Dünya

Köləliyin 22 ili - FOTO

2 İyul 2015 12:24
0 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biri vardı, biri yoxdu. Bir balıqçı vardı, həm də yoxdu.
Vardı ona görə ki, sağ idi, yaşayırdı. Yox idi ona görə ki, həyatını puç, sonlu sayırdı və o sonu səbirsizliklə gözləyirdi.
Azad olmaq, qaçmaq, vətəninə qayıtmaq istəyirdi. O günü hər an arzulayırdı.
Alınmasa, ölmək istəyirdi. Dərhal, hətta ən ağır əzablarla. Çünki azad olmayıb yaşamaq ölümün uzadılmış, yeknəsəq, ağrılı halı idi onunçün.

22 il.

Düz 22 il... Bir düşünün, bu illərin hər gününü azadlığı arzulayıb ölümlə görüşmək üçün yaşamaq.
İnanılması asan deyil, amma həqiqətdir

Min Nainin köləlik həyatı 22 il əvvəl, 1993-cü ildə başlanmışdı. Myanmada yaşayan Min iş axtarmaq, pis-yaxşı dolanmaq üçün qonşu Tailanda yollanmışdı.
Tailandda ona yaxşı tanımadığı insanlar iş təklif etdilər. İndoneziyada, dedilər ki, balıqçı gəmisində işləyəcək, yaxşı pul qazanacaq, tənbəllik etməsə, iki-üç ilə pul yığıb hətta maşın da ala bilər.
Sonra da Buddanın lütfü olarsa, ev almaq barədə də düşünər.
Min Nain bu vədlərə inandı, İndoneziyaya aparılan balıqçılara qoşuldu.

Lakin orada "yaxşı" iş, sən demə, səhər tezdən şər qarışanadək fasiləsiz işləməkdi. Balıqçı gəmisində torları yumaq, qatlamaq, təmizləmək, balıqları daşımaq, saf-çürük etmək...
Nain girəvə tapıb gəmidən qaçır, cəngəlliyə üz tutur.

Onun tuturlar və yenidən gəmiyə qaytarırlar. Amma başqa gəmiyə.
21 il kölə olub Min Nain.

22 illik ayrılıqdan, ümiddən, gözləntidən sonra o, dünən Myanmada ailəsi, yəni 60 yaşlı anası Hin və bacısı Mauli ilə görüşüb.

"Tailanddakı gəmidən dəfələrlə qaçmaq istəmişəm. Alınmırdı. Son dəfə gəminin kapitanı məni möhkəm döydü. Sonra bağıraraq dedi ki, bir də qaçmağa cəhd göstərsəm, tikə-tikə edib balıqlara atacaq.  Əl-ayağımı bağlayıb göyərtənin bir tərəfinə atdılar. Üç gün, üç gecə əlibağlı qaldım. Gündüzlər Günəşin altında istidən qıvrılır, gecələr yağışın altında donurdum. Ac və susuzdum. Ölümü düşünürdüm. Fikirləşirdim ki, məni necə öldürəcəklər - indiyədək güllələyib dənizə atdıqları digər kölələr kimi leşimi suya tullayacaqlar, yaxud gözümün qabağında öldürdükləri vyetnamlı təki başımı dəmir dəyənəklə əzəcəklər?" - Min Nain deyir.

40 yaşlı Min Nain hər il aldadılan və Tailanda, İndoneziyaya aparılaraq kölə edilən minlərlə myanmalıdan biridir.

Minin atası da balıqçı idi və 1990-cı ildə batmışdı. Onda Minin 15 yaşı vardı. Min işləməyə başladı, amma 2 bacısı və bir qardaşı üçün gündəlik ruzi pulu qazanmaq çətindir.
Və bu zaman Minə Tailandda 4 aylıq iş təklif olundu. 4 aya görə 300 dollar veriləcəyi deyilirdi.
Maynmanın Molaban əyalətində, Minin yaşadığı yerdə isə 300 dollarla 3 ailə bir il dolana bilərdi.
Min vədlərə şirnikdi, Tailanda yollanan yük maşınına doluşmuş kəndlilərə və balıqçılara qatıldı.
Onun 22 illik köləlik həyatı belə başladı.

Tailandda balıqçılıq sənayesi ildə 7 milyard dollarlıq dövriyyəyə malikdir. Balıqçıların əksəriyyəti isə qonşu Kamboca, Laos və Myanmadan olan miqrantlardır. Onlar kölə kimi çalışırlar.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.