Dünya

Gürcüstanda dini qarşıdurma

25 Oktyabr 2014 15:00
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli müsəlmanlarla xristianlar arasında "məscid" qalmaqalı yaşanır

Gürcüstanın cənubunda Adıgey rayonunda dini zəmində baş verən insident bölgədə gərginliyə səbəb olub. İnsident yerli müsəlman icması ilə xristianlar arasında yaşanıb. Vilayətin Moxe kəndinin müsəlman icmasını özündən çıxaran hal yerli hakimiyyət orqanlarının kənd mərkəzində qəzalı vəziyyətdə olan binanı kitabxanaya çevirmək qərarı olub. Kənd sakinləri bildiriblər ki, bu bina onlara məxsusdur. Adıgeyin xristian icması da yerli rəhbərliyin müdafiəsinə qalxıb. Adıgey Samtse-Cavahetiyanın əhalisinin sayına görə sayca ikinci rayonudur. Cənubdan Türkiyə, qərbdən isə Acarıstan Muxtar Respublikası ilə sərhəddir.

İnsidentə səbəb olan binanı əvvəlcə ticarət mərkəzinə çevirmək planı olub. Toqquşmalar yaşandıqdan sonra isə yerli hakimiyyət orqanları oranı kitabxana etmək fikrində olduqlarını iddia etməyə başlayıblar. Samtse-Cavahetiyanın qubernatoru Akaki Maçutadze də israrla bildirir ki, oranı kitabxana etmək istəyiblər: "Vahid mövqe o olub ki, bina internet-kitabxanaya çevrilsin. Narazılıqlardan sonra regionun müftisi ilə görüş oldu və o da klassik kitabxananın olması üzərində dayanıb". Qubernator əlavə edib ki, bina mədəni obyekt statusuna malikdir və Adıgey bələdiyyəsinin tabeliyindədir. "Bu illər ərzində bina qəzalı vəziyyətə düşüb və qərara alınır ki, onu yenidən bərpa etsinlər. Tenderdə qalib gələn şirkət binanın görkəmini dəyişməyəcəyinə söz verib. Sadəcə dam dəyişiləcək, möhkəmləndirmə işləri aparılacaq, eləcə də daxili və xarici təmir aparılacaq", - deyə Maçutadze bildirib. Onun sözlərinə görə, bütün bunlar binanın qarşısında quraşdırılan xüsusi lövhəcikdə də əks olunub. Yəni ilk baxışda burada qaranlıq bir məqamın olmadığı bəlli olur. Lakin bina təmirə başlanan gün əraziyə yerli sakinlər gəlməyə başlayıblar. Onlar bildiriblər ki, bura vaxtilə məscid olub və müqəddəs yerə istehza ilə yanaşmaq yolverilməzdir. İnşaatçıların təhlükəsizliyini təmin etmək istəyən polislərlə sakinlər arasında qarşıdurma yaşanıb. Yerli sakinlərlə toqquşma nəticəsində yaralananlar olub, 10 nəfər həbs edilib. "Onlar xuliqanlıqda və polisə müqavimət göstərməkdə günahkar biliniblər", - deyə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda göstərilib.

Sonradan Moxedə yaşananlar sonradan Adıgeyin mərkəzinə doğru genişlənib. Polis idarəsinin qarşısına toplaşan insanlar həbs olunanların dərhal azad olunmasını tələb ediblər. Etiraz əlaməti olaraq uşaqlarını məktəblərə göndərməkdən imtina ediblər. Bəzi məlumatlara görə, Adıgeydə uşaqları qonşu Acarıstanın məktəblərinə yollayıblar. Gürcüstan hakimiyyət orqanları əhalini sakitliyə çağırsa da, bu, baş verməyib. Baş nazir İrakli Qaribaşvili xüsusi müraciətində bütün insanların dini etiqadlarından asılı olmayaraq qanun qarşısında bərabər hüquqa malik olduqlarını bildirib. Hökumət başçısı Adıgey rəhbərliyinin atdığı addımları qanuni sayaraq, yerli müsəlmanların mədəni tələbatlarını yerinə yetirməkdə heç bir problem olmadığını, kənddə məscidin olduğunu deyib. Qaribaşvili onu da deyib ki, mübahisəli binada təmir işləri başlamamışdan əvvəl rayon rəhbərliyi müfti ilə görüşüb və onun üçün dövlət büdcəsindən iqamətgah tikintisi razılığı əldə olunub. Bütövlükdə münaqişənin qızışması gürcü hakimiyyət orqanları üçün gözlənilməz olub. Qubernator Akaki Maçutadze bildirib ki, "müsəlmanların Moxedəki iradlarını başa düşmür: axı orada məscid olmayıb".

Xristianlar iddia edirlər ki, burada vaxtilə kilsə olub. Sonradan Türkiyənin hökmranlığı dövründə buranın dağıdıldığı, kilsənin qalıqlarında müsəlmanlar üçün ibadət evi inşa edildiyi iddiaları da var. Sovetlər zamanında isə ibadət yerini dağıdıb və yerində mədəniyyət evi inşa ediblər. Lakin əksəriyyət hesab edir ki, buranın nə müsəlmanlara, nə də ki, xristianlara aidiyyəti yoxdur. Xristianlar iddia edirlər ki, müsəlmanlar həddən artıq "aqressivlik" göstərirlər. Onların iddiasına görə, bütün məişət məsələləri - sosial məişətdən tutmuş mədəni məsələlərə kimi mübahisəli problemlər onların xeyrinə həll olunur. Öz növbəsində Moxenin imamı Quram Abaşidze elan edib ki, hakimiyyət mübahisəli ərazini müsəlmanlara verməlidir. Çünki bura tarixi müsəlman məscididir və onlara qarşı mövqe bütün çərçivələri keçib. O, misal kimi Adıgeyin Çela ərazisi və Acarıstanın Kobuleti Kurort qəsəbəsində yaşanan hadisələri də göstərib. Çelada bir il əvvəl hakimiyyət orqanlarının tələbi ilə minarə uçurdulub. Həmin minarə Türkiyədən gömrük rüsumu ödənilmədən gətirilmişdi. Kobuletidə isə bir ay bundan əvvəl mədrəsənin qapısına donuz başı asılıb. Minarə sonda geri qaytarılıb və yenidən quraşdırılıb. Kobuletidəki vandal hərəkəti isə hələ də araşdırılmayıb. Budəfəki insidentin necə sonuclanacağını söyləmək içə çətindir. Hələ ki, qarşıdurmada iştirak edən tərəflər öz həqiqətlərini ortaya qoymaqla məşğuldurlar. Müşahidəçilərin qənaətincə, Gürcüstanda dini icmalar arasında vəziyyət bütövlükdə pisləşməyə doğru gedir və bunun qarşısını almaq üçün hakimiyyət orqanlarına soyuq baş gərəkdir, dini liderlər isə qarşıdurmaya getməməlidir.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.