Dünya

Toqqanı çəkmək, yoxsa edam ilgəyini dartmaq zamanı? - FOTO

31 Yanvar 2015 14:43
0 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Birliyinin taleyi Almaniyadan asılıdır. Bütün gözlər Merkelə dikilib. Qoca qitədəki avro ittifaqı yaşayacaq, yoxsa tarixin arxivinə keçəcək?

Almaniyanın qorxulu yuxusu başladı: Cənubi Avropa artıq Almaniyaya qarşı birləşib və hətta ona nifrət edir. Almanlar avronun gələcəyi ilə bağlı mübahisələri uduzmaq üzrədirlər. Belə bir zamanda Yunanıstanda avroya qarşı çıxış edən SİRİZA partiyasının hakimiyyətə gəlməsi Merkeli dalana dirəyib.

Sərt iqtisadi tədbirlərə qarşı çıxanlar tək bu tədbirlərdən əziyyət çəkən ölkələr deyil. İngiltərə Bankının rəhbəri Mark Karni də belə bir fikri dəstəkləyir. Avropada Almaniyaya qarşı açılmış cəbhə ölkə rəhbərliyini qeyri-müəyyənliyə gətirib çıxarıb.



"The Telegraph" qəzetinin icmalçısı Jeremy Varner deyir ki, Almaniyanın belə mövqeyini anlamaq üçün bir qədər keçmişə nəzər salmaq lazımdır. Almanlar heç vaxt vahid valyutanın tərəfdarı olmayıblar. Vahid valyutanın nəyə gətirib çıxaracağını yaxşı bilirdilər. Hətta referendum keçirilsəydi, avroya qarşı ən sərt təpki verən Avropa xalqı da elə almanlar olacaqdılar. Ancaq hər şey artıq geridə qalıb. Avropa valyuta ittifaqı və bunun üçün almanların ödədikləri bədəl həddən artıq çoxdur. Ona görə də hər şeyi yenidən başlamaq istəmirlər.

İndi isə Almaniya müttəfiqlərinə, o cümlədən Yunanıstana verdiyi borclara görə pis vəziyyətdə qalıb. Cənub qonşularında hakimiyyətə gələn SİRİZA partiyası borcların geri qaytarılması vaxtının uzadılmasını tələb edir. Bundan əlavə, Almaniyanın yunanlardan tələb etdiyi qənaət proqramını icra etməkdən də imtina edir. Partiya ölkədə nə ixtisarların olacağını, nə sosial proqramların dayanacağını, nə də əlavə xərclərə səbəb ola biləcək digər fəaliyyətlərin məhdudlaşdırılacağını bəyan edir. Əvəzində isə müttəfiqlərindən yeni maliyyə vəsaitləri tələb edir.



Belə bir zamanda Almaniya Yunanıstanda baş verənlərə sərt reaksiya versə, bu, avrozonanın sonu ola bilər. Ekspertlər hesab edirlər ki, Almaniya əlində olan imkanlardan istifadə edərək çox sərt təpki göstərə və avrozonanın sonunu gətirə bilər.

Hələ ki, almanlar geri çəkilmək niyyətində deyillər. Almaniya kansleri Angela Merkel ötən günkü açıqlamasında bildirib ki, Yunanıstanın borclarını silmək üçün heç bir əsas yoxdur. O, "Hamburger Abendblatt" qəzetinə açıqlamasında bildirib ki, Avropa Yunanıstana və böhrandan əziyyət çəkən digər ölkələrə qarşı həmrəylik nümayiş etdirəcək: əgər onlar öz islahatlarını həyata keçirsələr və sərt iqtisadi tədbirlərə əməl etsələr.

Ali sosial elmlər məktəbinin araşdırmalar üzrə direktoru və Sənayeləşmə araşdırmaları mərkəzinin rəhbəri Jak Sapir deyir ki, Almaniya ya yunanların borclarının restrukturizasiyası ilə razılaşaraq Portuqaliya, İrlandiya, İspaniya və İtaliyadan da eyni müraciətlər alacaq, ya da ki, sərt reaksiya verərək Yunanıstanla qarşıdurmaya keçəcək. Belə olan halda Yunanıstan avrozonadan çıxacaq və başqa ölkələri də "yoluxduracaq".



Bu arada xatırladaq ki, 2004-cü ildə Olimpiya Oyunlarını qəbul edən Yunanıstanın gözləntiləri doğrulmadı. Olimpiya oyunları bu ölkənin xərclədiyi pulu gətirə bilmədi. Bundan sonra ölkə iqtisadiyyatında tədricən eniş başladı. 2010-cu ildən etibarən Yunanıstanda borc böhranı başladıqdan sonra ölkə hökuməti xarici borc üçün müraciət etdi. Üç kreditor razılaşma əldə etdi - Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu Yunanıstana borc verdi. Əvəzində isə bir sıra tələblər irəli sürüldü - sərt iqtisadi tədbilər, 50 milyard avro məbləğində dövlət aktivlərinin 2015-ci ilin sonuna qədər özəlləşdirilməsi və struktur islahatlarının aparılması.

Bu ay Yunanıstanda hakimiyyətə gələn SİRİZA partiyası isə bütün bu razılaşmalara qarşı çıxır. SİRİZA partiyasından olan yeni baş nazir Aleksis Tsipras bəyan edib ki, ölkəsinin AB və Beynəlxalq Valyuta Fonduna olan borcları silinməlidir. Yunanıstan dağıdıcı ayrılıq istəmir, lakin onlara tabe də olmayacaq. Ölkəsi borc məsələsində danışıqlara hazırdır, lakin "köləlik" etməyəcək.



Almaniya özü də istəmədən böyük bir tələnin içinə düşüb. Zəhmətkeş və məsuliyyətli alman xalqı əhlikef cənublu müttəfiqləri ucbatından əziyyət çəkmək istəmir. Merkel əgər fantastik şərtlər irəli sürən Yunanıstanla razılaşarsa, digər qonşularından da eyni təpkiləri alacağı qaçılmazdır.

İndi Avropada hər kəs "avro" təcrübəsinin səhv, zərərli olduğunu anlayır. Bu işə cəlb olunan hər kəs əziyyət çəkir. Bir tərəfdən illər əvvəl edilmiş səhv, digər tərəfdən isə Rusiyanın imperiya ambisiyaları Avropanı dalana dirəyib.

Teymur Hacıyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.