Dünya

Putin Türkiyədən dəstək istəyir

22 Noyabr 2014 12:22
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Qərbin sanksiyalarının təsirini azaltmaq üçün bu yola baş vurur

Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya özünə müttəfiq axtara-axtara qalıb. Çin və Hindistandan özünə zəruri dəstək tapa bilməyən Rusiya prezidenti Vladimir Putin bu dəfə Türkiyəni hədəf kimi seçib. Bəlli olduğu kimi, Qərblə Türkiyənin münasibətlərində müəyyən problemlər yaşanır və Moskva da bundan yararlanmağa çalışır. Artıq təsdiq olunub ki, Rusiya prezidenti dekabrın əvvəlində Türkiyəyə səfər edəcək. Rusiya-Türkiyə əlaqələrinin yeni bir mərhələyə çatdığını ifadə edən Putin iki ölkə arasındakı əməkdaşlığın bəzi sahələrdə strateji mövqeyə yüksəldiyini bildirib. Putin Kremldə Rusiyada yeni vəzifəyə başlayan səfirləri qəbul edərkən Türkiyənin Moskvadakı səfiri Ümit Yardımın etimadnaməsini qəbul etdikdən sonra iki ölkə arasındakı əlaqələrdən danışıb. O, iki ölkə arasındakı əməkdaşlığın başda enerji olmaq üzrə müxtəlif sahələrdə strateji mövqeyə yüksəldiyini ifadə edib. Prezident Ərdoğan ilə yaxın əməkdaşlıq etdiklərini qeyd edən Putin dekabrın 1-də Türkiyədə keçiriləcək Ali Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iki ölkə arasındakı əlaqələrdə dinamik bir irəliləyiş təmin etmək üçün müzakirələr aparacaqlarını söyləyib.

Yeri gəlmişkən, səfər hər iki ölkənin siyasi dairələrində də geniş müzakirələrə səbəb olub. Putinin Türkiyəyə səfəri barədə birmənalı fikir olmasa da, analitiklərin əksəriyyəti bu səfərin hər iki ölkənin maraqlarına uyğun olduğu qənaətindədir. Belə ki, Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Kremlin Türkiyə timsalında özünə yaxın tərəfdaş seçməsi tam təbii görünür. Eləcə də Avropa İttifaqı qapılarının bağlı olduğu Türkiyə üçün də Rusiya ilə iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi sərfəli hesab olunur. Bu səbəbdən də Putin və Ərdoğan hakimiyyətlərinin 2020-ci ilə qədər Rusiya ilə Türkiyə arasında ticarət həcminin 100 milyard dollara çatdırılmasına çalışması başa düşüləndir. Ayrıca neft və qazla Qərbi təzyiqdə saxlayan Rusiyanın Xəzər dənizinin, İraqın və perspektivdə İranın enerji daşıyıcılarının Avropaya çatdırılmasında tranzit rolunu üzərinə götürməyə hazırlaşan Türkiyə ilə münasibətlərin yaxşılaşması hər iki dövlətin strateji maraqlarına cavab verir. ABŞ başda olmaqla Qərb ölkələrinin apardığı siyasət də Rusiya ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını zəruri edir. Belə ki, qarşılarında güclü Türkiyə görməmək üçün Qərb ölkələri NATO üzvü olan dövlətə qarşı müxtəlif ssenarilər işə salır. Buna misal olaraq PKK terror təşkilatını, Yaxın Şərqdə müstəqil Kürdüstan dövlətinin yaradılması layihələrini göstərmək olar. NATO üzvü olan Türkiyənin güclənməsində Rusiya da eyni texnologiyadan istifadə etməkdə maraqlı tərəflərdən biridir. Lakin 2 ölkə arasında münasibətlərin yaxşılaşacağı təqdirdə Rusiyanın Türkiyəyə qarşı bu addımları atacağı inandırıcı görünmür. Rusiya ilə Türkiyənin yaxınlaşmasının Qafqaz və Yaxın Şərq bölgələrində sabitliyə böyük təkan verəcəyi şübhəsizdir. Bu isə hər iki bölgəyə Qərbin təsirini minimuma endirəcək. İqtisadi cəhətdən isə 2 ölkənin yaxınlaşmasının daha çox Türkiyənin xeyrinə olacağı gözlənilir. Çünki xidmət və yüngül sənaye iqtisadiyyatı yaxşı inkişaf etmiş Türkiyə iş adamları üçün Rusiya kimi böyük bir bazarda heç bir əngəl qalmayacaq. Və Rusiyanın təbii sərvətlərindən bəhrələnənlər arasında da Türkiyə ön sırada olacaq. İkinci bir tərəfdən isə korrupsiyalaşmış Rusiyadan Qərbə axan kapital axının müəyyən bir hissəsi Türkiyə iqtisadiyyatına yönəldilə bilər. Rusiyanın isə bundan uduşu o ola bilər ki, nisbətən imkanlı (Çin, Hindistan və başqa Asiya ölkələri ilə müqayisədə) Türkiyə vətəndaşları hesabına əmək bazarının problemləri yoluna qoyular.

Hərbi cəhətdən də Rusiya ilə əməkdaşlıq Türkiyəyə sərf etməlidir. Dünyanın ən böyük nüvə arsenalına malik Rusiya ilə əməkdaşlıq Türkiyənin də gələcəkdə nüvə ölkəsinə çevrilməsini sürətləndirə bilər. Dekabr səfəri çərçivəsində Akkuyu Atom Elektrik Stansiyasının tikilməsi işlərinin sürətləndirilməsi məsələləri də müzakirə ediləcək. Bundan başqa, iki ölkə arasında turizm əlaqələri də güclüdür. Rusiyanın milyonlarla turisti Türkiyəyə gəlir. Bütün bu nüanslar iki ölkənin əlaqələrini önəmli edir. Amma Rusiya indiki durumda çox ciddi problemlərlə üzləşib. Qərbin sanksiyaları ölkənin durumunu ağırlaşdırıb. Putinin Türkiyəyə səfəri həm də Rusiyanın üzləşdiyi sanksiyalardan can qurtarmağa hesablanıb. Ona görə səfər kifayət qədər ağır olacaq. Analitiklərin fikrincə, Putinin yaxın perspektivdə Türkiyədən istədiyi kənd təsərrüfatı mallarının Rusiyaya ixracının artırılmasıdır. Qərbin sanksiyaları fonunda Türkiyədən meyvə və tərəvəz məhsullarının ixracının artması Rusiya qədər elə türk iş adamlarının da maraqlarına tam olaraq cavab verir.

Qərbin Rusiya ilə Türkiyə yaxınlaşmasına mənfi münasibət göstərəcəyi məlum olsa da, buna mane olmaq imkanları məhduddur. Belə ki, hər iki ölkənin hazırkı hakimiyyətlərinə Qərb tərəfdən heç də yaxşı münasibət göstərilmir. Əgər Putinin timsalında keçmiş SSRİ-ni bərpa etmək istəyən və imperiya ambisiyaları ilə yaşayan şəxs görülürsə, Ərdoğan da Osmanlı imperiyası kimi İslam dünyasında Türkiyənin xilafət rolunu öz üzərinə götürməyə çalışan lider kimi qiymətləndirilir.

Bütün bu münasibətlərin fonunda Qərbin Türkiyə ilə Rusiyanın yaxınlaşmasına mane olmaq imkanları azalmış olur. Ən önəmlisi isə odur ki, Türkiyə və Rusiya bir çox beynəlxalq məsələlərdə eyni mövqelərdən çıxış edir. Xüsusi ilə də BMT-nin ABŞ və Avropa ölkələrinin təsirində olması ilə nə Ərdoğan, nə də Putin razılaşır.

Rusiyanın tanınmış politoloqu, publisist və ictimai xadim Andrey Piontkovski hesab edir ki, Putin Ukrayna məsələsini "dondura" və Dağlıq Qarabağda və Gürcüstanda müəyyən addımlar ata bilər.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.