Dünya

Reyqanın müşaviri: "Onda ermənilər dünya qarşısında, xüsusilə də türklər qarşısında tarixi yalana görə üzr istəməli olacaqlar"

26 Aprel 2015 14:15
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyqırım məsələsinə görə Ermənistanın hüquqi əsası yoxdur və beynəlxaq məhkəməyə müraciət etməyə hazır deyil.


Anspress-in məlumatına görə, bu barədə Qərbi-Erməni Konqressinin sədri, beynəlxalq hüquq üzrə ekspert Suren Seraydaryan bildirib.

"Ermənistan beynəlxalq məhkəməyə hüquqi sənədlərlə müraciət etməyə tamamilə hazırlıqsızdır. Böyük işlər görülməlidir və bunun üçün xüsusi qrup yaradılıb", - deyə uydurma soyqırımın 100 illiyi ilə bağlı İrəvanda səfərdə olan Seraydaryan vurğulayıb.

Amma erməni ekspert həmin qrupun işinin uğurla nəticələnəcəyinə tam əmin deyil. Onun fikrincə, işçi qrup hüquqi əsasları tam öyrəndikdən sonra beynəlxalq məhkəməyə və ya danışıqlar üçün Türkiyəyə müraciət üçün qərar verməlidir.

"Bu məsələyə emosional yanaşmaq olmaz, səhv buraxmamaq üçün çox ehtiyatlı olmalıyıq. Birinci Dünya müharibəsinin başlamasına hazır deyildik, buna görə darmadağın olduq, müstəqilliyə də, sovet sisteminə də hazır deyildik. Hər dəfə tələyə düşdük. Amma indi hazır olmalıyıq, dünyanın 5 il sonra harda olacağını indidən müəyyən etməliyik", - deyə Suren Seraydaryan qeyd edib.

Böyük ehtimalla, erməni ekspert beynəlxalq məhkəmə nəticəsində Ermənistanın iddialarının tam tərsinin ortaya çıxacağından qorxur. Çünki indiyə kimi aparılmış bir çox araşdırmalar erməni iddialarının yersiz olduğunu ortaya çıxarıb. Məsələn, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın müşaviri Bryus Feynin iki il qabaq dediyi sözlərə görə, prezident Ronald Reyqanın əmri ilə 1915-ci ildə baş vermiş hadisələri araşdıran ABŞ hakimiyyəti bu qərara gəlib ki, "erməni soyqırımı" iddialarının əsası yoxdur, çünki 1915-ci ildə türk daha çox ölüb.

"Prezident Reyqanın əmri ilə biz bu məsələ ilə bağlı araşdırma apardıq. Avropa ölkələrinin və o vaxtkı Osmanlı imperiyasının hərbi arxivlərində saxlanan materialları aşkarladıq. Araşdırma göstərdi ki, ermənilərin soyqırım iddiaları əsassızdır. "Erməni soyqırımı" barədə nağıllar erməni tarixçilərinin uydurmasının məhsuludur", - deyə Bryus Feyn bildirib.

Onun sözlərinə görə, erməni quldur dəstələri Anadoluda iki milyondan artıq türkü qətlə yetirib: "Erməni birləşmələri Qafqazda Rusiya ordusu ilə birlikdə döyüşüb. Onlar türk və gürcü kəndlərini qarət eləyiblər, dinc əhalini qırıblar. Bu məlumatlara görə, təxminən 2 milyon adam ölüb. Araşdırma zamanı Türkiyə tərəfi arxivlərindən istifadə etməyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən tamamilə imtina etdilər. Mənim fikrimcə, bu arxivlər açılsa, həqiqət mütləq ortaya çıxacaq. Onda ermənilər dünya qarşısında, xüsusilə də türklər qarşısında tarixi yalana görə üzr istəməli olacaqlar", - deyə Bryus Feyn vurğulayıb.

Məhz buna görə də, Qərbi-Erməni Konqressinin sədri, beynəlxalq hüquq üzrə ekspert Suren Seraydaryan erməniləri bu məsələdə ehtiyatlı olmağa və beynəlxalq məhkəməyə müraciət etməməyə çağırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.