Dünya

Kissincerə görə dünya

1 Mart 2015 23:50
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Neçə müəllif heç də özündən razı səslənmədən kitabının adını sadəcə "Dünya Nizamı" (World Order - Henry Kissinger) qoya bilər? Henri Kissincer hələ də başqa müəlliflərdən fərqlənir. O, həm pərəstişkarlar, həm də tənqidçilər üçün təkcə ABŞ-ın sabiq xarici işlər naziri və milli təhlükəsizlik üzrə keçmiş müşavir deyil. Bəziləri onun ABŞ-ın xarici siyasətində nümunəvi rol oynadığını hesab edir, bəziləri onun dünənki dünyada qalmış, milli maraqların irəliləməsini əsas prinsip kimi götürən mühafizəkar hesab edir, bəziləri isə onun hələ də nifrət obyekti olduğunu düşünürlər. Nə düşünmələrindən asılı olmayaraq, o, hər kəs üçün qeyri-adi bir insandır. Kissincer haqqında fikirlərin necə olmasından asılı olmayaraq, onun kitabı olduqca dəyərli bir kitabdır.

"Dünya Nizamı" kitabının vaxtında çıxdığını demək belə onun əhəmiyyətini olduğundan az göstərər, çünki 2014-cü ildə bütün dünyanın arzuladığı bir şey var idisə, o da nizam idi. Suriyada gedən vətəndaş müharibəsi ilə Yaxın Şərqdə yüz minlərlə insan həlak oldu və cihadçı qrupların bütün regionun stabilliyini təhlükə altına atmasına imkan yarandı. Asiyada isə iqtisadiyyatı canlanan Çin iddialarını daha da artırıb qonşu ölkələr arasındanarahatlıöa səbəb oldu. Qərbi Afrikada ebola pandemiyası nəticəsində bir neçə dövlətdə zəruri olmayan qurumlar fəaliyyətlərini dayandırmaq səviyyəsinə gəldilər. Hətta dünyanın qaydalara ən çox əməl edən və təşkilatiləşmiş hissəsi olan Avropada belə Rusiya prezidenti Vladimir Putinin hərbi təcavüzdən yenidən siyasi vasitə kimi istifadə etməsi ilə dəyər verilən liberal qaydalar birbaşa pozuldu.

Daha çox narahat edən məqam odur ki, qlobal nizamın ənənəvi himayədarlarının indi bu nizamı qorumağa istəksiz olduqları görünür. Ölkə daxili problemlərlə maraqlanmaq əvəzinə müdaxilə strategiyasını üstün tutan ABŞ və başqa qərb ölkələri Əfqanıstan və İraqda uzun sürən, baha başa gələn müharibələrdən sonra müdaxilənin nəticələrindən əziyyət çəkirlər. Nüfuzu artan ölkələr də bu vaxta qədər beynəlxalq stabilliyi qorumaqda ya istəksiz olmuş, ya da bunu bacarmamışdılar.

Tarix üzrə təhsil almış strateq Kissincer indiki vəziyyətin gələcəkdə göstərəcəyi nəticələrə baxır. Kitabın əsasını onun dünya nizamı ideyasına verilən müxtəlif şərhləri və bu nizamın qurulması üzrə bir-birinə rəqib olan yanaşmaları araşdırması təşkil edir. Kissincer dünya nizamına "ədalətli tənzimləmələrin xüsusiyyətləri və bütün dünyaya uyğun olduğu düşünülən gücün paylanması haqqında bir region və ya sivilizasiya tərəfindən müəyyənləşdirilən bir anlayış" kimi tərif verməklə kitaba başlayır və bu növ sistemin iki komponent əsasında qurulduğunu göstərir: "icazə verilən fəaliyyətin sərhədlərini müəyyənləşdirən, hamılıqla qəbul edilmiş qaydalar toplusu və qaydaların pozulduğu hallarda bir siyasi qurumun digərlərini özünə tabe etməsinin qarşısını alaraq məhdudiyyətlər qoyan siyasi müvazinət."

Belə görünür ki, Kissincer ən əhəmiyyətli ideyaların güc sahibi olanlara məxsus olduğunu düşünsə də, onun dünyasında təkcə iqtisadi sərvət və hərbi qüvvədən gələn gücdən yox, eyni zamanda ideyaların gücündən söhbət gedir. Onun fikrincə, demək olar ki, dörd əsr beynəlxalq sistemi dəstəkləmiş suverenlik və qeyri-müdaxilə kimi ənənəvi anlayışlar hələ də öz hökmünü davam etdirir. Bununla belə, bu gün güclü qüvvələr bu sistemi idarə etmək üçün teokratiyadan tutmuş avtoritar kapitalizmə qədər alternativ yollar təbliğ etdiyindən sistem daima dəyişməkdədir. Ancaq Kissincer belə iddia edir ki, geniş yayılmış struktur dünya nizamının qanunilik və siyasi müvazinət olmaqla iki əsas hədəfinə çatmağa kömək edir. Yəqin ki, kitabda verilən ismarıclardan ən aydın olanı xəbərdarlıqdır: mövcud prinsip qədər effektiv olacaq hazır alternativ yoxdursa, təşkilat prinsipini əldən verməyin.

VESTFALİYA (WESTPHALIA) 2.0

Kissincer bu gün mövcud olan beynəlxalq sistemin bütövlükdə davamlı olmasını XVII əsrin avropalı dövlət xadimlərinin fərasətinə borclu olduğunu düşünür. Müasir dövlət sistemi bir əsr sürən məzhəb qarşıdurmasından sonra Otuzillik müharibənin Vestfaliya sülhünün bağlanması üçün Avropa ölklərinin nümayəndələrini bir araya gətirdiyi vaxt - 1648-ci ildə yarandı. Bu ölkələrin bağladıqları sazişlərdə suveren dövlətlər ideyası beynəlxalq nizamın əsası kimi öz əksini tapdı. 1814-15-ci illərdə keçirilən Vyana konqresində Fransanın nümayəndəsi Taleyran və Avstriyanın xarici işlər naziri Klemens von Metternix açıq şəkildə beynəlxalq sistemin idarə edilməsi üsulu kimi siyasi müvazinət prinsipini irəli sürdülər. Müasir dövrün bəzi tarixçiləri və politoloqları Kissincerin Vestfaliya qurumlarını ideallaşdırmasına etiraz etsələr də, onun istedadlarından biri də tarixi strukturların bugünkü siyasətlə əlaqədar aktuallığını aşkar etmək bacarığıdır.

Bu məsələ ilə bağlı da, təbii ki, məhdudiyyətlər var: müstəmləkə vaxtlarından bəri qərbin dövlətlər və siyasət haqqında ideyaları digər regionlara zorla qəbul etdirilib və hələ də bu ideyalarla nizam və güc barədə etinasızlıq göstərilməsi mümkün olmayan daha köhnə fikirlər arasında rəqabət gedir. Bu, xüsusilə Yaxın Şərq üçün doğrudur. Belə ki, bu kitab müasir müsəlman dünyasında şiə və sünnilər arasındakı təfriqənin və Vestfaliya sistemi Avropadan kənara çıxdıqdan sonra dünyəvi dövlətlərin yaranmasının davam edən təsirini təhlil edir. Bu gün transmilli siyasi islam həm Müsəlman Qardaşlar kimi siyasi hərəkatlar, həm də əl-Qaidə və İŞİD kimi cihadçı qruplarla Avropa üslubunda yaradılmış milli hökumətlərdən ibarət regional nizam üçün təhlükə yaradır. Kissincerin fikrincə, cihadçı qrupların yaranması yeni - "dövlətçiliyin regionda Vestfaliya sülhündən əvvəl Avropada baş verən din əsaslı müharibələrə bənzər, ancaq bu müharibələrdən daha böyük qarşıdurma riskini yaradacaq şəkildə qəbilə və təriqətçi hissələrə parçalanması" təhlükəsinin olduğunu göstərir.

Kissincer Yaxın Şərqlə bağlı araşdırmasında ABŞ və İran arasındakı münasibəti, liberal dünya nizamının himayədarı hesab olunan dövləti özünü bu sistemdən qəsdən kənar tutan bir dövlətə qarşı münaqişə vəziyyətində qoyan rəqabətə də yer verib. Kissincer İranın dövlətçiliyini imperiya dövrünə qədər izləyərək İranın həmişə normal bir dövlətdən daha çox iş görməyi arzuladığını vurğulayır. Bu ənənə İranın nüvə proqramı ilə bağlı keçirilən çoxtərəfli danışıqlara böyük təsir göstərir. Kissincer belə bir fikir irəli sürür ki, ABŞ müdaxilə etməmə prinsipinə əsaslanaraq İranla əməkdaşlıq əlaqələrini gücləndirir. Konstruktiv diplomatiya kifayət olmadığı halda isə ABŞ regionun sünni qüvvələri ilə əlaqələrdən təsir vasitəsi kimi istifadə edərək İranı əməkdaşlığa razı salmaq üçün siyasi müvazinət strategiyasını tətbiq etməlidir. Vaşinqtonun İranla əlaqələrin yaxşılaşdırılması cəhdinin nəticəsi "İranın inqilabçı islam, yoxsa Vestfaliya dövlətlər sistemində qanuni və önəmli şəkildə öz yerini tutan böyük bir ölkənin yolundan gedib-getmədiyini" müəyyənləşdirə bilər.

Asiya da qərbin dünya nizamı ilə bağlı anlayışlarının uzun müddət yerli fikirlərlə rəqabət apardığı başqa bir regiondur. Asiya regionu ideyasının özü belə qərbdən gəlib: XV əsrdə müasir qərb qüvvələrinin gəlişindən əvvəl regiondakı heç bir dildə Asiya üçün söz olmayıb, bu dillərin daşıyıcılarında isə vahid bir qitəyə aid olma hissi o qədər də yoxdur. Kissincer Çinə xüsusi diqqət ayırır və ölkənin güc mərkəzi yox, yalnız suveren bir hökumət olduğu ilə bağlı fikrin mahiyyəti üçün uzun məsafələr qət edir. O, belə düşünür ki, Çinin XXI əsrdə inkişafı ənənəvi fikirlərin təkrarlanmasını da özü ilə gətirir, belə ki, Pekin qədim ənənəsi ilə "Vestfaliya nümunəsi üzrə müasir, böyük bir qüvvə kimi" yeni rolu arasında sintez qurmağa çalışır. Kissincer Çin və ABŞ-ın demokratiya və insan hüquqları ilə bağlı fikirlərinin fərqli olduğu xəbərdarlığını etsə də, iki ölkənin də münaqişələrin qarşısının alınmasında ortaq maraqlarının olduğunu vurğulayır. Əslində, "Dünya Nizamı" kitabında ABŞ-Çin əlaqələrinin Çinin Asiyadakı qonşu ölkələrlə əlaqələrindən daha az risk daşıya biləcəyi göstərilir. Kissincer oxuculara xatırladır ki, Şərqi Asiyanın demək olar hər bir ölkəsinin fikir ayrılıqlarını qarşıdurmaya çevirərək "inkişaf etdiyini" düşündüyü bir regiondur.

ÖHDƏLİK QAYDALARI

Kissincer üçün ən maraqlı məqam ən yaxşı tanıdığı ölkəni nəzərdən keçirməkdir, bu ölkə isə ABŞ-dır. Kitabda ABŞ-ın dünyada oynadığı müvafiq rol haqqında Vaşinqtonda gedən hazırki müzakirə ilə bağlı bəzi tənqidi şərhlər verilir. Kissincer isə sadəcə bir ekspertdir və onun analizi ABŞ-ın xarici siyasətini tarixən formalaşdırmış iki rəqib düşüncənin dərindən araşdırılmasına əsaslanır, bu fərqli düşüncələr isə prezident Teodor Ruzveltin praqmatik realizmi və prezident Vudro Vilsonun liberal idealizmidir.

Kissincer bəzən fikirlərini abstrakt anlayışlarla ifadə etsə də, onun prezident Barak Obamanı kifayət qədər liderlik göstərməməkdə günahlandıran tənqidçilər haqqında nə düşündüyünü anlamaq asandır. ABŞ-ın böyük məqsədlərə apardığı və yarıda qoyduğu bir neçə müharibəyə işarə edən Kissincer ABŞ-ın gücünün sərhədlərini görə bilməyən, xarici siyasətlə bağlı tam fəlakətlərə olmasa da, məyusluq yaranmasına səbəb olan idealist qurumlarla bağlı şübhələrini gizlətmir. O yazır: "Tənqidçilər bu uğursuzluqları Amerika liderlərinin mənəvi və intellektual çatışmazlıqlarının üstünə atacaqlar. Tarixçilər isə, çox güman ki, bunların güc və diplomatiya, realizm və idealizm, güc və qanunilik haqqındakı fikir ayrılıqlarının aradan qalıdırılmamasının nəticəsi olduğu qənaətinə gələcəklər."

Kissincer davam edən çəkişmələrə məhdudiyyət qoyulmasının tərəfdarı olsa da, ABŞ-ın xarici siyasətində Ruzvelt və Vilson arasında qalaraq liberal dəyərlərin də önəmli rol oynadığını etiraf edir. "Amerika bu lazımi idealizmə sahib çıxmasaydı, öz doğrularını inkar etmiş olardı" - o bildirir. Kissincer Vaşinqtonun qərb normalarının müdafiəçisi kimi xüsusi rolu olduğunu qəbul etsə də, "dünya nizamının yalnız bir ölkənin fəaliyyəti ilə təmin edilə bilməyəcəyini" vurğulayır. Avropa ölkələri ABŞ-ın ən önəmli müttəfiqləri olaraq qalır və Kissincer bunu da vurğulayır ki, bu ölkələr təkcə qərbin beynəlxalq məsələlərdə nüfuzunu ən yüksək səviyyəyə çatdırmaq üçün yox, eyni zamanda bir-birlərinin ən pis xüsusiyyətlərini cilovlamaq üçün çalışaraq münasibətlər qurduqda vəziyyət daha da yaxşılaşır.

Kissincer demokratik hökumətlərin bəzən özlərini həddindən artıq haqlı bilmələri ilə bağlı xəbərdarlıq etməkdə, şübhəsiz, haqlıdır. Ancaq bəlkə də, o, liberal beynəlmiləlçiliyin son növlərinə həddindən artıq skeptik yanaşır. Məsələn, o, iddia edir ki, "qorumaq məsuliyyəti" doktrinası beynəlxalq sistemin stabilliyini poza bilər. Həmin doktrinada bir dövlətin beynəlxalq ictimaiyyətin əhali adından fəaliyyət göstərməsini tələb edərək əhalinin kütləvi vəhşiliklərdən qorunmasını təmin edə bilmədiyi halda suveren, qeyri-müdaxilə hüququnu itirir. Liberal cəmiyyətlər isə bu prinsipi öz xalqından sui-istifadə etmiş və cəzadan yayınmağa çalışan qəddar liderlərin Vestfaliya normalarından istifadə etmələrinin qarşısını almaq üçün yaratmışdı.

Məsələyə bu cür düşüncə tərzi ilə yanaşan Kissincer bunu da qəbul edir ki, liberal dəyərlərə olan əsas öhdəliyə kəskin zərbə vurmuş siyasətin izlənilməsi qərbin demokratik hakimiyyətləri üçün getdikcə çətinləşəcək. O, eyni zamanda 2011-ci ilin ərəb üsyanlarının göstərdiyi kimi, zülmə əsaslanaraq uzunmüddətli stabilliyin təmin edilməsinin illuziya olduğunu bildirir.

TAMAMİLƏ YENİ BİR DÜNYA?

Kissincerin bildiyi qədərilə, milli hökumətlər hələ də beynəlxalq sistemin əsas iştirakçılarıdır. Nə beynəlxalq müəssisələr, nə də qeyri-dövlət qurumları onun kitabında mühüm rol oynayır. Bu baxımdan, Avropa ölkələrinin kiçik zorakılıq halları istisna olmaqla, bir əsr qitədə sülhü qoruyan davamlı bir sistemin yaradılması üçün Avropa ölkələrinin Vyanada toplaşdığı vaxtdan - 1814-cü ildən bəri çox şey dəyişməyib. Bu gün də vəziyyət 1914-cü ildən - bəzi böyük qüvvələrin Avropada əsl qlobal münaqişəyə çevrilmiş böyük bir müharibə başlatdığı vaxtdan da o qədər də fərqli deyil. Kissincerin kitabda dəfələrlə təkrarlanan xəbərdarlıq qeydləri bəşəriyyətin qüvvələrin öz nüfuzlarının artırılması və dövlətlərarası rəqabətlərin əvvəlki nümunələrinin öhdəsindən gəldiyini düşünənlərə yönəlib.

Bu ismarıc xüsusilə Vestfaliyadan sonrakı sərhədsiz dünyanın pioneri kimi təbliğ edilən Aİ-ə aiddir. Heç şübhəsiz, Aİ Avropanı kökündən dəyişib: sağçı millətçiliyin artmasına baxmayaraq, Aİ-ə üzv dövlətlərin gəncləri həm öz ölkələri, həm də bütövlükdə ittifaq vətəndaşı kimi göstərilmək istəyirlər. Bununla belə, dünyanın qalan yerlərinin də Avropanı izləmələrini gözləmək ehtiyatsızlıq və təhlükəli olardı. Regional inteqrasiya layihələri başqa yerlərdə davam etdirilsə də, Avropa təcrübəsi unikal olaraq qalacaq. Vestfaliya modelinin yarandığı Avropa irəli getməyə hazır ola bilər. Ancaq dünyanın digər yerləri buna hazır deyil və Kissincer ən yaxşısının elə bu olduğunu düşünür. Onun dediyi kimi: "Vestfaliya prinsipləri bu yazıda ümumən dünya nizamının əsası kimi qəbul edilir."

Ancaq Kissincer beynəlxalq sistemə təsir göstərən başqa amillərin, nizam və qeyri-nizamın qlobal iqtisadiyat, ətraf mühit və texnoloji dəyişiklər başda olmaqla başqa güclü mənbələrinin olduğundan xəbərdardır. Bununla belə, bu amillərin bəziləri Kissincerin kitabında ikinci dərəcəli rol oynayır.

Qloballaşmanın bir çox yerdə öz təsirini göstərməsi və nəticədə qarşılıqlı asılılığın mürəkkəbləşməsi özü ilə yeni çətinliklər gətirir. Məsələn, kapitalizmin və azad ticarətin yayılması milyonlarla insanı yoxsulluq şəraitindən çıxarsa da, eyni zamanda davamsız qeyri-bərabərlik səviyyələri də yaratdı. Qloballaşma nəticəsində iqtisadi cəhətdən yaranan qarşılıqlı asılılıq həm stabilləşdirici rol oynayıb inkişafı təşviq etsə də, həm də dağıdıcı qüvvə kimi çıxış edərək iqtisadi zərbələri artırır. Belə asılılıq məcbur etmə siyasətini dəyişib, belə ki, qərb dövlətləri artıq digər ölkələri beynəlxalq qaydalara əməl etməyə məcbur etmək üçün iqtisadi qüvvələrindən istifadə edirlər. Həmişə yaxşı nəticə verməsə də, İranı yenidən danışıqlara qaytaran bu strategiya qərbin Rusiyaya Ukraynadakı əməliyyatları dəyişdirməsi məqsədilə təzyiq göstərmək üçün yeganə seçimidir.

Dünya nizamı insanların səbəb olduğu, ancaq siyasətçilərin nəzarət edə bilmədiyi bir fenomen olan iqlim dəyişikliyinə də məruz qalacaq. İqlim dəyişikliyinin milyardlarla insanın həyatına təsir göstərməsinin qarşısının alınması üçün artıq çox gecdir. Bunun qlobal stabillik üçün həm yaxşı, həm də pis nəticələri ola bilər. II dünya müharibəsinin ölkələri daha davamlı bir beynəlxalq sistem qurmağa, BMT-ni və 1944-cü ildən bəri olduqca yaxşı fəaliyyət göstərmiş Bretton Woods müəssilərini yaratmağa vadar etdiyi kimi ekoloji bir fəlakət də bütün dünyanı bir araya gətirə bilər. Ya da, iqlim böhranı mövcud gərginlikləri gücləndirə, qlobal idarəetməyə zərbə vura və zəif dövlətlərin öz ərazilərini idarə etmək imkanlarını yox edə bilər.

Texnoloji dəyişiklik məsələsinə gəldikdə isə, aydındır ki, Kissincer bu cəsur yeni dünyada özünü tamamilə rahat hiss etmir. O, internetin müasir dövrdə böyük nailiyyətlərin əldə edilməsinə imkan verdiyini qəbul etsə də, dünyanın əsl mürəkkəbliyi haqqında sağlam olmayan, daha ötəri düşüncə tərzinin yaranmasına yol verdiyinə görə interneti təqsirl bilir. Kissincer yazır: "Bir düyməyə toxunmaqla istədiyi məlumatı əldə edənlər üçün tarix və coğrafiya bilikləri önəmli deyil. Siyasi məsələrdə yalnız fəaliyyət göstərmək üçün lazım olan düşüncə tərzi Facebookda yüzlərlə, bəzən minlərlə insanın təsdiqini almağa çalışanlar üçün açıq olmaya bilər." O, bu günün kiberməkanın dünyanın ən çətin problemlərini həll edə biləcəyinə inanan rəqəmsal optimistlərini sadəlövh Vilson idealistlərinə bənzədir.

Təbii ki, daha gənc analitiklərin düşüncələri çox vaxt fərqli olur. Kissincerin şübhələri pis niyyətli və əsassız olmasa da, yeni texnologiyaların artıq diplomatiya və dövlətçiliyi kökündən dəyişdiyi inkaredilməzdir. Bu gün diplomatlar qlobal auditoriya qarşısında çıxış etməyə və daima beynəlxalq mətbuatla üzləşməyə hazır olmalıdırlar. Onlar həm qətiyyətli vasitəçi, həm də qlobal kommunikator olmalıdırlar. Ən önəmlisi odur ki, son vaxtlar müşahidə olunan kiberhücumlar və hibrid müharibə göstərib ki, kiberməkan artıq döyüş meydanına çevrilib və bildiyimiz bəzi anlayışlara yenidən tərif verilməlidir.

Kissincerin gizli arzusu Vyana konqresinin XXI əsr üçün təşkil edilməsi ola bilər. Transmilli oxşarlıqlar, rəqəmsal hiperəlaqələr, kütləvi dağıntı silahları, qlobal terror şəbəkələri kimi bir sıra amillər dünya siyasətini mürəkkəbləşdirsə də, Kissincer böyük qüvvələr arasındakı əlaqələrin idarə edilməsinin hələ də böyük əhəmiyyət kəsb etməyə davam etdiyini təkid etməkdə haqlıdır. Həqiqətən də, yeni Vestfaliya sülhü və ya dünya nizamının yaradılması üçün başqa bir Otuzillik müharibəyə ehtiyac olmamalıdır. Kissincerin kitabı qlobal nizama önəm verən və XXI əsrdə münaqişələrin qarşısını almaq istəyən hər bir kəs üçün bir töhfədir. Kissincerdən başqa heç kim bu şah əsərini yarada bilməzdi.

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.