Dünya

Vasilyevski enişi - Moskvadan reportaj - FOTOSESSİYA

28 Fevral 2015 16:32
0 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fevralın 27-də gecə saatlarında Rusiyanın tanınmış müxalifətçisi Boris Nemtsovun qətlə yetirilməsi dünya gündəminin əsas hadisələrindən birinə çevrilib.

Bu gün səhər saatlarından başlayaraq Boris Nemtsovun qətlə yetirildiyi yerə onun yaxın dostları, tərəfdaşları və paytaxt sakinləri gəliblər. APA-nın Moskva müxbiri qətlin törədildiyi məkanda olub, hadisə yerindən reportaj hazırlayıb.  
 
Vasilyevski enişi... qətlin baş verdiyi məkan
 
Rusiya müxalifətinin liderlərindən biri, 90-cı illərdə baş nazirin müavini vəzifəsində çalışmış, Yaroslavl vilayət Dumasnın deputatı olan Boris Nemtsov 54 yaşında, fevralın 27-də gecə saat 23:40 radələrində Kremlin bir addımlığında qətlə yetirildi. Onun ölüm xəbəri mətbuatda böyük sürətlə yayıldı. Məlumatı ilkin olaraq rəsmi TASS agentliyi yaysa da, sosial şəbəkələrdə və yerli KİV-lərdə xəbərin yalan ola biləcəyi ehtimalları barədə məlumatlar da yayılırdı. Nəhayət, Rusiya Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi Boris Nemtsovun qətli ilə bağlı rəsmi məlumat yaydı.
 
Qətldən təxminən bir saat sonra isə prezident Vladimir Putinin Boris Nemtsovun qətli ilə bağlı münasibəti yayıldı. Prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Boris Nemtsovun qətlinin sifariş və təxribat adlandırdığını, ailəsinə dərin hüznlə başsağlığı verdiyini söylədi. Prezident qətlin üstünün açılması üçün İstintaq Komitəsi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinə cinayət işinin şəxsi nəzarətinə götürülməsi ilə bağlı tapşırıqlar verdi.
 
Hadisənin üstündən 12 saatdan çox vaxt keçib. Hazırda paytaxt əhalisi, Boris Nemtsovun yaxın dostları, tanışları və tərəfdaşları hadisənin baş verdiyi yerə gəlirlər. Ərazidə çoxlu sayda polis maşınları, xüsusi təyinatlı polis dəstələri - OMON var.
 
Qətl hadisəsi ölkədə və dünyada geniş ictimai rezonans doğurub. Hadisə yerindən yerli və xarici KİV-lər reportaj hazırlayırlar.
 
Boris Nemtsovun yaxın dostu Anatoli Çubays da qətlin baş verdiyi yerə gəlib. O, jurnalistlərə açıqlamasında Boris Nemtsovun qətlindən şok keçirdiyini söyləyib: "Heç nə deyə bilmirəm. Bircə onu deyə bilərəm ki, Boris artıq yoxdur. O öldürülüb".
 
İrina Xakamada, həmçinin Kirov vilayətinin qubernatoru Nikita Belıx da bu qətldən danışıblar. Qubernator qətldən 3-4 saat qabaq Nemtsovla telefonla danışdığını söyləyib: "Mən sadəcə şokdayam. Boris indi həyatda yoxdur. Axırıncı dəfə onunla ölümündən 3-4 saat qabaq telefonla danışmışam. Dedik-güldük. Köhnə söhbətləri xatırladıq".
 
Boris Nemtsovun tərəfdaşları qətlin hansı səbəbdən törədilə biləcəyi ilə bağlı münasibət bildirmək istəməyiblər.
 
Hadisənin baş verdiyi yerə ABŞ-ın Rusiyadakı səfiri Con Teft də gəlib. O cümlədən Rusiya Dövlət Dumasının deputatları və bir sıra tanınmış siyasətçilər, dövlət adamları qətlin baş verdiyi yerə gələrək, gül dəstələri qoyublar.
 
Rusiyalı siyasətçilər, politoloqlar Boris Nemtsovun qətlinin Rusiya cəmiyyətinə qəddar çağırış olduğunu söyləyiblər. Rusiya İctimai Palatasının üzvü, tanınmış siyasətçi Sergey Markov APA-nın Moskva müxbirinə açıqlamasında qətlin Rusiyadan kənardan sifariş verildiyini bildirib. Onun sözlərinə görə, Boris Nemtsovun qətli Rusiyada "Maydan" düzəltmək istəyənlərin sifarişidir: "Bu, martın 1-də müxalifətin keçirmək istədiyi aksiyaya qəddar hazırlıqdır. Putinin düşmənləri onu kəskin tənqid edən Boris Nemtsovu öldürdülər ki, bunda Putin hakimiyyətini ittiham etsinlər. İndi Rusiya hüquq-mühafizə orqanları qətlin üstünün tez bir zamanda açmaqla, bunu edənlərə yüksək səviyyədə cavab verməlidir".
 
"Boris Nemtsovun qətli Rusiya cəmiyyətinə qəddar çağırışdır. Ölkədə siyasi sabitliyi pozmaq üçün atılan addımdır". Bunu isə digər rusiyalı politoloq Aleksey Martınov bildirib.
 
Moskva meriyası müxalifətə, Boris Nemtsovun tərəfdaşlarına cənazə marşı keçirmək üçün artıq icazə verib. Cənazə marşı bu gün Moskva vaxtı ilə saat 15:00 Kitay-qorod metrosunun yaxınlığından başlayır. Bunu jurnalistlərə açıqlamasında Boris Nemtsovun tərəfdaşı, müxalifətçi İlya Yaşin bildirib. Onun sözlərinə görə, meriya cənazə marşının keçirilməsinə yardım edəcəyinə söz verib. 
 
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətli ilə bağlı əsas versiyaları açıqlayıb. İstintaq ölkə daxilində siyasi sabitliyi pozmaq-siyasi təxribat, islam ekstremizm izi, Ukrayna daxili hadisələr, kommersiya fəaliyyəti və məişət versiyaları üzərində işləyir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.