Dünya

ABŞ-da rəngli inqilab başlandı - VİDEO - FOTO

25 Noyabr 2014 16:06
2 Şərh     Baxış: 2 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Ferqüsson şəhərində qaradərili yeniyetmənin polis əməkdaşı tərəfindən qətlə yetirməsi ilə bağlı məhkəmədə andlıların qərarından sonra ölkə alışıb-yanır. Nümayişçilər Nyu-Yorkda üç körpünü bağlayıblar. Çikaqo, Sietl və Los-Anceles şəhərilərində genişmiqyaslı etiraz aksiyaları keçirilir. İğtişaların miqyası artır. Sabah da toqquşmalar və çaxnaşmalar gözlənilir.

"Atəş açmayın, silahsızam!"

Olay avqustun 9-da, günorta baş verib. 18 yaşlı Dorian Conson və Maykl Braun yaşadıqları Ferqüsson şəhərindəki kiçik "Quick Trip" dükanından çıxaraq Mayklın nənəsinin yaşadığı evə yönəliblər. Bu zaman onları patrul maşınındakı polis zabiti Darren Uilson görüb.
 

Dorian Conson danışır: "Polis zabiti bizdən yoldan çıxmağımızı istədi. Maykl isə dedi ki, artıq nənəsinin evinə çatıb, səkiyə az qalıb. Amma polis sakitləşmədi. Maşını sürətlə yerindən tərpətdi. Avtomobil düz qabağımızda dayandı. Başını maşının qapısından çıxararaq polis Braunun boynundan tutub özünə tərəf çəkdi. Maykl onun əlindən qurtulmağa çalışanda polis tapançasını çıxarıb atəş açdı".
 

Məhkəmə isə bildirilib ki, Maykl Braun guya polis zabitindən tapançanı almaq istəyib.

Darren Uilson əvvəlcə havaya atəş açıb.
 

Maykl Braun qaçmağa çalışanda polis zabiti maşından düşüb, "Dayan, atəş açacağam!" bağırıb, sonra da Braun istiqamətində 4 dəfə atəş açıb.

İlk iki atəşdən sonra Maykl dayanıb, arxaya dönərək əllərini yuxarı qaldırıb, "Atəş açmayın, silahsızam!" qışqırıb. Amma Uilson heç nə olmamış kimi Braunu güllələyib.

Şəhər alovlanır

Ferqüsson şəhərində toqquşmalardır. Avtomatlardan atəşlər açılır.
 

Milli.Az CNN-ə istinadən bildirir ki, bazar ertəsi axşamı Sent-Lüis bölgə prokuroru tərkibi 3 qaradərili və 9 ağdərilidən ibarət andlılar heyətinin qərarını açıqlayıb. Qərara görə, avqustun 9-da 18 yaşlı qaradərili Maykl Braunu güllələmiş polis zabiti Darren Uilsona qarşı ittiham irəli sürülməyib.

Bu qərardan sonra Ferqüssonda yüzlərlə qaradərili gənc şəhər küçələrinə səpələnərək dükanların vitrinlərini və maşınların şüşələrini sındırıblar.

Missuri ştatının qubernatoru Cey Niksonun dediyinə görə, andlıların qərarının açıqlanma zamanını Sent-Lüisin prokuroru Robert Makkalloh seçib.

Birləşmiş Ştatların hakimiyyət dairələri nələr baş verəcəyini təxminləyirdi.
 

Prezident Barak Obama hələ ötən həftənin cümə günü çıxış edərək vətəndaşları iğtişaşlar törətməməyə çağırmışdı.

"Bu ölkədə insanlar öz fikirlərini bildirmək və ədalətsiz hesab etdikləri əməllərə qarşı etiraz aksiyaları keçirməkdə azaddırlar. Lakin bu və digər hadisədən iğtişaşlar törətmək üçün yararlanmaq qanunsuzluqdur", - Obama ABC telekanalına müsahibəsində demişdi.

Obama daha bir müraciətlə çıxış edəcəyini demişdi.
 

O, sözünün üstündə durdu və dünən "millətə xitab"ında Ferqüsson şəhər məhkəməsinin qərarına sayğı istəyərək vətəndaşları iğtişaşlara yol verməməyə çağırdı. Bundan başqa o, dinc etirazlar zamanı polisdən daha təmkinli davranış istədi.

Əvvəlcə sakit idilər

Güllələnmiş Maykl Braunun ailəsi ilk əvvəl sakit bəyanat yaydı: "Oğlumuzun qatilinin cəzasız qalması bizi təəssüfləndirir. Amma hamınızı bu sistemi dinc yollarla dəyişməyə çağırırıq".
 

Amma mərhum gəncin anası Lesli Makspadden bir neçə saat sonra polis idarəsinin qarşısına yönəldi. O, səf tutmuş polislərə əlini uzadaraq nifrətlə qışqırırdı: "Onlar haqsızdır! Bilirsiniz ki, onlar haqsızdır!"
 

Bu olaydan sonra şəhər sakinlərində münaqişəni dinc yollarla həll etmək imkanları qalmamışdı.

Kütlə ilə toqquşmalarda polislər gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Onlara daş və butulkalar atılıb.

Ferqüssonda artıq 29 nəfər həbs olunub. Etiraz aksiyası keçirənlər maşınları yandırırlar. Yandırılan maşınlar arasında polis avtomobilləri də var.

Agence France-Presse bildirir ki, şəhərdə onlarla bina yanır.
 

Sietl, Filadelfiya, Çikaqo, Boston da "qaynayır".
 

Sent-Lüisdəki Universiti Siti bölgəsində polis zabiti qolundan güllə yarası alıb.

Birləşmiş, yoxsa Qaynayan Ştatlar?

Nyu-Yorkda on minlərlə inan küçələrə çıxıb. Şəhərin mərkəzindəki Tayms-Skuerdə naməlum şəxs şəhər polisinin komissarı Bill Bretton və onun köməkçisinin üzərinə qırmızı boya atıb.
 

Bruklin, Manhetten və Trayboro körpüləri bağlanıb.
 

Çikaqoda on minlərlə insan "Maykl Braun üçün ədalət!" şüarları ilə mitiqlər keçirirlər. Sietldə nümayişçilər yollara uzanaraq hərəkəti dayandırıblar. Los-Ancelesdə nümayişçilərlə polislər arasında toqquşmalar davam edir.
 

Oklend, Luisvill, Oreqon, Kanzas ştatlarında da bu gün səhər saatlarında kütləvi nümayişlər başlanıb.
 

İğtişaşlar Birləşmiş Ştatların onlarla şəhərinə yayılmaqdadır.
 

ABŞ-da yüz minlərlə insan hesab edir ki, Ferqüssonda qaradərili Maykl Braun məhz irqi ayrı-seçkilik zəminində qətlə yetirilib.
 

Etiraz nümayişinə çıxmış amerikalıların əsas tələbi Darren Uilsonun həbsi və məhkəməyə cəlb olunmasıdır.
 

ABŞ-ın Ədliyyə Nazirliyi bu gün bəyanat yayaraq Ferqüsson şəhər polisinin fəaliyyətinin araşdırılacağını bildirib.
 

...Vur-tut 21 min nəfər əhalisi olan Ferqüsson şəhərinin sakinlərinin 2/3 hissəsi qaradərililərdir. Amma şəhərdəki 50 polisdən cəmi 3 nəfər qaradərilidir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videoları izləmək üçün şəkillərə klikləyin.

фото

фото

фото

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.