Dünya

Hələbdə ağlasığmaz qəddarlıq

5 May 2015 21:49
0 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın ikinci böyük şəhəri olan Hələbin sakinləri ağlagəlməz qəddarlıqdan əziyyət çəkir, Amnesty İnternational bildirib.

Yeni hesabatda iddia olunur ki, hökumət qoşunları və bir çox üsyançı qruplar gündəlik olaraq müharibə cinayətləri törədirlər.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, hökumətin son həftələr ərzində üsyançıların hücumuna qarşı bombalamanı gücləndirdiyi bildirilir.
 

Prezident Bəşər əl-Əssəd cümə günü müsahibəsində, onun qüvvələrinin çəllək bombalarından istifadə etməsini qəti təkzib edib.

Həmçinin baxın: çəllək bombası nədir?
 

Bazar günü bombanın məktəbə düşməsi nəticəsində uşaqlar və müəllimlər daxil olmaqla, ən azı 10 nəfər həlak olub.

Yerli jurnalist Zaina Erhaim bazar ertəsi BBC-ə bildirib ki, o, uşaqların naləsini eşidib və xilasedicilərin insanları dağıntılar arasından çıxarmaqda çətinlik çəkdiyini görüb.
 

Ardıcıl hücumlar
 

Amnesty-nin hesabatında deyilir ki, 2014-cü ilin yanvar ayından 2015-ci ilin mart ayına qədər hökumət təyyarələri çəllək bombalarından - neft çəlləyi, yanacaq çənləri və ya partlayıcı maddə dolu qaz balonları - istifadə edərək Hələbin üsyançılar tərəfindən nəzarətdə olan ərazilərinə mütəmadi hücumlar təşkil edib.

Onların hədəfləri sırasında 14 ictimai market, 12 nəqliyyat qovşağı, 23 məscid, 17 hospital və tibb mərkəzi və üç məktəb olub.

"Mən hər yerdə başsız uşaqlar, bədən hissələri görmüşəm. Mən cəhənnəmi bu cür təsəvvür edirdim," 2014-cü ildə əl-Fardous rayonununa hücumun nəticələrini izah edən yerli zavod işçisi bildirib.
 

Baş vermiş səkkiz hücum sonrası ölənlərin əksəriyyəti dinc sakinlər olub, Amnesty-nin araşdırmaları deyir. Violation Documentation Center monitorinq qrupuna görə, çəllək bombaları eyni dövrdə Hələb əyalətində ən azı 3124 sakini və 35 üsyançı döyüşçünü öldürüb.

Şəhər 2012-ci ildə, döyüşlər başlayandan bəri hökumət və üsyançıların arasında ikiyə bölünüb.
 

Amnesty bildirib ki, sübutlara görə Hələbdəki hava hücumları "bilərəkdən dinc sakinləri və mülki obyektləri hədəf alıb".

"Hələbdə dövlət siyasətinin bir hissəsi kimi həyata keçirilmiş müki şəxslərə qarşı bu cür sistemli hücum, həmçinin insanlığa qarşı cinayətə şahidlik edir", hesabatda qeyd olunur.
 

Hələbdəki silahlı müxalifət də 2014-cü ildə minaatanlar və"cəhənnəm topları" adlandırılan qeyri-dəqiq silahlardan istifadə edərək ən azı 600 dinc sakinin ölümünə səbəb olduğu üçün müharibə cinayətləri törətməkdə ittiham olunub.
 

Hesabatda həmçinin Hələbdəki hökumət və üsyançı qüvvələr tərəfindən sakinlərin geniş miqyaslı işgəncəsi, əsassız həbs və oğurluq halları göstərilir.
 

Cəhənnəm dairəsi
 

Sakinlərdən biri Hələbi "cəhənnəm dairəsi" kimi təsvir edib. "Küçələr qanla doludur. Qətlə yetirilmiş insanlar döyüşən insanlar deyil," o bildirib.

"Bir il bundan əvvəl BMT insan haqlarının pozulmasına, xüsusilə də çəllək bombalarına qarşı qətnamə çıxarıb və hökumətin əməl etməyəcəyi halda pis nəticələrin olacağını bildirib," Amnesty-nin Yaxın Şərq və Şimali Amerika proqramı üzrə direktoru Philip Luther bildirib.
 

"Bu gün beynəlxalq ictimaiyyət Hələbin dinc sakinlərinin artan faciəsinə arxasını çevirib".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.