Dünya

Sonuncu islam xəlifəsinə xristianlıq təklif olundu - ARAŞDIRMA

10 Yanvar 2011 08:00
Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Osmanlının süqutu və sonuncu xəlifəyə dikilən gözlər...

Milli.Az xəbər portalı tarixi araşdırmalar silsiləsini davam etdirərək, bildirir ki, amerikalı xristian din xadimləri, sonuncu İslam xəlifəsi II Əbdülməcid Əfəndiyə Xristianlığı qəbul etməyi təklif etmişlər. Belə ki,...

Birinci Dünya müharibəsi bitdikdən sonra Avropanın siyasi xəritəsində bir çox dəyişikliklər baş verdi. Altı yüz illik Osmanlı İmperiyasının siyasi səhnədən silinməsi və bunun nəticəsində Avropanın siyasi mənzərəsinin tamamilə dəyişməsi fonunda İslam dünyası üçün də yeni dövr başladı.

1922-ci il noyabrın 1-də Xilafətdə Osmanlı xanədanının varlığına son qoyulduqdan sonra Vəhdətdin ölkəni tərk etdi və beləliklə, 18 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi Şahzadə II Əbdülməcid Əfəndini xəlifə təyin etdi.
Başda Papalıq olmaqla bütün xristian təşkilatları yeni İslam xəlifəsinə təbrik ünvanlayaraq, yeni vəzifəsində müvəffəqiyyətlər arzuladılar. Bu, əslində nəzakət jestindən başqa bir şey deyildi və çox qısa zaman kəsiyində baş verəcək hadisələr istər İslam dünyası, istərsə də Avropa üçün böyük əhəmiyyət kəsb edirdi. Türkiyə Cumhuriyyəti elan olunduqdan sonra Ankara Cümhuriyyətin, İstanbul isə Xilafətin mərkəzinə çevrildi. Lakin ingilislər Xilafətin İslam birliyini təmin edən yeganə səbəb olduğunu bildikləri üçün israrla onun ləğvini tələb edirdilər. 1924-cü il martın 3-də Türkiyə Böyük Millət Məclisi qəbul etdiyi qərarla Xilafətin mövcudluğuna son qoydu. Beləliklə, İslamın ilk xəlifəsi Həzrət Əbubəkr(ə), son və 102-ci xəlifəsi isə xəlifə II Əbdülməcid oldu.

Şanlı protestant məktubu: yeganə yol Xristianlığı qəbul etməkdir!

Yeni xəlifə II Əbdülməcid Əfəndiyə 1923-cü ilin iyul ayında "Amerikadan National Reform Assosiation"dan bir məktub göndərildi. İngilis dilində yazılan və iki səhifədən ibarət olan bu məktub, "Türkiyə Xəlifəsi Həzrətlərinə" - deyə müraciətlə başlayırdı.
Protestant təriqətinə mənsub yeddi min nəfər xristianın adından imzalanan bu məktubda Xilafətin başçısına dinini dəyişdirərək Xristianlığı qəbul etməsi təklif olunurdu.  

Məktubu yazanlar Amerikanın ən böyük Protestant cəmiyyətinin üzvləri idi. Məktubda müharibədən böyük fəsadlarla çıxmış dövlətlərin liderlərinin İsanı krallar kralı, lordlar lordu olaraq tanımaları istənir, bu dövlətlərin demokratiyaya keçə bilmələri üçün yeganə yolun Xristianlığı qəbul etməkdə olduğu vurğulanırdı. Dünyada sülhün bərqərar olması,  müharibəyə səbəb ola biləcək bütün məsələlərə münasibətdə ortaq məxrəcə gəlinməsinin ancaq Xristianlığın qəbul edilməsiylə mümkün olacağı iddia edilirdi.

Xəlifəyə göndərilən bu məktubda İslam Birliyi yönündə fəaliyyətlərin təcrübədən keçdiyi və müvəffəqiyyətli olmadığı vurğulanır, Xristianlığın isə bu mənada hələ sınanmadığı qeyd olunaraq bu dinə bir şans verilməsi istənirdi:
"Biz, dövlətin Tanrıya aid olduğuna və onun bütün dünyəvi və siyasi nüfuzun yeganə mənbəyi olduğuna inanırıq.
Biz, İlahi hegemonluq haqqı və dünyəvi gücün xalqda toplandığına və xalqın bu suverenlik və hegemonluqdan istifadəsinin Tanrı tərəfindən verildiyinə inanırıq".
"Milli İslahat Birliyi
299. Street, Pitsburgh, Pennslvania, ABŞ
Sədr, Tomas Eager,
Ümumi Müfəttiş, Jannes Martın,
7 İyul 1923".

Niyə 500 ildən sonra?

Bu addım nə qədər qeyri-adi görünsə də, əslində yeni deyildi. Xristianlığın ən yüksək məqamından İslam dünyasının liderinə ünvanlanmış bu çağrı tarixdə ikinci analoji hadisə idi. Belə ki, hələ XV əsrdə Roma Papası II Piy eyni istəklə Fateh Sultan Mehmedə məktub göndərmişdi. 500 il fasilə ilə təkrarlanan bu tarixi hadisənin bəzi məqamlarına qısaca nəzər salaq.

Fateh Sultan Mehmedin hakimiyyətə gəldikdən sonra fəth etdiyi ölkələrə diqqət yetirdikdə Bizans imperiyasının sərhədlərini aydın şəkildə görmək mümkündür. Deməli, Fatehin əsas strategiyası Bizans imperiyasının sərhədləri daxilində yeni dövlət qurmaq idi. İstanbulun fəthindən sonra Şərqi Avropa ölkələrinə doğru sərhədlərini genişləndirən Fatehin bu niyyətini o zamankı Papa II Piy çox aydın şəkildə dərk edirdi və bunun qarşısının alınması üçün bir çox planlar hazırlamışdı. Lakin məsələnin ən maraqlı tərəfi o idi ki, Bizansa tabe olan ölkələrin xalqları Fatehi böyük məmuniyyətlə qarşılayırdılar və bu məqam Papanı çox narahat edirdi. Vəziyyətin xristianlar üçün həyəcanverici səviyyəyə çatdığını görən II Piy İstanbulun "azad olunması" üçün geniş miqyaslı səlib yürüşlərinin təşkili istiqamətində çox böyük səy göstərirdi.
Məhz bu məqsədlə o, 1459-cu il yanvarın 19-da Müqəddəs Vifleyem Məryəmi hərbi Ordeninin yaradılması haqqında Fərman imzalayır. Bununla kifayətlənməyən II Piy 1463-cü ildə Fateh Sultan Mehmedə məktub göndərir: "Mən səni Şərqi Roma (Bizans) imperatoru kimi tanımağa hazıram. Amma bunun üçün sən mənə tabe olmalı və dinimi tanımalısan!".
Məktubda İslam dini ilə Xristianlığı uzun-uzadı fəsillərdə müqayisə edən Papa, "Xristianlıq bu baxımdan üstündür, İslam bu baxımdan qüsurludur" - deyə, Fatehi inandırmağa çalışır. Lakin geniş dünyagörüşünə malik olan Sultan Mehmed bu məktuba ümumiyyətlə əhəmiyyət verməyərək, ölkələrlə bərabər onların xalqlarının da könüllərini fəth etməkdə davam etdi.

Dünyanın xristianlaşdırılmasının qarşısını türklər alıb?

Beləliklə, islam dünyasını xristianlaşdırmaq məqsədilə orta əsrlərdən bəri davam edən müxtəlif məzmunlu - istər güc tətbiq etmək yolu, istərsə də dəvət formalı fəaliyyətlər əslində böyük bir yolun başlanğıcı idi: Bütün dünyanın xristianlaşdırılması. Budur əsas məqsəd. Və uzun əsrlər boyu İslamın bayraqdarları türklər olunca, xristian dünyası öz məqsədinə çatmaqda çox böyük çətinliklərlə qarşılaşdı. Uzun illər davam edən qanlı-qadalı, böyük itkili səlib yürüşlərindən istədikləri nəticələri ala bilməyən xristan təşkilatlar mübarizənin daha effektif yolunu seçdilər: missionerlik!

Yeni dövrdə - XIX əsrdə daha geniş şəkildə Anadoluya axın edən missionerlər həyatın müxtəlif sahələrinə nüfuz edərək insanlarla sıx əlaqələr qururlar. Onlar məktəblər açaraq fəaliyyətlərini yalnız bu sahədə inkişaf etdirmirdilər. Xəstəxana və tibb işçisi azlığından istifadə edərək bir çox bölgədə xəstəxanalar açır, ölkənin müxtəlif yerlərinə tibb işçiləri, mütəxəssislər göndərərək Osmanlı müsəlmanlarının könülünü ələ almaqla, ya da müxtəlif yardım təşkilatları adı altında zəlzələlərdə və digər təbii fəlakətlərdə kömək etməkdən çəkinməyərək öz işlərini həqiqi niyyətlərini sezdirmədən icra edirlər.
Missionerlik fəaliyyətlərilə yalnız amerikalı protestantlar deyil, digər xristian qruplar da məşğul olublar. Bu məqsədlə yaradılan Dünya Kilsələr Birliyi missionerləri lazımlı maliyyə mənbəyi ilə təmin edirdi.

Xəlifə sürgün həyatını necə yaşadı?

Beləliklə, tarixi hadisələrin kiçik təhlilindən sonra mövzumuzun əvvəlinə qayıdarkən, xüsusi olaraq vurğulamaq yerinə düşər ki, İslamın son xəlifəsi Sultan II Əbdülməcid Əfəndi ömrünün sonunadək öz vəzifəsini şərəflə yerinə yetirdi. Fransada sürgün həyatı yaşayan II Əbdülməcid Əfəndi bütün çətinliklərə baxmayaraq, xanədanın protokol qaydalarına israrla riayət edir, Cümə namazlarını Parisdəki məsciddə qılardı.
II Əbdülməcid Əfəndi 1944-cü il avqust ayının 23-də Parisdə ürək tutmasından vəfat etdi. Ömrünün son illərini yoxsulluq və ehtiyac içində keçirən II Əbdülməcid Əfəndinin cənazəsi Türkiyə tərəfindən qəbul edilməsi üçün 10 il Paris məscidində saxlandı. Lakin Türkiyə cənazəni qəbul etmədi və İslamın son xəlifəsinin nəşi Məkkəyə gətirilərək Baqi qəbiristanında dəfn edildi. Uzun əsrlər boyu İslamın bayraqdarı missiyasının şərəfli daşıyıcısı olan türk millətinin bu layiqli oğlunun və İslami Birliyin simvolu olan Xilafətin son başçısının axır məqamı, son dayanacağı yenə də İslamın başlandığı nöqtə oldu...
Bu, artıq təsadüf deyil ...

Yaqut
Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.