Dünya

"Səmaaltı"nın sıçrayışı - FOTO

23 Noyabr 2014 17:57
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pekin ABŞ-Rusiya qarşıdurmasından çox şey qazanır 

Noyabrın ortaları beynəlxalq siyasətdə son dərəcə gərgin və əlamətdar dövr kimi yadda qaldı. Əvvəlcə Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC), daha sonra isə Avstraliyada "Böyük iyirmilik" ölkələrinin sammitlərində dünya liderləri mövcud problemləri müzakirə ediblər - iqtisadi problemlərdən tutmuş, ətraf mühit məsələlərinə, Ukrayna böhranından tutmuş Yaxın Şərq münaqişəsinədək.

Toplantılar çərçivəsində sazişlərin, memorandumların, müqavilələrin imzalanması zamanı, həmçinin əksəriyyəti təkbətək keçirilən görüşlərin gedişində vacib geosiyasi trendlər qeyd edilib. Onlardan biri də Asiya-Sakit okean regionunun xüsusi önəm daşıdığının təsdiqlənməsidir. Planetin əsas insan, sənaye, texnoloji resursları dünyanın məhz bu hissəsində cəmləşib və ya cəmləşir, dünya iqtisadiyyatının canlanması və inkişafa keçməsinin məhz bu regiondan başlayacağı gözlənilir. Bununla yanaşı, İkinci Dünya müharibəsindən sonra maliyyə arxitekturasına yeni meydanın da məhz Asiyadan oxunacağı gözlənilir.

Dəyişikliklərin avanqardı
 

Baltik dənizindən Cənub-Şərqi Asiyayadək olan 21 ölkəni özündə birləşdirən APEC-in 25-ci sammiti Pekində keçirilib. Ev sahibi olan Çin nə ikitərəfli müqavilələrin imzalanmasında, nə də qonaqların əylənməsində simiclik edib. Şübhəsiz ki, Asiyadakı bütün dəyişikliklərin avanqardında məhz Çin dayanır. Hazırda bu ölkənin gücü, özünə inamı o qədər yüksəkdir ki, ABŞ-a onunla yalnız bərabər hüquqda danışa biləcəyini açıq şəkildə göstərir. Görünən odur ki, külli miqdarda xarici borclar, Yaxın Şərqdəki uğursuzluqlar, həmçinin səlahiyyət müddətinin bitiminə 2 il qalmasına rəğmən, artıq əksəriyyət tərəfindən "axsaq ördək" adlandırılan uğursuz prezident üzündən zəifləmiş Birləşmiş Ştatların Pekinin bu tələbinə boyun əyməkdən başqa yolu yoxdur. Çin ABŞ iqtisadiyyatının ciddi bir hissəsinə nəzarət edir. Misal kimi, yalnız Çinin nəzarətində olan ABŞ-ın qiymətli kağızlarını göstərmək kifayətdir. Onların dəyəri trilyon dollar təşkil edir. Odur ki, Vaşinqton Çinlə münasibətlərinin dünyanın gələcəyi, planetin simasının müəyyənləşdirilməsi baxımından vacib olduğunu nümayiş etdirməyə cəhd göstərir.

"The National Interest" ABŞ-ın dövlət katibi Con Kerrinin bir müddət əvvəl məhz bu cür bəyanatla çıxış etdiyini xatırladır. Barak Obama isə Si Tzinpinlə keçirdiyi birgə mətbuat konfransında bu fikri bir qədər də genişləndirib. O, bildirib ki, iki ölkə arasında münasibətlərin yeni formatının hazırlanması vacibdir. Obamanın fikrincə, bu, bütünlükdə beynəlxalq birliyə fayda gətirəcək. Vaşinqtonla Pekin arasında hərbi anlaşılmazlıqların aradan qaldırılmasına dair iki saziş imzalanıb. Onlar terrorçuluqla mübarizədə əməkdaşlıq etmək haqda razılığa gəliblər. Bundan başqa, ABŞ və Çin bir sıra IT məhsullarına görə tariflərin ləğvini də planlaşdırırlar. Ekspertlər isə hesab edirlər ki, tərəflər arasında kibertəhlükəsizlik və pul-kredit siyasəti kimi vacib məsələlər hələ də həll olunmamış qalır. Maraqlıdır ki, ABŞ Honq Konqda keçirilən etiraz aksiyalarına heç bir aidiyyətinin olmadığını açıq şəkildə bəyan edib. Si Tzinpin isə Honq Konqda baş verənlərin ölkənin daxili işi olduğunu bir daha dilə gətirib.
 

Birgə mətbuat konfransı zamanı Çinlə dəniz və ərazi mübahisələrinə, həmçinin bu ölkədə insan haqlarının durumuna toxunulmayıb. Daha sonra Kvislend Universitetindəki çıxışında isə Obama Vaşinqtonun Asiya-Sakit okean regionunda müttəfiq öhdəliklərini yerinə yetirməyə hazır olduğunu, planetin bu hissəsində kiçik dövlətlərin və xalqların sıxışdırılmasını sadəcə müşahidə etməklə kifayətlənmək niyyətində olmadığını söyləyib. "Amerikanın Asiya-Sakit okean regionunda liderliyi mənim xarici siyasətimdə hər zaman əsas istiqamət olacaq", - deyə Birləşmiş Ştatların prezidenti qeyd edib.
 

Amma diqqət mərkəzində Asiya-Sakit okean regionunda ABŞ-ın deyil, məhz Çinin liderliyi olub. Buna Rusiya ilə Qərb arasında yaşanan "soyuq müharibə 2.0" da ciddi təsir göstərir. Pekin bu qarşıdurmadan çox şey qazanır. Bəzən belə təəssürat yaranır ki, sanki Rusiya ilə ABŞ Çini gücləndirmək üçün öz aralarında razılığa gəliblər. Çin hazırda uğurlarının zirvəsindədir - region dövlətləri yenidən proteksionizm tədbirlərindən əl çəkiblər, hətta ÜTT-nin icazə verdiyi çərçivələrdən kənara çıxmayacaqlarına söz veriblər. Pekin isə "hədiyyə kimi" inkişaf edən iqtisadiyyatı üçün əlavə yanacaq qazanıb. Si Tzinpinin Asiya-Sakit okean regionu üçün ümumi azad ticarət zonası haqqında "yol xəritəsi" təklifi də qəbul edilib. Yaponiya ilə ABŞ-ın özləri üçün belə sistemin yaradılmasına (hərtərəfli regional iqtisadi tərəfdaşlıq, Trans-Sakit okean tərəfdaşlığı), Çinin isə bundan kənarda qoyulmasına çalışdıqları bir şəraitdə bu, daha ciddi önəm daşıyır. Məsələ ondadır ki, ABŞ-ın Asiyadakı ticarət düzənilə bağlı öz baxışları var və onun Çinə qarşı ittifaqın gücləndirilməsi istiqamətində səyləri davam etdirdiyinə şübhə yoxdur. ABŞ üçün Çin sadəcə güclü və gücünə görə təhlükəli bir ölkə, amma bərabərhüquqlu tərəfdaşdırsa, Vyetnam, Kamboca, Laos, Tailand kimi ölkələr üçün o, təhlükəli nəhəng qonşu, Yaponiya və Cənubi Koreya üçün əsas geosiyasi və iqtisadi rəqibdir.

Odur ki, Çinin təşəbbüsü, əlbəttə ki, bir sıra maneələrlə qarşılaşacaq. Çünki iqtisadi baxımdan müxtəlif səviyyələrdə olan, öz aralarında daha çox ikitərəfli formatda əməkdaşlığa üstünlük verən ölkələri ortaq məxrəcə gətirmək asan deyil. Amma bütün təşəbbüslər Çinin inteqrasiya proseslərindən liderliyi güzəştə getmək niyyətində olmadığını açıq şəkildə göstərir.

Çinlə imzalanmış ən maraqlı sənədlərdən biri 2018-ci ildən etibarən Rusiya qazının (Yamal yatağından Altay vasitəsilə) "Qərb marşrutu" ilə Çinin şimal-qərb əyalətlərinə nəqlinə dair memorandumdur. Mərkəzi Asiya ölkələrindən də fəal şəkildə qaz alan Pekin ümumi enerji istifadəsində kömürün payını azaltmağa çalışır. Üstəlik, mayeləşdirilmiş qaz variantı da var. Lakin, deyəsən, Pekin mayeləşdirilmiş təbii qazın baha başa gəlməsilə əlaqədar, dənizdən tədarükdən asılılığı o qədər də bəyənmir. Bu məsələdə Çinlə təcrid durumdan çıxmağa, Amerikanın Asiyaya mayeləşdirilmiş qaz ixracının qarşısını almağa çalışan Rusiyanın maraqları tam üst-üstə düşür. Bu əməkdaşlıqda Moskva qazın qiymətində güzəştə getməlidir. Ekspertlərin fikrincə, bu dəfə Rusiya mayda əldə edilmiş "Sibirin gücü" razılaşmasındakından daha çox güzəştə getməli olacaq. Amma bütün bunlara baxmayaraq, Rusiya bu sövdələşmədən məmnun görünür.

Rusiyanın ixracı Çinin "mavi yanacağa" olan tələbatının 20%-ni ödəyəcək, Çinə qaz tədarükünün həcmi Avropanın ixrac etdiyi həcmi ötəcək. Rusiya, eyni zamanda Avrasiya İqtisadi İttifaqının Asiya ölkələrinə əməkdaşlığına ümid edir. Moskvada hesab edirlər ki, Asiya-Sakit okean ölkələrilə ticarət dövriyyəsinin artması, Asiya investisiyalarının cəlbi Uzaq Şərqin inkişafına kömək edəcək. Vladimir Putin də Asiya-Sakit okean regionu ilə ticarət dövriyyəsinin Rusiyanın ümumi ticarət dövriyyəsindəki payını 25%-dən 40%-ə artırmaq niyyətini açıqlayıb. Yeri gəlmişkən, digər inteqrasiya sxemlərindən fərqli olaraq, Asiya-Sakit okean azad ticarət zonası Rusiyaya da toxunur.
 

Rusiyanın iqtisadi vəziyyətilə bağlı hazırkı proqnozlar çox pisdir - sanksiyalar öz nəticəsini verir və rubl son zamanlar ard-arda rekordlara imza atır. Bununla yanaşı, ölkədən külli miqdarda kapital axını, inflyasiyanın isə sürətlə artması müşahidə olunur. Neftin qiymətinin günbəgün ucuzlaşması isə Rusiya iqtisadiyyatına daha ciddi zərbə vurur. Bu, Rusiya iqtisadiyyatının zəif tərəflərini bir daha üzə çıxarıb, onun kapital və insan resursları çatışmazlığından əziyyət çəkdiyini ortaya qoyub.
 

Siyasi sahəyə gəlincə, hər şey Suriya, İran və Ukraynadakı vəziyyətə ilişib. Ukraynanın cənub-şərqində yeni müharibənin başlama ehtimalı yüksəkdir. Qərbdə hesab edirlər ki, indi yeni fəal hərbi əməliyyatların başlaması Rusiyaya sərf edir. Guya, Moskva bununla diqqəti daxili problemlərdən yayındırmağa çalışır. Qərb ekspertləri Kremlin Krımla quru dəhlizə ehtiyacının olduğunu da bildirirlər.

Rusiyada isə bəzi ekspertlər müharibənin əksinə, Qərbə sərf etdiyini düşünürlər. Onların fikrincə, müharibə artıq Ukraynanın xilasının mümkün olmaması faktını gizlətməyə imkan verəcək. Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin də Almaniyanın ARD telekanalına müsahibəsində bildirib ki, onun ölkəsinə tətbiq edilən sanksiyalar, ilk növbədə, Kiyevi uçuruma yuvarlayacaq. O, "Moskvanın Ukrayna hökumətinə siyasi rəqiblərini məhv etmək imkanı verməyəcəyini" də söyləyib. Kanadanın baş naziri Stiven Harperin Rusiya qoşunlarının Ukraynanı nə vaxt tərk edəcəyinə dair sualına (G20-də təntənəli salamlaşma mərasimində) cavabında isə Putin bildirib ki, onların Ukraynanı tərk etmələri mümkün deyil: "Çünki onlar Ukrayna ərazisində deyillər".

"İyirmilik" sammitində
 

Avstraliyada keçirilən G20 sammitində mərkəzi mövzu Ukrayna olub. Halbuki bu sammit iqtisadi məsələlərin müzakirə olunduğu meydan kimi nəzərdə tutulub. Mətbuat ilk olaraq diqqəti sammitin ev sahibinin və bir çox müttəfiqlərinin Rusiya prezidentini son dərəcə soyuq qarşılamalarına çəkib. Putinin Avstraliyanın baş naziri Toni Ebbotla görüşünü jurnalistlər saniyə-saniyə izləyiblər. Çünki Ebbot əvvəldən bildirmişdi ki, o, Putinin "yaxasından yapışaraq" ondan iyulun 17-də Ukrayna səmasında Malayziya "Boinq"inin vurulmasına görə haqq-hesab soracaq. Xatırladaq ki, təyyarədə həlak olmuş 298 sərnişin arasında 27 nəfər Avstraliya vətəndaşı da var. Amma bunun əvəzində Ebbot və Putin iki koalanı qucaqlarına alıb mehribancasına kamera qarşısına çıxdılar. Elə həmin gün Rusiyanın "Birinci kanal"ı guya "Boinq"ə "Su-27" qırıcısından raketin buraxıldığını əks etdirən peyk görüntüləri yayımlayıb. Qərb rəsmiləri faktiki olaraq, bununla bağlı heç bir təkzib verməyiblər. Düzdür, sonradan görüntülərin saxta olduğu və həmin günün real görüntüləri olmadığı üzə çıxıb. Amma tərəflərdə hadisənin real görüntülərinin olduğu da bəllidir. Hər halda, XXI əsrdir və Ukraynadakı münaqişə zonasının kosmosdan daimi nəzarətdə olduğuna şübhə yoxdur.
 

Avstraliya sammitinin digər maraqlı məqamı Putinin toplantını vaxtından əvvəl tərk etməsidir. Həmkarları ilə səhər yeməyindən imtina edən Putin yekun mətbuat konfransı keçirərək vətəninə yola düşüb. Onun iş həftəsinə başlamazdan əvvəl yataraq dincəlmək istədiyi haqda fikirlərinə, əlbəttə ki, heç kəs inanmayıb. Hər kəsin fikri ondan ibarətdir ki, ya Putin sadəcə "Ukrayna ilə bağlı təzyiqlərə tab gətirməyərək" qaçıb, ya da "istədiyini eləyib, daha kiminləsə təmasa ehtiyac duymayıb". Həqiqətən də, sammit çərçivəsində Putinlə Obamanın heç bir danışıqlar aparmaması təəssüfləndiricidir - "ayaqüstü" bir neçə kəlmə hələ "danışıqlar" sayılmır. Üstəlik, sammitdə qalan liderlər sonradan Ukrayna mövzusu ətrafında ətraflı fikir mübadiləsi aparıblar və burada da əsas rolu yenə ABŞ oynayıb.
 

"Biz Qərbi Afrikada Ebola virusu, Yaxın Şərqdə "İslam dövləti" və Ukraynada Rusiyanın təcavüzü ilə mübarizədə dünya birliyinə başçılıq edirik. Bütün bunlar dünya üçün təhlükədir", - deyə Obama bildirib.

ABŞ-ın əvvəlkitək gücünü bütün qitələrə səpələdiyi bir vaxtda Çin beynəlxalq nüfuz mərkəzini özünə tərəf yönəldir. Ukrayna Çini digər ölkələri düşündürdüyü qədər narahat etmir. Si Tzinpin şərqsayağı müdrikliklə tərəflərdən hər hansınını dəstəkləməkdən imtina edib və qarşıdurmadan qaçıb. O, iqtisadi sazişlərin imzalanması ilə yuanla ticarətin genişləndirilməsinə çalışır. Pekinin təşəbbüsü ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) da yaradılıb və o, təxminən, 50 milyard dollar vəsaitə sahib olacaq.
 

Asiya ölkələrini Avrasiyanın Avropa hissəsilə birləşdirəcək "Yeni ipək yolu"nun yaradılmasına da Pekin tərəfindən külli miqdarda vəsait xərclənir.

"İyirmilik" sammiti çərçivəsində BRHÇC (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) rəhbərlərinin ayrıca görüşü də keçirilib. Hazırda bu struktur İnkişaf Bankının və şərti valyuta ehtiyatları birliyinin formalaşdırılması ilə məşğuldur - onların sərəncamında 200 milyard dollaradək vəsait olacaq və bu struktur dünyanın 10 ən böyük inkişaf bankları və təhlükəsiz maliyyə şəbəkələrinin sırasına daxil olacaq. Yeri gəlmişkən, BRHÇC liderləri Rusiyaya sanksiyaların tətbiqinin qanunsuz olduğunu bəyan ediblər. Onlar bu fikirlərini sanksiyaların tətbiqinin BİT Nizamnaməsinə zidd olması, iqtisadi dirçəlişə əngəl yaratması ilə əsaslandırıblar.
 

Belə çıxır ki, Rusiya Qərbin təzyiqləri altında xilas yolunu Çində axtarır. Çin isə planına sadiqdir və özü üçün yaranmış əlverişli şəraitdən istifadə edir. ABŞ-a gəlincə, o, situasiyaya uyğun davranır. Vaşinqton və ümumilikdə, Qərb, bəlkə də, Pekini bilərəkdən Rusiya sərhədlərinə doğru itələyirlər. Mənfi ssenarini hər kəs bilir - əvvəlcə Çin Rusiyanın enerji resurslarından istifadə edir, daha sonra tədricən onun ərazilərini ələ keçirməyə başlayır. Müsbət ssenariyə əsasən isə Rusiya Sibiri və Uzaq Şərqi inkişaf etdirməyə nail olur.

Çin və ABŞ üçün mənfi ssenari qarşıdurmaya yuvarlanma, müsbət ssenari isə tərəfdaş münasibətləridir. Pekində hesab edirlər ki, Asiyanın problemləri region ölkələri tərəfindən çözülməli, kənardakı fövqəldövlətlər ərazi mübahisələrində heç kimin tərəfini tutmamalıdırlar.
 

Bəs, ABŞ buna hazırdırmı?

"Region Plyus"

Böyütmək üçün şəkillərə klikləyin.



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.