Dünya

Rusiyanın Ermənistana "İskander-M" satması "blef"dir?

3 İyul 2015 18:20
2 Şərh     Baxış: 2 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ermənistana ən müasir raket kompleksi - "İskander-M" operativ-taktiki raket kompleksi satmaq niyyətində olduğu barədə xəbərlər bu gün Rusiya mətbuatında yayıldı.

Rusiyanın TASS agentliyi danışıqlar barədə xəbəri "hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbə"yə istinadla yayıb. Məlumatda deyilir ki, hazırda bununla bağlı Rusiya ilə Ermənistan arasında danışıqlar gedir.

Rusiyanın bu cür silahı Ermənistana satması nə qədər realdır?

Hərbi ekspert, "Azeri Defence" jurnalının baş rekdaktoru Rəşad Süleymanov Milli.Az-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana belə bir silah satması şaiyədən baçqa bir şey deyil.

Onun sözlərinə görə, təcrübə göstərir ki, Rusiya indiyə qədər öz arsenalına hansısa silahın daha üst səviyyəsini daxil etmədən, həmin silahı satışa çıxarmayıb. İndiki halda, "İskander-M" operativ-taktiki raket kompleksi öz sinfində ən üst səviyyə hesab olunur. Odur ki, Rusiyanın Ermənistana belə bir silah satması real görünmür. Bunu S-300 raket komplekslərinin nümunəsində də görmək mümkündür. S-400 sistemləri çıxana qədər Rusiya heç kimə S-300 satmamışdı.

"Digər tərəfdən isə, üzləşdiyi iqtisadi çətinliklər ucbatından Rusiya belə bir silahı satışa çıxarmalı olsa, Ermənistandan daha sərfəli Səudiyyə Ərəbistanı və Qazaxstan kimi müştərilər ola bilər. Səudiyyə Ərəbistanı dünyada silah alışına görə ikinci yerdə dayanan ölkədir. Bu ölkə "İskander-M" üçün Rusiyaya daha sərfəli təklif irəli sürə bilərdi. Qazaxstan da belə silahların alınmasında maraqlıdır. Rusiya daha zəngin və KTMT-də müttəfiqi olan Qazaxstana bu silahı sata bilərdi. Amma Rusiya həmin silahı onlara satmır. İqtisadi çətinliklər içində boğulan Ermənistana belə bir silahın satılması real deyil", - deyə o əlavə edib.

Rəşad Süleymanov onu da qeyd edib ki, "İskander-M" operativ-taktiki raket kompleksi Ermənistan ərazisinə getsə belə, bu, erməni ordusunun arsenalına keçəcəyi anlamına gəlmir.

"Rusiyanın Ermənistanda 102 saylı hərbi bazası yerləşir. Rusiya həmin bazaya ən müasir silahlarını yerləşdirir. Hətta ötən il Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri çərçivəsində həmin hərbi bazaya səfər edərkən KİV-də də görünmüşdü ki, orada "S-300 V Antey" raket kompleksi, "Uraqan" reaktiv yaylım atəşi sistemi var. Ola bilər ki, "İsgəndər M" sistemi də həmin bazaya yerləşdirilsin. Həmin bazada yerləşən silahlar Ermənistanın deyil, Rusiyanın arsenalına daxildir. Azərbaycanla Rusiya müharibə şəraitində olmadığına görə, həmin sistemlərin Azərbaycana qarşı yönəlməsi ehtimalı yoxdur", - eksper vurğulayıb.

R.Süleymanov onu da qeyd edib ki, Azərbaycan silahlı qüvvələrində "İskander-M"-dən daha güclü hava hücumundan müdafiə sistemləri var.

"Azərbaycanda olan raketlərlə Ermənistanın müdafiə naziri Seyran Ohanyanı lap elə kabinetinin içində də vurmaq olar", - deyə o vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.