Dünya

Azərbaycan hərbçilərinin olduğu təyyarənin Türkiyədə qəzaya uğraması barədə məlumatlara aydınlıq gətirilib - YENİLƏNİB

5 Mart 2015 13:10
8 Şərh     Baxış: 8 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:10

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbçilərinin də olduğu təyyarənin Türkiyədə təlim uçuşu zamanı qəzaya uğraması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbçiləri təlimlərdə tam heyətlə iştirak edir və hər hansı itki yoxdur.

Müdafiə Nazirliyindən Türkiyə təyyarəsinin məhz təlim zamanı qəzaya uğraması barədə onlarda məlumat olmadığını deyiblər.

Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, hadisə Türkiyə və Azərbaycan Hava Qüvvələrinin birgə keçirdikləri "TurAz Şahini 2015" təlimləri zamanı baş verib. Qəza nəticəsində 2 pilot dünyasını dəyişib. Döyüş təyyarəsi Türkiyə Hava Qüvvələrinə aiddir.

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, "TurAz Şahini 2015" təlimləri başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

---------
13:06

Türkiyə Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 09.50-də baş verib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əskişəhərdən təlim uçuşu keçirmək üçün havaya qalxan "F4 E 2020" təyyarəsinin Konya ərazisində naməlum səbəbdən qəzaya uğradığını açıqlayıb. Nəticədə 2 pilot həlak olub. Olayın səbəbləri araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.