Dünya

ABŞ-ın daxilində baş verənlər və onun dünyaya sırımaq istədikləri

19 Dekabr 2014 18:11
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu dövlət insan hüquqları ilə bağlı daxili və xarici siyasət strategiyalarını uzlaşdırmayınca, itirməkdə olduğu beynəlxalq nüfuzunu bərpa edə bilməyəcək
Məlum olduğu kimi, ABŞ hakimiyyəti son günlər beynəlxalq ictimaiyyət önündə rüsvay olmaq həddinə çatıb. Belə ki, daim dünyaya demokratiya dərsi keçən bu ölkədə insan hüquqları ilə bağlı dözülməz vəziyyət yaranıb. Bir-birinin ardınca baş verən polis zorakılıqları, xüsusilə qaradərililərə qarşı ayrı-seçkilik halları ölkəni təlatümə salıb. Bu isə tez-tez təkrar olunan "ABŞ demokratiyanın beşiyi, hamisi və carçısıdır" kimi sözlərin əslində həqiqəti əks etdirmədiyini, yalnız gəlişi gözəl sözlər olduğunu ortaya qoymaqdadır. Baş verənlər, qaradərili insanlara qarşı tətbiq edilən polis zorakılığı və buna rəsmi səviyyədə haqq qazandırılması ABŞ demokratiyasının sadəcə bir mif olduğunu, bu dövlətin dünyaya demokratiya dərsi keçmək əvəzinə, öz daxilində ədaləti bərpa etməli, insan hüquqları ilə bağlı dözülməz həddə çatan vəziyyəti nizama salmalı olduğunu ortaya qoyur. Ciddi səbəb olmadan qəsdən insan həyatına son qoyan polis məmurlarına məhkəmənin bəraət verməsi isə bu ölkədə məhkəmə hakimiyyətinin icra hakimiyyətinin nəzarətində olduğunu təsdiqləyib. Hətta polis özbaşınalığı o yerə çatıb ki, Nyu-York meri qarışıq irqdən olan oğluna polislə ehtiyatlı davranmaqla bağlı tövsiyə verdiyini bildirib. Bu isə ABŞ-da qaradərili insanlara hakimiyyətin potensial cinayətkar gözü ilə baxdığını nümayiş etdirir.

Tarixdə bəzi fatehlərin başqa əraziləri işğal etməyə başlarının qarışdığı vaxt öz ölkəsi daxilində nizam-intizamı, ədaləti unutması nəticəsində yaranan partlayışların sonda böyük imperiyaların dağılmasına gətirib çıxardığı az görünməyib. Bu mənada ABŞ İraqda, Liviyada, Tunisdə və s. min kilometrlərlə uzaq ölkələrdə demokratik cəmiyyətlər qurmaq adı altında yüz oyundan çıxmaqdansa, öz ölkəsində, cəmiyyətində çoxdan bəri mövcud olan, lakin müxtəlif vasitələrlə latentləşdirilmiş problemləri kökündən həll etsə, daha yaxşı olar. Çünki daxilində problemləri "dizə çıxan" ABŞ heç bir başqa ölkənin vətəndaşını demokratiya nağıllarının səmimiliyinə inandıra bilməz.

ABŞ-da vüsət alan mitinqlər, etirazlar və onların səbəbləri bütün dünyanın gözü önündə cərəyan edir. Bu, yaxın dövrlərdə ABŞ-a qarşı daha geniş beynəlxalq etirazın, etimadsızlığın ortaya çıxmasına səbəb ola bilər. Mərkəzi Kəşfiyyat Agentliyinin terrorçu adı altında hərbi əsirlərə qarşı tətbiq etdiyi işgəncə metodları ilə bağlı da faktların ortaya çıxması, Senat tərəfindən bunun hesabat şəklinə salınması, rəsmi səviyyədə baş verənlərin etirafı imperialist dövlət olaraq ABŞ-ın gələcək taleyi üçün heç də müsbət perspektiv vəd etmir. Çünki həm ölkə daxilində baş qaldırmış etirazlar və narazılıqlar, həm də beynəlxalq səviyyədə özünə düşmən və qeyri-dost ölkələr həlqəsini genişləndirməsi ABŞ-ı baş verə biləcək ciddi təpkilərə açıq edir.

Məlumdur ki, ABŞ dünyanın hər bir bölgəsində baş verənlərə guya demokratiya prizmasından reaksiya verir. Məsələn, son dövrlər bu dövlətin müxtəlif səviyyəli təmsilçiləri Azərbaycanda şübhəli şəxs qismində saxlanılmış Xədicə İsmayıl, ondan öncə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən Leyla və Arif Yunuslar və s. barədə kəskin reaksiyalar verir, bunu ölkədə insan hüquqlarının pozulması kimi dəyərləndirirlər. Yuxarıda barəsində danışdığımız ABŞ-ın daxili demokratiya problemlərini bir anlıq göz önünə gətirmək kifayət edir ki, bu dövlətin rəsmilərinin siyasi riyakarlıqla məşğul olduğunu görəsən.

Bu gün bütün dünya sual verir: Snouden, Assanc barədə ABŞ-da niyə həbs qərarı çıxarılıb? Quantanomoda, Əbu-Qureybdə və s. yüzlərlə insan niyə işgəncəyə məruz qoyulub? Çünki ABŞ-ın milli təhlükəsizlik maraqları bunu tələb edib. Bəs Leyla Yunus erməni kəşfiyyatı ilə əməkdaşlıq edəndə bu, Azərbaycan dövlətinə, onun milli təhlükəsizlik maraqlarına təhdid doğurmurmu? Şübhə yoxdur ki, ABŞ bunları çox gözəl başa düşür. Lakin Leyla Yunusun, Xədicə İsmayılın erməni kəşfiyyatı ilə əməkdaşlığı məhz ABŞ-ın maraqlarına xidmət etdiyi üçün onların həbsindən narahat olur, bəyanatlar verir. Deməli, yenə də ABŞ öz milli maraqlarından çıxış edir.

Dekabrın 14-də Türkiyədə həyata keçirilən həbslərə reaksiya verərkən də ABŞ eyni məntiqdən çıxış etdi. Türkiyə dövlətinin rəsmi açıqlamasına məhəl qoymadan həbsləri demokratiya və söz azadlığına zərbə kimi dəyərləndirdi. Amma eyni reaksiyanı 2013-ün 17 dekabrında "paralel dövlət"in apardığı həbslər zamanı nümayiş etdirməmişdi. Çünki həmin vaxt dirijor çubuğu öz əlində idi. Onun maraqlarına xidmət edən proseslər - Türkiyə dövlətinin suverenliyinin ələ keçirilməsi üçün təzyiq, qorxutma və təhdid formalarından istifadə edərək təşkilatlanma baş verirdi.

Bu gün hər şey ortadadır: həm ABŞ-ın daxilində baş verənlər, həm də onun dünyaya sırımaq istədikləri. Başqa sözlə, dünya ictimaiyyətinin gözünə kül üfürmək niyyəti yavaş-yavaş faş olur. Bu işdə ABŞ-ın özünün havadarlıq etdiyi internet və sosial şəbəkələr də böyük rol oynayır. Belə ki, onlar vasitəsilə dünya ictimaiyyəti ABŞ-da baş verənləri görür və müqayisə apara bilir. Hər halda ABŞ-ın öz daxili və xarici siyasət strategiyasında müəyyən uzlaşdırmalar aparmadan itirməkdə olduğu nüfuzunu qaytara bilməyəcəyi gerçəklikdi.

Müasir ABŞ demokratiyasının hazırkı gerçək durumu millət vəkili Siyavuş Novruzovun 16 dekabrda Milli Məclisdəki çıxışında öz konkret ifadəsini tapıb: "Tarix boyu Teymurləngi işgəncə verən şəxs kimi qələmə veriblər. Lakin Teymurləng ABŞ-dakı işgəncələrlə müqayisədə demokratdır... Adətən, ABŞ-da Şükran bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib, qaradərililərin soyqırımına başlayıblar".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.