Dünya

Qəribə vəziyyət və ya türk axını

20 Dekabr 2014 22:23
0 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İlin sonu yaxınlaşdıqca Rusiya ilə Qərb arasında, daha dəqiq ifadə etsək, Moskva ilə Vaşinqton arasında geosiyasi qarşıdurma daha intensiv və güzəştsiz xarakter alır. Əgər bütün il ərzində bu miqyaslı oyun üçün əsas meydan Ukrayna idisə, payızda diqqətlər Asiyaya yönəlmişdisə, dekabrda "türk amili" meydana çıxıb. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı "Cənub axını" layihəsinin dayandırıldığı məlum olub. Bundan başqa, Ankara ilə Moskva arasında istər AES tikintisi, istərsə də yeni qaz kəmərinin inşasına dair enerji müqavilələri imzalanıb. Rusiya ərazisindən çəkiləcək yeni boru xətti TANAP və TAP layihələrilə birlikdə Türkiyəni Avropanın enerji təhlükəsizliyinin təminində əsas bəndə çevirəcək. Bu, Ankaraya saysız-hesabsız geosiyasi üstünlüklər qazandıracaq. Rusiya tərəfi bildirir ki, boru xəttinin ilk hissəsi artıq 2-3 il sonra tikilə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində, artıq yeni layihəyə ad da fikirləşib - "Türk axını".

Moskva ilə Ankara arasında hələlik əməkdaşlıq yox, sadəcə, qarşılıqlı anlaşma istər onların müttəfiqlərini, istərsə də rəqiblərini hərəkətə keçirib. Türkiyəyə onun NATO üzvü, Aİ üzvlüyünə isə namizəd olduğu xatırladılıb. Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Rusiyaya qarşı sanksiyalara mümkün qədər çox ölkənin qoşulmasını istədiyinə açıq eyham vurub.
 

Ankaraya Aİ diplomatiyasının başçısı Federika Moqerini və 2 avrokomissar - Avropa və mehriban qonşuluq siyasəti üzrə ali komissar Yohannes Xan, humanitar yardım və böhranların idarəolunması üzrə komissar Xristos Stilianidis də baş çəkiblər. Bunun ardınca isə Böyük Britaniyanın baş naziri Devid Kemeron Ankaraya şəxsən səfər edib. Baş verənlərin fonunda Türkiyə KİV-nin diqqətini çəkən daha bir məqam ABŞ Konqresinin Nümayəndələr Palatasının 758 saylı qətnaməsi olub. Sənəd Barak Obama administrasiyasını Rusiyaya qarşı sanksiyalar kursunun davam etdirilməsinə çağırıb. Bu, az qala "yeni soyuq müharibə"nin başlanğıcı kimi qiymətləndirilib. Məlumata görə, sənəddə ABŞ, əslində, tərəfdaşlarını seçimlərini və maraqlarını müəyyənləşdirməyə çağırır.
 

Amma Kemeronun Türkiyə səfəri Putinin səfəri kimi rezonans doğurmayıb. Bu, Ankaranın xarici siyasi kursunda dəyişiklik etdiyi anlamına gəlmir. Əksinə, onun xarici siyasəti daha çoxşaxəli xarakter alıb. Türkiyənin enerji və təbii resurslar naziri Tanər Yıldız bildirib ki, Ankaranın qarşısında Rusiya ilə Aİ arasında seçim etmək kimi bir vəzifə yoxdur. Nazirin sözlərinə görə, Türkiyə öz maraqlarından çıxış edir. Bu baxımdan, Türkiyə nəinki Avropaya gedən boru kəmərlərinin açarını ələ almağa çalışır, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmağa, gələn ilin yayı üçün rusiyalı turistlərdən gələcək ciddi qazancı əldən buraxmamağa cəhd edir. Amma tərəzinin digər gözündə Avropa İttifaqına üzvlüklə bağlı çoxdan gözlənilən imkan dayanır. Artıq avropalı məmurlar Ankaranın Aİ-yə üzvlüyülə bağlı danışıqlar prosesinin bərpasının mümkünlüyü haqda danışmağa başlayıblar. Onlar bu danışıqlara 2015-ci ilin yanvarından Latviyanın sədrliyilə start verilməsini mümkün sayırlar.
 

Brüssel kifayət qədər uzun müddətdir ki, Ankaranı havadan asılmış vəziyyətdə saxlayır, ona qarşı bir-birinin ardınca tələblər irəli sürür. Əslində isə Türkiyənin Aİ-yə yaxın buraxılmamasının əsas səbəbi "qoca Avropa"nın gənc, iddialı, üstəlik, müsəlman ölkəsi olan Türkiyə qarşısında keçirdiyi narahatlıqdır. Bundan başqa, Aİ maliyyə və sistem böhranı yaşayır və yaxın zamanlarda, çətin ki, Türkiyənin hesabına genişlənməyə hazır olsun. Üstəlik, hələ o, Serbiyanın birliyə qəbulu və Böyük Britaniyanın mümkün ayrılması məsələlərini çözməlidir. Amma Ankaraya avrodesant, əlbəttə ki, öz-özlüyündə çox şeydən xəbər verir və buna "kökə diplomatiyası" kimi baxıla bilər.
 

Amma əsas məsələ odur ki, "kökə" ilə yanaşı, "qamçı" da olacaqmı? Bəzi ekspertlərin fikrincə, Rusiya ilə Türkiyə arasında hər hansı formada ittifaqın yaradılmasında maraqlı olmayan dövlətlər onların qarşılıqlı anlaşmasındakı zəif nöqtələrə basmağa başlayacaqlar. Bu, Ankara ilə Moskvanın mövqelərinin haçalandığı Suriya böhranı, Kipr və Ukrayna məsələləridir. Odur ki, nə qədər təəssüfləndirici olsa da, bütün bu istiqamətlərdə gərginlik gözləniləndir. Bununla yanaşı, Türkiyə "İslam dövləti"lə savaş bölgəsinə çox yaxındır, Suriya ilə sərhəddə qaçqınlarla bağlı vəziyyət isə əvvəlkitək, ciddi narahatlıqlar yaradır. Aİ-nin 1,9 milyon qaçqın üçün 70 milyon avro ayıracağını vəd etməsi, Kemeronun isə Ankaraya səfəri zamanı "İD" ilə mübarizədə səylərin birləşdirilməli olduğunu dilə gətirməsi heç də təsadüf deyil.
 

Qayıdaq enerji məsələsinə. "Bloomberg" agentliyi xəbər verir ki, Aİ İsrailin offşor yataqlardan hasil olunan təbii qazını almaq qərarına gəlib. Hazırkı şəraitdə bu, kifayət qədər maraqlı məlumatdır. Çünki sözügedən yataqlar mübahisəli yataqlardır. Onlara iddialılar sırasında Livan, Fələstin Muxtariyyəti, Kipr Respublikası və tanınmamış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də var. İstənilən investisiya qoyuluşundan imtina etmək üçün, bu siyahı, yəqin ki, kifayət etməlidir. Bundan başqa, İsrail ilə Kipr faktiki olaraq qaz nəqli infrastrukturuna malik deyillər. Mümkün alternativ kimi hətta qazın Misirə nəqlindən də danışılır. Məsələ ondadır ki, orada qazın mayeləşdirilməsi üçün zavodlar var. Daha bir variant Kiprdə bu cür zavodların inşasıdır. Amma bütün bu ideyaların reallığa çevrilməsi üçün bir çox problemlər çözülməlidir. Belə problemlər arasında siyasi və hərbi xarakterli məsələlər də var və onların yaxın gələcəkdə həlli real görünmür. Aralıq dənizi regionundan qaz nəqlinin ən zəif tərəfi isə hər zaman təhlükəsizlik məsələsi olacaq. Çünki əslində bu zona bütünlükdə ərazi münaqişələrilə, dini və ideoloji zəmində qarşıdurmalarla "zəngin"dir.
 

Bəlkə də, Bolqarıstan məhz bu üzdən Rusiyadan boru xəttinin çəkilməsi üçün növbəti dəfə öz ərazisini təklif edib. Bolqarıstanın baş naziri Boyko Borisovun sözlərinə görə, "enerji xabı" (Aİ-nin vəsaiti hesabına) Varnada yerləşərsə, oradan qaz Aİ-nin nəzarətilə digər ölkələrə paylana bilər. Hələlik Borisovun bu açıqlamasının Brüsselin yaranmış vəziyyətdən təəssüfləndiyini ifadə etdiyi, yoxsa bunun sadəcə Sofiyanın mövqeyi olduğu bəlli deyil. Hər halda, bəzi mətbuat orqanlarında Moskvanın "Cənub axını"ndan imtina qərarı ilə blef etdiyinə dair fikirlər yer alır. Əslində, bu versiyanı da istisna etmək olmaz. Çünki bu halda Kreml Ankaraya ciddi güzəştlərə gedir. Rusiya üçün bu, Türkiyə ilə əməkdaşlıq variantlardan yalnız biridir. Sanksiyaların altında əzilən, milli valyutası sürətlə ucuzlaşan Rusiya fəal şəkildə vəziyyətdən çıxış yolları axtarır. Məsələn, cəmi bir müddət əvvəl Çinlə "nəhəng qaz razılaşması" imzalayan Putin bunun ardından "Türk axını"nın yaradılacağı vədilə "Cənub axını" layihəsini dayandırır, daha sonra isə Hindistana dövlət səfərinə yollanaraq orada neft tədarükü ilə bağlı nəhəng müqaviləyə imza atır. Rusiyanın özündə yeni "Avrasiya İttifaqı"nın yaradılması kimi təqdim olunan ideya əslində, bəlkə də, Moskvanın yaranmış vəziyyətdən çıxış yollarının tapılmasına göstərdiyi cəhdlərdir.
 

Amma Aİ də qazpaylayıcı sistemin Türkiyənin nəzarətinə keçə biləcəyindən narahatdır. Çünki Ankaraya Aİ çərçivəsində təzyiqlər göstərilməsi mümkün deyil.
 

Əslində, indi Brüssel qəribə vəziyyətlə üzləşib. Avropa daim Moskvanın enerji amilindən xarici siyasi məqsədlərlə istifadə etməsindən şikayətlənib. İndisə Ankara da Aİ-yə eyni yolla təsir imkanı qazana bilər. Qərblə Rusiya arasındakı qarşıdurma beynəlxalq münasibətlərdəki status-kvonu dəyişir və nəticədə, çoxşaxəli siyasəti yürütmək təcrübəsinə malik olan, öz maraqlarını qorumağı bacaran, lazım gələndə riskə gedən Türkiyə kimi dövlətlər dünya arenasında öz mövqelərini gücləndirmək üçün yaxşı imkan əldə edirlər.
 

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.