Dünya

Erməni davasının arxasında nə durur? - ARAŞDIRMA

28 Fevral 2015 23:41
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanın daxili siyasətində növbəti kəskin dönüş yaşanmaqdadır. "İçki oliqarxı", "Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Sarukyan real müxalifətə keçmək qərarına gəlib. Halbuki, o, indiyədək Serj Sarqsyana qarşı tamamilə loyal fiqur sayılırdı. İndi Sarukyan son dərəcə kəskin bəyanatlar səsləndirməyə başlayıb. Bu bəyanatlarında o, ölkədəki iqtisadi qeyri-sabitlikdən tutmuş, Gümrüdə Avetisyanlar ailəsinin qətliamına, cəbhə xəttindəki gərginliyədək bir çox məsələlərə toxunub, bütün fəlakətlərdə hazırkı hakimiyyəti günahlandırıb. Sarukyan bildirib ki, hakimiyyət xalqın tələblərinə əməl etməsə, xalq onu növbədənkənar seçkiyə getməyə məcbur edəcək.

Bu bəyanatlardan bir qədər sonra "Çiçəklənən Ermənistan"ın Siyasi Şurasının üzvü, "Dövriyyədən vergi" qanuna edilmiş dəyişikliklərlə əlaqədar keçirilən etiraz aksiyalarının fəal iştirakçısı Artak Xaçatryan 3 nəfər maskalı naməlum şəxs tərəfindən oğurlanıb. O, döyülərək qan boyanmış halda mənzilinin kandarında tapılıb.
 

"Çiçəklənən Ermənistan" partiyasının Siyasi Şurası baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edib: "Biz bunu siyasi qüvvələrə və cəmiyyətə həyasızcasına, abırsızcasına meydan oxunulması kimi qiymətləndiririk. Şübhəsiz, baş verənlərə görə bütün məsuliyyət siyasi hakimiyyətin üzərinə düşür. Ölkədə hökm sürən qanqster atmosferinin, özbaşınalığın əsas günahkarı ölkənin ali siyasi rəhbərliyidir. O, baş verənlərə görə şəxsən məsuliyyət daşıyır. Siyasi hakimiyyət yığılıb-qalmaqda olan problemlərini həll etmək, dövlət və xalq üçün problem yaradan məsələlərin qarşısını almaq, daxildə həmrəylik atmosferi formalaşdırmaq əvəzinə, iradəsiz davranış modelinə üstünlük verir - insanları izləmək, oğurlamaq, arxadan vurmaq, opponentləri döymək". Partiya tamamilə haqlı olaraq baş vermiş cinayətin üstünün tezliklə açılmasını tələb edib və hakimiyyəti hədələməyi də yaddan çıxarmayıb: "Qoy Artak Xaçatryana və digər ictimai-siyasi fəallara qarşı zorakılıq hallarının cəzasız qalacağını heç kəs ağlından belə, keçirməsin".
 

Bəyanata ilk reaksiya baş nazir Ovik Abramyandan gəlib. Yeri gəlmişkən, o, Qagik Sarukyanla qudadır. Hökumət başçısı tam açıq şəkildə bildirib ki, oliqarx Qagik Sarukyan rəhbərlik etdiyi siyasi strukturun bəyanatlarına şəxsən nəzarət etməlidir. "Əks təqdirdə, biz bu emosional sərsəmləməni onun şəxsi mövqeyi kimi qəbul etmək məcburiyyətində qalacağıq", - deyə hökumət başçısı qeyd edib.
 

Daha sonra polemikaya - əgər onu belə adlandırmaq olarsa - Ermənistan prezidenti Serj Sarqsyan da qoşulub. O, birbaşa "ağır artilleriya"ya əl atıb. Sarukyanın Ermənistan təhlükəsizlik şurasından kənarlaşdırılması haqqında sərəncam imzalayan dövlət başçısı onun kriminal aləmlə əlaqələrinin, həmçinin vergidən yayındığına dair xəbərlərin araşdırılmasına göstəriş verib. Rəhbərlik etdiyi Respublika Partiyası Şurasının toplantısında isə Sarqsyan Sarukyanı "ölkə üçün bəla" adlandırıb və bildirib ki, "siyasi proseslərdə iştirak etmək üçün lazımi mexanizmlərə malik olan, lakin əqli cəhətdən geridə qalan şəxslər istər-istəməz istənilən inkişafın qarşısını alır". "Bəli, Qagik Sarukyanın bu qədər böyük siyasi iddialarının olması faciə, müəyyən mənada həm də gülüncdür", - deyə prezident qeyd edib.
 

Sarqsyandan sonra məsələyə Ermənistan parlamentinin spikeri Mərkəzi Seçki Komissiyasına müraciət edərək, Sarukyanın deputat mandatının ləğvini istəyib. Prezidentin təhlükəsizlik xidməti isə dərhal Sarukyanı və onun obyektlərini mühafizədən məhrum edib.

Proses bununla da bitməyib. Baş nazir Ovik Abramyan Qagik Sarukyanı Bədən Tərbiyəsi İnstitutu Şurasının sədri vəzifəsindən azad edib. Bütün bunların cavabında Sarukyan Ermənistan hakimiyyətini "ölkə tarixinin şərəfsiz və biabırçı səhifəsi" adlandırıb. O bildirib ki, bu səhifə dərhal çevrilməlidir. "Küçə leksikonu və isterika bizlik deyil" - deyən Sarukyan hər kəsi "bütün qanuni vasitələr"lə Serj Sarqsyanın istefasına nail olmağa çağırıb.
 

Bütün bunlardan sonra hadisələr gözlənilməz istiqamət alıb. Ermənistan prezidenti və "Çiçəklənən Ermənistan"ın rəhbəri "Daşnaksutyun"un vasitəçiliyi ilə bir araya gəlib. Maraqlıdır ki, ölkədə hakimiyyət çevrilişinə çağırışlar edən Sarukyan bu görüşün ardından "fikir ayrılıqlarının sülh yolu ilə aradan qaldırılmasının vacibliyini" bildirib.
 

Ekspertlər isə tərəflər arasında münaqişənin tam çözüldüyünə şübhə edirlər. Həqiqətən də, bu qədər sərt "replika mübadiləsi" boş yerə yarana və "heç nə ilə" bitə bilməz. İrəvanlı müşahidəçilər xatırladır ki, Qagik Sarukyanın "yüksəldiyi hündürlükdən aşması" onun Moskvaya səfərindən sonraya təsadüf edir. Onun Moskvada kifayət qədər nüfuzlu fiqurlarla görüşüb-görüşmədiyi, ən başlıcası, onların dəstəyini alıb-almadığı bəlli deyil. Bu, bir sıra fərziyyələrin, ehtimalların ortaya çıxmasına səbəb olub. Ermənistanın hazırkı hakimiyyəti nüfuzunu fantastik sürətlə itirir. Bir çox siyasətçilər artıq hakimiyyətə gəlmək planları qurur, tamamilə məntiqli olaraq nüfuzlu oyunçuların, o cümlədən xarici oyunçuların dəstəyini qazanmağa çalışırlar.

Bu yaxınlarda KİV-də "erməni Maydanı" və ya "erməni Təhriri"nin mümkünlüyünə dair son dərəcə fəal müzakirələr aparılırdı. Bu müzakirələrdə "rəngli inqilab" növbəsinin Ermənistana çata biləcəyi vurğulanır. Aİ-yə üzvlük prosesinin nəticəsinin yaratdığı məyusluq, Qərbin Rusiyaya təzyiqləri getdikcə artırması, nəhayət, Gümrüdəki faciə Ermənistandakı qərbpərəst qüvvələrin xeyrinə işləyən məqamlardır. "İrs" və "Daşnaksutyun" da bu qüvvələrə daxildir. Amma ayıq başla düşünə bilən siyasətçilər anlayırlar ki, Ermənistanın Rusiyadan son dərəcə asılı olması nəticəsində "hakimiyyət məsələsi" İrəvanda deyil, Moskvada həll olunur. Nəticədə Sarqsyanın hakimiyyətdə olduğu bir vaxtda onun "yaxın ətrafı" arasında gizli mübarizə başlayır. Bu mübarizədə əsas mükafat isə Rusiyanın simpatiyasıdır.
 

Bu gün Kremlin nüfuzlu fiqurlarının rəğbəti uğrunda çapalayanlar az deyil. Rusiya, ilk növbədə, onun güc bloku ilə fəal şəkildə körpü qurmağa çalışanlardan biri də müdafiə naziri Seyran Ohanyandır. Onunla yanaşı, Ovik Abramyan da gizli görüşlər keçirməkdədir... Ekspertlər isə diqqəti daha bir məqama çəkirlər: Ermənistanın ikinci prezidenti Robert Koçaryan formal olaraq məhz "Çiçəklənən Ermənistan" partiyasının üzvüdür. Moskvanın isə üstünlüyü ona verdiyi aydındır. Bundan başqa, Q.Sarukyan Rusiyada kifayət qədər nüfuza malik məşhur Modest Kolerovla sıx əlaqələrə malikdir.

Yeri gəlmişkən, Koçaryanın özü son qarşıdurmada fəal şəkildə Sarukyana dəstək verib, ona qarşı hücumları "heç bir legitimliyə malik olmayan siyasi təqib" adlandırıb.
 

"Ölkədəki sosial gərginliyin, narazılığın dərəcəsini, həmçinin "Çiçəklənən Ermənistan" partiyası və onun liderinin populyarlığını nəzərə alsaq, hakimiyyət siyasi meydanı "təmizləməyə" nə qədər ciddi cəhd göstərərsə, ona qarşı birləşmə də o qədər güclü, siyasi təlatümlar perspektivi o qədər real olacaq. Hakim partiyanın əməlləri Ermənistan Konstitusiyasına uyğun gəlmir, "Çiçəklənən Ermənistan"ı və ümumilikdə müxalifəti kütləvi etiraz aksiyalarına itələyir. Bu isə Ermənistan üçün gözlənilməz nəticələr verə bilər. Həbslər, repressiyalar ölkəni dərin və uzun böhrana sürükləyəcək", - deyə R. Koçaryan qeyd edib.
 

Əksəriyyət hesab edir ki, hələlik bu qarşıdurmadan kimin qalib ayrılacağını söyləmək çətindir. Amma məğlubun məhz Ermənistan vətəndaşları olacağına şübhə yoxdur. Çünki onların maraqlarına heç bir tərəf ciddi yanaşmır.

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.