vaşinqton İran tərəfindən mövcud olan raket təhlükəsindən danışmaqla, yumşaq desək, biclik edir. Rusiya ilə münasibətlərin pisləşməsi fonunda NATO əsas təhlükə mənbəyi rolunu məhz Moskvaya verir.

İrana gəlincə, bu ölkədə nüvə proqrammı ilə bağlı razılaşmanın imzalanması əsl milli bayrama çevrilib. İranlılar beynəlxalq təcriddən azad olmağı çoxdan arzulayırdılar və indi buna, demək olar ki, nail olublar. Sanksiyalara rəğmən, dünyadan təcrid olunmuş iranlılar öz ehtiyaclarını özləri ödəyiblər. Onlar suverenliklərini qorumağa, sözdə Qərbi hədələyən, Qərbin iqtisadi sanksiyaları ilə bağlı ortaya çıxan ilk riskdəcə dərin iqtisadi depressiyaya düşən dövlətlərə yaxşı nümunə göstəriblər. İranlılar çinlilər, hindular, yəhudilər kimi qədim xalqdır. Lakin sadalanan xalqlardan fərqli olaraq, onların nüvə silahı yoxdur. Əvəzində, onlar qədim diplomatiya mədəniyyətinə malikdirlər və iranlılar üçün birmənalı olaraq qələbə ilə başa çatmış danışıqlar prosesi də bunu təsdiqləyib.

"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.