Dünya

“Xilafət” 1 yaşında: İŞİD-i kim məhv edəcək?

30 İyun 2015 23:37
5 Şərh     Baxış: 1 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "İndependent" qəzeti 1 ildir özünü "Xilafət" elan edən İŞİD-in dayandırılmasının yollarını axtarıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, ənənəvi terrorun üstündən xətt çəkən bu təşkilat haqda geniş yazı dərc edən qəzet "İŞİD-i kim dayandıracaq?" sualı ilə bir neçə tanınmış ekspertin fikrini öyrənib.
 
Ekstremizm əleyhinə "Quilliam" təşkilatının analitiki Çarli Vinter əsas çatışmazlığı İraqda hərbi təhsilin aşağı səviyyədə olması ilə əlaqələndirib:
 
"İraqın vəziyyətinin cavabı hərbi təhsildir. Haşdi Şabi (şiə qüvvələri) yerinə dünyəvi qüvvələr mübarizəni davam etdirməlidir. Asan deyil, çünki islamçı qüvvələr daha yaxşı təhsil görüb və daha intizamlıdır. Ancaq İraqın bütün bunlardan qopması üçün hərbi təhsil və intizam, korrupsiyanın hərbi və siyasi sistemdən təmizlənməsi vacibdir. Bu, Suriyada hökmranlıq edən Bəşər Əsəd problemindən asandır. Lakin Qərbdə hələ də ikinci ilə işləmək arzusu - onun İŞİD-dən daha məqbul olduğunu fikirləşənlər var. Ancaq bu, son səhvdir və o, açıq-aşkar beynəlxalq cəmiyyətlə oynayır.
 
O, 200 min adamın ölümünə bais olub. İŞİD daha qlobal olsa da, bu 200 minin yalnız bir parçasını öldürüb. Əsəd məktəblərdə və xəstəxanalarda xlor qazı və çəllək bombaları istifadə etdikcə, nizamlı olaraq insanları öldürdükcə, İŞİD kimi təşkilatlar inkişaf edəcək.
 
Hazırda İŞİD-i çox güclü, davamlı genişlənən, "ilahi missiyası" olan bir təşkilat kimi görürük. Əgər bunun hər zaman uğurlu olmadığını sübut edə bilsək, bir fərq yarada bilərik. Bu, onun markasını pozmaqla əlaqəli bir şey də ola bilər".
 
Ərəb-İngilis Anlayış Şurasının (CAABU) səlahiyyətlisi Yozef Uillits İŞİD-lə mübarizədə təkbaşına zəfərin mümkünsüz olduğunu deyib:
 
"Böhran və qarşıdurmayla birləşən çox böyük siyasi boşluqlar İŞİD-in inkişafına və genişlənməsinə şərait yaradır. Hava hücumları İŞİD-in bəzi liderlərini yox etsə də, təkbaşına təsirli ola bilməyəcək. İŞİD-in nəzarətində olan torpaqlarda sistemin daha etibarlı və gözəl olduğuna inanan yerli icmalar üsyan etməyəcək".
"İndependent" qəzetinin Yaxın Şərq üzrə ixtisaslaşan müxbiri Patrik Kokbörn İran-kürd ittifaqı vasitəsilə İŞİD-i yox etməyin ən asan yol olduğunu bildirib:
 
"İraqda İran dəstəkli şiə qüvvələr və ABŞ-ın hava hücumlarının dəstəyini alan kürdlər İŞİD-i rəqəmlərin hesabına məğlub edə bilər. Suriyada bu ehtimal daha aşağıdır. Ancaq İŞİD ABŞ-ın hava hücumları, kürdlər, Suriya ordusu və üsyançıların təzyiqi altında qalarsa, zəifləyə bilər".
 
"İnside the Army of Terror" təşkilatının yazarı Hassan Hassan İŞİD-in Avropaya yayılmasını mümkün sayır:
 
"Radikallaşmaya qarşı tədbirlər görülməlidir. Bu gün yüzlərlə avropalı təşkilat sıralarına qoşulur. İŞİD özünü tarixin ən uğurlu cihadçı qruplaşması kimi tanıda bildi. Bu səbəbdən onlar Əl Qaidə kimi yəqin ki, heç vaxt tam mənasıyla yox olmayacaqlar".
 
Qəzet dövlət orqanlarının da mövqeyini yaddan çıxarmayıb. İngiltərə Xarici İşlər Nazirliyi İŞİD-i məğlub etməyin ilk növbədə iraqlıların işi olduğunu bildirib:
 
"Yekun olaraq İŞİD-i məğlub etmək iraqlıların işidir. Bu səbəblə koalisiyanın əsas hədəfi İŞİD-lə döyüşmək yox, terrorçuluqla mübarizədə İraq ordusuna dəstək vermək və İraq torpaqlarında nəzarəti yenidən təmin etməkdir. İngiltərə İŞİD-ə qarşı qlobal koalisiyanın bir hissəsi kimi hava hücumları və kəşfiyyat sahəsində çalışaraq kilid rolunu oynayır. Hava qüvvələrimiz 250-dən çox müvəffəqiyyətli hava hücumu reallaşdırıb. Bu rəqəm koalisiyaya ikinci böyük qatqı deməkdir".
 
Nottingem Universitetinin Yaxın Şərqdə terrorizm mütəxəssisi Nataşa Anderhil İŞİD-i məğlub etməyin yeganə yolunun islami fundamentalist qruplarla ideoloji mübarizədə olduğunu deyib:
 
"Hazırda İŞİD-i məğlub etməyin tək yolu, islami fundamentalist qruplarla mübarizədə bizi narahat edən məsələlərdən uzaqlaşmaqdır. İŞİD Əl Qaidə deyil. Onlarla mübarizədə bu həqiqəti unuduruq. Terrorizmin yayılmasında ənənəvi bir hərbi yanaşma lazımdır. Ancaq daha əhəmiyyətli olan onların İraq, Suriya və başqa yerlərdə yeni torpaqlar işğal etməyinin qarşısını almaqdır. Eyni zamanda, İraqı on illərdir narahat edən və İraqın işğalıyla daha pis bir hal alan məzhəblərlə mübarizə aparmaq lazımdır. Siyasi azadlıq və siyasi legitimlik İŞİD kimi qruplar üçün xərçəng kimi olar. Bu səbəbdən onlar özlərinin təcili yardım kimi vacib olduqlarını sübut etmək üçün məzhəblər arasında nifaq salırlar".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.