Dünya

Ölkə çökür: avtobuslar bir həftə pulsuz, banklara hücum - FOTO

30 İyun 2015 10:10
4 Şərh     Baxış: 8 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünəndən bəri Yunanıstanda banklar bağlı, bankomatlar isə artıq boşdur.

Nağd pul çatışmazlığı olan ölkədə bazar günündən etibarən altı gün müddətində banklar və fond bazarının bağlanması haqda göstəriş verilib. Təqaüdçülər isə pullarını ala bilmək üçün bankların önündə növbə yaradıblar.
Bazar günü Avropa Mərkəzi Bankı Yunanıstanda bankların fəaliyyət göstərməsinə kömək edən fövqəladə yardım proqramını dayandırdığını bildirəndən bir neçə saat sonra baş nazir Aleksis Tsipras dövlət televiziyası vasitəsilə çıxışında bankların bağlanacağını elan edib.


"Unutmayın ki, belə kritik bir vəziyyətdə, bizim yeganə qorxumuz qorxunun özüdür. Biz qorxunun bizə üstün gəlməsinə icazə verə bilmərik", - deyə o bildirib.
Yunanıstan nümayəndələri və Avropa kreditorları ilə gedən danışıqlar heç bir razılıq əldə olunmadan başa çatıb.

Bundan əlavə, maliyyə naziri Yanis Varufakis Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1,8 milyard dollar məbləğində ödənişi yerinə yetirə biləməyəcəyi ehtimalını irəli sürüb.
Baş nazir Yunanıstanın avro valyutasından istifadə edən 19 ölkənin daxil olduğu qrupda üzvlüyünü təhlükə altına salan bu böhrana görə Avropa kreditorlarını günahlandırıb.
Ölkənin kreditorlarının tələb etdiyi kimi yeni ciddi iqtisadi ölçüləri qəbul edib-etməməyi dəqiqləşdirmək üçün iyulun 5-də keçiriləcək referenduma qədər banklar və fond bazarı bağlı olaraq qalacaq.

Avtobuslarda gediş haqqı yox...

Yunanıstan hökuməti bir həftə ərzində Afinanın ictimai nəqliyyatında gediş haqqını ləğv edib.
Ölkənin nəqliyyat naziri bildirib ki, şəhər sakinləri metrodan, avtobus və trolleybuslardan pulsuz istifadə edə bilərlər.
Bununla belə, şəhərətrafı qatarlarda gedişhaqqı ləğv olunmayıb.


Qərar bu gün ərzində qüvvəyə minəcək və ancaq paytaxta şamil olunacaq, çünki başqa şəhərlərdə ictimai nəqliyyat şəxsi şirkətlərin əlindədir.
Nazir onu da deyib ki, gediş haqqının ləğvi bir az əvvəl bankların bir həftəlik bağlanması və bankomatlardan nəğd pul çıxarılmasının məhdudlaşdırılması ilə bağlıdır.
BBC-nin xəbərinə görə, Yunanıstan hakimiyyəti belə hesab edir ki, belə bir şəraitdə vətəndaşların həyatını imkan daxilində yüngülləşdirməyə borcludur.
Bankları bağlamaq qərarı Yunanıstanın mümkün ola biləcək defoltu haqqında yayılan şayiələrə görə qəbul olunmuşdu. Bu şayiələr isə xarici kredit verənlərlə danışıqların növbəti mərhələsinin nəticəsiz sonluğunun ardınca yayılmağa başlayıb.


Banklar əhali arasında yayıla biləcək panika baş verdiyi təqdirdə böyük məbləğdə itkilərə yol verməmək məqsədi ilə bağlanıb.
Bankomatlardan nağd pul çıxarılmasının məhdudlaşdırılması haqqında qərar Yunanıstanın xaricində buraxılan bank kartları sahiblərinə aid deyil.

Danışıqlar da uğursuz

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib ki, uğursuz danışıqlar zamanı Yunanıstanın göstərdiyi "lovğalığa" görə "xəyanətə məruz qaldığını" düşünür.
Mətbuat konfransında çıxışı zamanı o bildirib ki, Yunanıstanın təklifləri "gecikib" ya da "bilərəkdən dəyişdirilib" və yunan xalqına "həqiqəti demək lazımdır", lakin danışıqlar üçün qapılar hələ də açıqdır.
Yunanıstan sürpriz referendum çağırışı edib, ölkədəki banklar isə bir həftəlik qapadılıb.
Bəzi bankomatlarda əmanətin tükəndiyi bildirilir. Bir adam bir gündə yalnız 60 avro pul çıxara bilər.
Almaniya kansleri Angela Merkel deyib ki, əgər Yunanıstan hökuməti bu ölkə üçün nəzərdə tutulmuş dəstək paketinin müddəti başa çatandan sonra danışıqlar barədə öz istəyini bildirsə, o, Yunanıstanla danışıqları davam etməyə hazırdır.


"Biz əvvəlki kimi kömək etməyə hazırıq, əgər belə kömək lazımdırsa", - Merkel deyib. O əlavə edib ki, bu gün Avropa Yunanıstandakı vəziyyətə beş il bundan əvvəl olduğundan daha qətiyyətli reaksiya verə bilər.
Angela Merkel deyib ki, Avropa liderləri Yunanıstanın düşdüyü vəziyyətdən çıxış yolunu axtarmağa çalışanda çox böyük güzəştlərə getdilər. Lakin Merkelin dediyinə görə, belə bir nəticəyə gəlmək olar ki, Yunanıstan rəhbərliyi kompromisə getmək istəmir.
Eyni zamanda o, Avropa valyutasını qorumaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
İspaniya Yunanıstanın avrozonadan mümkün çıxışı ilə bağlı nəticələrə tamamilə hazırdır. Bunu da ispanların iqtisadiyyat naziri Luis de Guindos bəyan edib.
"Bizim bankların vəziyyəti, bizim vergi siyasəti, iqtisadi yüksəliş və iqtisadi yarış qabiliyyətimiz İspaniya iqtisadiyyatının ayaq üstündə çox möhkəm dayandığının qarantiyasıdır. Biz heç vaxt indiki kimi belə bir vəziyyətə hazır olmamışdıq və üç il bundan əvvəlkindən daha da hazırlıqlıyıq", - o söyləyib.
Bu gün səhərdən İspaniyanın dövlət istiqrazlarının və qiymətli kağızlarının dəyəri artıb. İnvestorlar narahatdırlar ki, Yunanıstan hadisələrindən sonra Avropanın nisbətən zəif iqtisadiyyatları, məsələn, İspaniya kimi, kritik vəziyyətə düşə bilər.


Böyük Britaniyanın baş naziri David Kemeron hesab edir ki, bazar günü Yunanıstanda keçiriləcək referendum əslində bu ölkənin avrozonada üzvlüyü barədə səsvermə olacaq. Onun fikrincə, avrozonada qalıb-qalmamaq barədə qərarı yunanlar özləri verəcəklər.

Kemeron deyib: "Əgər yunanlar kredit verən təşkilatların yeni kreditlər müqabilində təklif etdiyi dəyişikliklərə qarşı səs verərsə, belə bir şəraitdə Yunanıstanın avrozonada qalmasını təsəvvür etmək çətin olacaq. Britaniya Yunanıstan hökuməti və avrozona rəhbərliyi arasında kompromiss əldə olunmasında maraqlıdır ki, "sabitlik və təhlükəsizlik bərqərar olsun".
Reuters agentliyinin verdiyi xəbərə görə, Yunanıstanın maliyyə naziri Yanis Varufakis Avropa qrupunun prezidenti Jeroen Dijsselbloema məktub göndərərək deyib ki, Yunanıstanın borcu barədə danışıqlar davam etdirilməlidir.


Varufakis deyib ki, bu ona görə vacibdir ki, Yunanıstan rəhbərliyi bazar günü keçiriləcək referendumun nəticələrini nəzərə alsın.
"Bizim hökumət referendumun nəticələrinə böyük hörmətlə yanaşır və bundan Yunanıstanın avrozonanın ayrılmaz hissəsi olduğunu yenidən bəyan etmək üçün istifadə edəcək", - o deyir.
"Avropa Birliyinin sazişlərində Avropa valyuta ittifaqından çıxmaq barədə heç nə deyilmədiyinə görə referendum Yunanıstanın bu ittifaqda üzvlüyü barədə nə birbaşa, nə də dolayısı ilə heç bir məsələ qoymur", - Reuters agentliyi Varoufakisin əlinə keçdiyi məktubundan iqtibas gətirir.
Bu arada Yunanıstanın baş naziri Aleksis Tsipras bəyan edib ki, yunanlar beynəlxalq kredit təşkilatların şərtlərini rədd etməlıdir.

Birjalarda eniş

Yunanıstanın banklarını bağlaması və nəzarəti gücləndirməsinin ardından Avropa və Asiyadakı fond bazarlarında böyük eniş müşahidə edilib.
Londonun FTSE 100 indeksində 2 faiz eniş baş verib. Asiyada isə Yaponiyanın Nikkei indeksi təxminən 3 faiz aşağı düşüb.


Valyuta bazarlarında avro bir məqamda 1.0953 dollara düşsə də, sonradan bərpa olub.
Avropanın digər yerlərində, Almaniyanın DAX indeksi və Fransanın Cac 40 indeksi 3 faizdən artəq aşağı düşüb. Afinanın Fond Birjası və yunan bankları bütün həftə boyu bağlı olacaq.
Yunanıstan hökuməti təsdiqləyib ki, banklar bütün həftə boyu bağlı olacaq. Avropa Mərkəzi Bankı yunan banklarına yardımın uzadılmasına razılıq verməyib.
Nəğd pul çıxarılması günə 60 avro limitinə endirilir, qərarda deyilir.

Referendum

Afina çərşənbə axşamı BVF-ə 1,6 milyard avro ödəmə etməlidir. Həmin gün ölkəyə iqtisadi yardım paketinin müddəti də başa çatır.
Daha əvvəl Yunanıstanla avrozona ölkələrinin yardım paketi ilə bağlı danışıqları heç bir razılıq olmadan başa çatıb.
Bundan sonra baş nazir Aleksis Tsipras iyulun 5-də məsələ ilə bağlı referendumun keçirilməsinə çağırıb.
Parlament referendumla bağlı planı təsdiqləyib.
Yunanıstan defolt riski ilə üzləşib və avrozonanı tərk etməyə yaxındır.
Bankların bağlanması ilə bağlı qərar rəsmi dövlət qəzetində dərc edilib. Yunanıstan hökuməti bu qərara bazar günü keçirilmiş görüşdə gəlib.


Sənəddə deyilir ki, avrozona "Yunanıstana yardım razılaşmasını uzatmaqdan imtina etdiyi üçün" bu cür tədbirlərin həyata keçirilməsinə qərar verilib.
60 avro məhdudiyyəti xarici bank kartları olan şəxslərə aid edilməyəcək.
Yunanlar həftə sonu banklardan pul çıxartmaq üçün növbəyə düzülüblər. Nəticədə bəzi bankomatlarda əmanət tükənib.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.