Dünya

Qarsdan ismarıc var

21 Dekabr 2014 16:26
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qars müqaviləsinin imzalanmasından, təxminən, bir əsr sonra regionun gələcəyi artıq Ermənistanın iştirakı olmadan müəyyənləşir 

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Tamar Beruçaşvili arasında növbəti üçtərəfli görüş keçirilib. Bu dəfə onlar Qarsda bir araya gəliblər. Bu formatda sayca dördüncü olan görüşdə əsas müzakirə mövzusu Qars Bəyannaməsi olub. Orada nazirlər üç ölkənin əməkdaşlıq prinsiplərinə və regionun gələcəyinə ümumi baxışlarını ortaya qoyublar.

Sənəddə XİN başçıları regionda əvvəllər qəbul olunmuş razılaşmalar əsasında üçtərəfli əməkdaşlığın önəmini qeyd edirlər. Söhbət 2012-ci il iyunun 8-də imzalanmış Trabzon Bəyannaməsindən, 2013-cü il martın 28-də imzalanmış Batumi birgə kommunikesindən və 2014-cü il fevralın 19-da qəbul edilmiş Gəncə bəyanatından gedir.
 

Nazirlər enerji və nəqliyyat sahələrində birgə layihələrin reallaşdırılmasının vacibliyini də vurğulayıb, misal kimi, Bakı-Tiflis-Qars dəmir yolunu, TANAP qaz layihəsini göstəriblər. Onlar 2013-2015-ci illər üçün nəzərdə tutulmuş üçtərəfli əməkdaşlıq planının əhəmiyyətini vurğulayıb, onun siyasi dialoqun aparılması üçün effektiv vasitə olduğunu qeyd ediblər. XİN başçıları bu formatda görüşlərin davam etdirilməli olduğunu, üçtərəfli əməkdaşlığın digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də genişləndirilməsinin vacibliyini bildiriblər.
 

Qonşu ölkələrdəki geosiyasi vəziyyəti nəzərə alsaq, bu trionun siyasi önəmi də az deyil. Ukraynada baş verənlər, daha dəqiqi, bəzi dövlətlərin bu ölkənin ərazi bütövlüyünə birmənalı yanaşmaması Qars görüşündə qəbul olunmuş yekun sənədə öz təsirini göstərib. "Azərbaycan, Türkiyə və Gürcüstan bir-birlərinin ərazi bütövlüyünə, suverenliyinə dəstəklərini birmənalı şəkildə təsdiqləyir, bununla əlaqədar olaraq, Azərbaycanın Dağlıq Qarabağ probleminin, Gürcüstanın Abxaziya və Sxinvali (Cənubi Osetiya) münaqişələrinin tezliklə beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun, dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllini vacib sayır", - deyə bəyannamədə bildirilir.
 

Görüşün sonunda keçirilən mətbuat konfransında nazirlər Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı- Tiflis-Ərzurum, Cənub Qaz Dəhlizi kimi nəqliyyat və enerji layihələrinin Avropa və Asiyada yeni iqtisadi layihələrin reallaşdırılması üçün stimul olacağını birağızdan bəyan ediblər. Amma onlar yenə də əsas diqqəti regional təhlükəsizlik məsələsinə yönəldiblər. Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin regionda sülhə və inkişafa mane olduğunu deyib, onun beynəlxalq hüquq normalarına zidd olduğunu vurğulayıb.

Dünyada bütün münaqişələrin bəşəriyyətə qarşı cinayət olduğunu deyən Mövlud Çavuşoğlu isə Türkiyənin dövlətlər və xalqlar arasında sülhün yaradılması istiqamətində səylərini davam etdirəcəyini söyləyib.
 

Tərəflərin beynəlxalq qurumlarda, regional layihələrdə iştirakının vacibliyini vurğulayan Tamar Beruçaşvili də üçtərəfli münasibətlərin bundan sonra da üç dövlətin və xalqın maraqlarını təmin edəcəyini bildirib.
 

Amma diqqəti daha çox çəkən XİN başçılarının sonradan verdikləri bəyanatlardır. Tamar Beruçaşvili bildirib ki, hər bir ölkə regional layihələrdə iştirak etmək üçün qonşu dövlətin ərazi bütövlüyünü tanımalı, bütün zorakı üsullardan imtina etməlidir. Onun türkiyəli həmkarı daha konkret danışaraq, bu ismarıcın kimə ünvanlandığını aydın şəkildə ifadə edib. Çavuşoğlunun sözlərinə görə, nə qədər ki Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmayacaq, İrəvan regional layihələrdən kənarda qalacaq: "Biz Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq. İstəyirik ki, Ermənistan da qonşu dövlətlərin sərhədlərinə hörmətlə yanaşsın və bizim aramızda olsun. Bu halda, zəncirin çatışmayan bəndi də öz yerini tutacaq".
 

Hələliksə bunlar "çatışmayan bənd"in vecinə deyil. İrəvanı həmişə olduğu kimi, bu gün də ölkədə günbəgün ağırlaşan sosial-iqtisadi vəziyyət kimi real qayğılar deyil, mifik məsələlər daha çox düşündürür. Söhbət, ilk növbədə, 1915-ci il "soyqırımı"nın beynəlxalq birlik tərəfindən tanınması və "Şərqi Ermənistanın bərpası"ndan gedir. Azərbaycan, Türkiyə və Gürcüstanın sakitləşmək bilməyən bu qonşusu nəinki onların təcavüzdən əl çəkərək mehriban qonşuluq münasibətləri qurmaq çağırışlarını rədd edir, üstəlik, onlara qarşı ərazi iddialarını davam etdirir, törətmədikləri əməlləri onların boynuna qoymağa çalışır.
 

Bu siyasət Ermənistana yalnız bir şey vəd edir - daha ağır böhran və regionda daha ciddi təcridolma. Regiondakı son zamanlaradək Ermənistana sərf edən geosiyasi qüvvələr nisbəti dəyişir və bu dəyişiklik İrəvanın xeyrinə deyil.
 

Azərbaycanla Türkiyə arasında əməkdaşlıq getdikcə güclənir. Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da ötən həftə dediyi kimi, Bakı Ankara ilə vahid siyasi blok yaratmalıdır. Şöbə müdiri Türkiyənin artıq dünyanın 20 nəhəng iqtisadiyyatı sırasında olduğunu, Azərbaycanın da yüksək iqtisadi göstəricilərə doğru irəlilədiyini söyləyib.

Bununla yanaşı, Ermənistan üçün onun ikiqatı düşməni arasında müttəfiqlik münasibətləri gözlənilməz deyilsə, Rusiya-Qərb münasibətlərinin getdikcə pozulması, Azərbaycanın isə İranla yaxınlaşması İrəvan üçün regiondakı vacib müttəfiqlərini itirmək deməkdir. İran prezidenti Həsən Ruhaninin Bakıya bu yaxınlarda etdiyi səfər tərəflərin aralarındakı problemləri həll etməkdə israrlı olduqlarını göstərib. Moskva-Qərb qarşıdurması fonunda Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə dair əldə olunmuş razılaşma isə yeni geosiyasi oxun yaranmaqda olduğuna dair fikirlər yaradıb. Söhbət Azərbaycan-Türkiyə-Rusiya oxundan gedir.
 

"Rusiya ilə Türkiyə arasındakı razılaşmalar, ilk növbədə, Cənubi Qafqazda geosiyasi vəziyyəti köklü şəkildə dəyişə bilər. Bununla əlaqədar olaraq, Türkiyə-Azərbaycan-Rusiya əməkdaşlıq xətti yarana, perspektivdə bu xətt İranın hesabına daha da genişləndirilə bilər. Üstəlik, Moskva Hindistandakı mövcudluğunu ifadə etmək üçün də cəhdlər göstərir", - deyə Avrasiya İqtisadi Birliyi İnstitutunun analitiki Nadana Fridrixson "R+"a açıqlamasında bildirib.
 

Beləliklə, əgər Ermənistan ətrafında onsuz baş verən vacib proseslərin girovuna çevrilibsə, Azərbaycan, eyni zamanda Türkiyə və Gürcüstan geosiyasi gündəmdən asılı deyillər və hətta gündəmi onların özləri yaradırlar.
 

Ümumiyyətlə, Qars Türkiyənin Cənubi Qafqaz ölkələrilə qarşılıqlı münasibətləri baxımından son dərəcə rəmzi məkandır. Xatırladaq ki, 1921-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstan SSR ilə Türkiyə arasında dostluq haqqında eyniadlı müqavilə imzalanıb. Sənəd ticarət münasibətlərinin qurulması və iqtisadi-maliyyə məsələlərinin nizamlanmasına dair Moskva müqaviləsinin əsas müddəalarını Zaqafqaziyanın sovet respublikalarına da şamil edirdi. Bundan başqa, orada bir sıra əlavə maddələr də var idi - həmsərhəd zonanın sakinlərinin sərhədi keçməsinin sadələşdirilməsi, onlara sərhədin digər tərəfindəki otlaqlardan istifadə hüququnun verilməsi. Faktiki olaraq, Qars müqaviləsi Türkiyə ilə Zaqafqaziyadakı sovet respublikaları arasında mübahisələri aradan qaldırırdı. Amma indiki Ermənistan Respublikası sözügedən müqaviləni tanımır. Çünki sənəd ermənilərin həsrətində olduqları Qars və Ardağan şəhərlərini, həmçinin ermənilərin Ararat adlandırdıqları Ağrıdağı Türkiyə ərazisi sayır.

Göründüyü kimi, tarix təkrarlanmır. Qars müqaviləsinin imzalanmasından, təxminən, bir əsr sonra regionun gələcəyi artıq Ermənistanın iştirakı olmadan müəyyənləşir.
 

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.