Dünya

"Gürcüstan faktiki olaraq Azərbaycana xəyanət etdi"

5 Mart 2015 15:06
Baxış: 2 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Rusiya hərbi maşınları Gürcüstan ərazisindən keçərək Ermənistana daxil oldu. Bunu Gürcüstanın Daxili İşlər Nazirliyi Gürcüstan vətəndaşının şəxsi kommersiya addımı kimi dəyərləndirdi. Guya RF-in Şimali Qafqaz regionundakı hərbi hissələrinin birində bu maşınlar istismar müddətini başa vurduğu üçün satışa çıxarılıb. Gürcüstan vətəndaşı bu maşınları alıb ehtiyat hissələri formasında Gürcüstanda satacaqdır".

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi bu açıqlama heç bir tənqidə dözməyən səfsətədir: "Gürcüstan vətəndaşı hətta Rusiya ərazisində bəlli məbləğdən yuxarı soğan almaq ixtiyarına malik deyil. Gürcüstanda qüvvədə olan "işğal olunmuş ərazilər haqqında" qanun buna imkan vermir. Hərbi texnikanın isə növündən və istismar müddətindən asılı olmayaraq Gürcüstan vətəndaşı tərəfindən alınması qadağandır. Rusiya hərbi maşınları Daxili İşlər Nazirliyinin himayəsi ilə Gürcüstan ərazisinə daxil oldu. Yeni nazir Qomelauri keçmiş baş nazir B.İvanişvilinin Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş şəxsdir. RF hərbi maşınlarının Gürcüstanın ərazisinə daxil olması korrupsiya tutumundan daha çox, siyasi tutuma malikdir".

M.Əhmədoğlu bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərdə xroniki problemlər özünü kumulyativ formada göstərdi: "Gürcüstan heç bir zaman Azərbaycanın ərazi bütövlüyünə real dəstək verməyib. Verdiyi dəstək yalnız ritorik dəstək olub. O cümlədən, Azərbaycan xarici işlər naziri E.Məmmədyarovun Gürcüstana səfəri zamanı da Gürcüstanın xarici işlər naziri T.Beruçaşvili həmin ritorik fonu davam etdirdi. Gürcüstan Parlamentinin spikeri Ermənistanda səfərdə olarkən regional münaqişələrin tənzimlənməsi ilə bağlı səsləndirdiyi mövqe də Ermənistanın xoşuna gəlməyə hesablanmışdı. Beləliklə, Gürcüstan hətta ritorikadan imtina edib Ermənistanın mövqeyini dəstəkləməyə başladı. Normal məntiqlə Gürcüstanın balansı Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə pozmasının heç bir elmi, politoloji və iqtisadi əsası yoxdur. Hətta Gürcüstan fikirləşirsə ki, neft və qazının nəqlinə görə Azərbaycan Gürcüstandan asılıdırsa, bunun yalnız bir mənası var: Xəbislik. Çünki bununla Gürcüstan həm də özünün oturduğu gəmini deşir. Ümumiyyətlə, Gürcüstan rəhbərliyinin belə hərəkəti Azərbaycan neft-qaz kəmərlərinin Gürcüstan ərazisindən keçən hissəsinə daha böyük təhlükəni aktivləşdirir".

Onun sözlərinə görə, Rusiya Gürcüstanın daxilində istənilən qərbyönümlü layihəni dayandırmağa çox yaxındır. Bu zaman seçim Gürcüstandan deyil, Rusiyadan asılıdır: "NATO-nun Gürcüstandakı təlim mərkəzinin, yoxsa Bakı-Tbilisi-Ceyhanı ləğv etməyi Rusiya müəyyənləşdirəcəkdir. Bəlkə də bütün qərbyönümlü layihələrin reallaşdırılmasının qarşısını almağı düşünür? Hər halda Gürcüstan hökumətinin indiki siyasəti yalnız əmin şəxslərin özlərinin şəxsi və siyasi ehtiyaclarının ödənilməsinə yönəlib. Bütün baş verənlər Gürcüstan dövlətçiliyini ciddi təhlükə altına qoyur. Təbii ki, Gürcüstanın rəhbərliyində olanlar bunu başa düşürlər. Onların fikrincə, Gürcüstan dövlətçiliyi Rusiya ilə Ermənistan arasında bölüşdürüləcəkdir. Nəzəri cəhətdən Gürcüstan dövlətçiliyinin dağılacağı təqdirdə bu ərazilərin bir qisminin Azərbaycan və Türkiyəyə çatması da mümkündür. Rusiyanın Gürcüstandakı aktivliyinin İvanişvili komandasının sanksiyası ilə başlamasının əlaməti ötən ilin sonlarında göründü. Poti Limanın 49%-lik səhm paketinin Gürcüstan vətəndaşı tərəfindən "Rosneft"ə satıldı. Həmin Gürcüstan vətəndaşı 2% -lik səhm paketini də "Rosneft"ə satacaqdır. Bir az qiyməti qaldırması mümkündür. Məsələ burasındadır ki, Gürcüstan hökuməti "işğal olunmuş ərazilər haqqında qanun"un tətbiqinə icazə vermədi.

Gürcüstan rəsmiləri səfsətə ilə Gürcüstan ərazisi vasitəsilə RF hərbi texnikasının Ermənistana getməsinin Gürcüstana və ya Azərbaycana təhlükə yaratmayacağını əsaslandıra bilərlər. Əslində, Gürcüstanın indiki rəhbərliyi ən böyük təhlükəni özləri üçün yaratdılar. Bu həm hərbi, həm də geosiyasi tutumlu təhlükədir. Rusiya Cənubi Osetiya ilə "Strateji Əməkdaşlıq Haqqında" müqavilə imzaladığı günlərdə öz hərbi texnikasını da Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərdi. Bununla da, Rusiya hökuməti Gürcüstan hökumətinin sındığını bütün dünyaya bəyan etdi. Vaxtilə rusiyalı ekspertlərdən biri Gürcüstan ərazilərinin bir qisminin işğal edilməsi ilə Ermənistanın Rusiyaya birləşdirilməsi planını mətbuata açıqlamışdı. İndi həmin planın reallaşmasında ciddi addım atıldı. B.İvanişvili - İ.Qaribaşvili cütlüyü dolayı yolla Gürcüstan ərazilərinin işğalı hesabına Ermənistanla Rusiyanın coğrafi baxımdan birləşməsi planının reallaşmasına razılıqlarını bildirdilər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.