Dünya

"Məni elə sevdi, elə inandı, elə güvəndi ki..."

24 Oktyabr 2014 17:05
0 Şərh     Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hülya Koçyiğit: "Elə bir zamanda yaşayırıq ki, filmlərə ciddi bir sənət kimi baxmırıq, kinoteatrlara sadəcə əylənmək üçün gedirik"

Türkiyənin məşhur aktrisası Hülya Koçyiğit ötən gün türk mətbuatına müsahibə verib. 50 ildir səhnədə olan aktrisa rejissorlardan yeni təkliflər gözlədiyini dilə gətirib.

- Hülya xanım, çəkildiyiniz "Susuz yaz" filmi yüz ilin ən yaxşı türk filmi seçildi. Siz bunu necə dəyərləndirirsiniz?

- Kino sənətimə "Susuz yaz" filmi ilə başladım. Bu mənə yaradıcılığımın 50 ilini unutmayacağım bir hədiyyə oldu. Türk xalqının vəfası məni çox sevindirdi. Onların mənə yaşatdığı xoşbəxtliyi izah etmək çox çətindir.

- Kino sənətindəki bu 50 il necə keçdi?

- Türk xalqının hörməti, sevgisi və çəkildiyim filmlərə göstərdiyi münasibət üzərimə böyük bir məsuliyyət qoydu. Belə ki, aldığım mükafatlar, tamaşaçıların göstərdiyi böyük hörmət məni daha çox işləməyə məcbur etdi və tamaşaçılara daha gözəl filmlər göstərməyə çalışdım.

- Səlim Soydanla nümunə ola bilən bir evliliyiniz var. Sizcə, xoşbəxt ailə həyatı qurmaq üçün nələr etmək lazımdır?

- Bu sual ilə tez-tez qarşılaşıram. İnanın ki, bunun yazılı bir izahı olsaydı, hər kəslə sevə-sevə paylaşardım. Özümü çox şanslı insan hesab edirəm. Ona görə ki, Səlim kimi bir insanla evliyəm. Ailə münasibətlərində sevgini çoxaldan hörmət və qayğıdır.

- Qısqanclıqla bağlı bir problem yaşadınızmı?

- Səlim məni elə sevdi, elə inandı, elə güvəndi ki... Mən də eyni şəkildə Səlimə güvəndim. O, heç bir zaman məni qısqandığını hiss etdirmədi.

- Türk kinosunun 100 illik inkişafını necə dəyərləndirirsiniz?

- Mənim fikrimcə, türk filmi ən gözəl illərini yaşayır. Türk film sənayesində yeni simalar peyda olub və bu gün həmin o simalar yetişməkdədir. İndi elə bir əsrdə yaşayırıq ki, istədiyimiz zaman dünyanın müxtəlif ölkələrinə gedib-gələ bilirik. Bu səbəblə kino mütəxəssislərimizə də filmlərimizi dünyaya açmaq üçün hər bir şərait yaradılıb. İnanıram ki, türk filmləri dünyada layiq olduğu yeri bir gün tutacaq.

- Nəvəniz Neslişah Alkoçlar aktyor Engin Altan Düzyatanla evləndi. Yeznənizə aktyorluq sənətində hansı sirləri öyrədirsiniz?

- Engin Altan Düzyatan özünü təsdiq etmiş, bəyənilən və sevilən bir aktyordur. Mənim ona əlavə edə biləcəyim hər hansı bir istedad yoxdur. Əgər ona əlavə edə biləcək nəsə varsa, sevə-sevə ona dəstək ola bilərəm.

- Hazırda hansı layihələr üzərində işləyirsiniz?

- "Varoşta kadın olmaq" filminin ssenarisi üzərində çalışıram. Ssenarini oxuyuram. Filmdə rol almaq üçün ilk olaraq onu özümün qəbul etməyim lazımdı. Ssenariyə əmin olmadan kamera qarşısına keçməyi qərarlaşdırmıram.

- Hər zaman fərqli xarakterlərlə qarşımıza çıxdınız. İndi hansı obrazları canlandırmaq istəyərdiniz?

- 27 may zərbəsi zamanlarındakı Berrin Manderes... Bu obrazı canlandırmağı çox arzu etmişdim, hələ də edirəm. İnanıram ki, bir gün bu filmdə rol alacam. Xəyali qəhrəmanlardan çox, gerçək həyatda yaşamış və insanların həyatına bir şəkildə toxunmuş xarakterlər məni hər zaman daha çox həyəcanlandırıb.

- Son dövrlər çəkilən türk filmləri haqqında nələr düşünürsünüz?

- Türk filmlərində bir bütünlük görə bilmirəm. Hazırda komediya filmlərinə daha çox yer verilir. Zənnimcə, filmlərimizin bu gününü nəzərdən keçirib, hər şeyə diqqət etməliyik. Əgər çəkilən filmləri, komediyaları milyonlarca insan izləyirsə, diqqət mütləq olmalıdır. Ona görə bu işlərə dırnaqarası baxa bilmərik. Bu filmlər üzərində ciddi-ciddi düşünüb, qərar vermək lazımdır. "Nə üçün insanlar bu qədər mənasız, kobud filmləri izləyir?" - deyə özümüzə sual verməliyik. Bu filmlərin yalnız biri böyük marağa səbəb oldu. Daha doğrusu, o xarakter çox müzakirə olundu. O, xarakteri nə üçün bu qədər mənimsəyib izlədilər? Üstəlik, sadəcə ilk bölümü deyil, ikincisi-üçüncüsü də çox izləndi. Sözün düzünə qalsa, mən bu filmləri görmədim və görmək də istəmirəm. Çünki o filmin mənə bir şey öyrədə biləcəyini düşünmürəm.

- Komediya filmlərinin izləyiciləri daha çox gənclər və uşaqlardır. Bəlkə ona görə sizə xoş təəssürat yaratmadı?

- Amma bunlar uşaq filmi deyil. Mənim fikrimcə, həmin filmlər uşaqlar üçün hətta təhlükəlidir. Həmin filmlərdə arqo və söyüşlər var. Bu filmlərdə uşaqlar izlədikləri xarakterlərə özlərini oxşatmağa çalışırlar. Əslində bu qədər izlənilən filmlər rejissorlardan daha çox düşüncə tələb edir. Belə layihələr yalnız pul qazanmaq üçündür. Həmin filmlər çox izləndikcə filmi ərsəyə gətirənlər də məşhurlaşır. Təbii ki, bu həmin şəxslərin qabiliyyətsiz olduğunu göstərmir, əksinə çox ağıllı olduğunu göstərir.

- Yaxşı bəs, belə filmlərin çəkilməsinə səbəb nədir?

- Pul qazanmaq. Bu filmlər kinoteatr üçün edilmiş yatırım və yaxud da film vasitəsi ilə xalqın intellektual dünyasını inkişaf etdirmək, ona xidmət etmək də deyil. Ötən il Türkiyədə 70-ə yaxın film çəkildi. Əlbəttə, bu filmlər arasında son dərəcə gözəl niyyətli, maraqlı hekayələrlə zəngin filmlər də var. Çəkilər filmlərin bəziləri də həyatdan götürülmüş hekayələrdir. Ancaq komedik filmlərimiz bərbad haldadır. Elə bir zəmanədə yaşayırıq ki, hər şeylə əlaqə yaratmaq çox asandır. İnsanlara səsinizi eşitdirmək məcburiyyətindəsiniz. İnsanlar çalışır ki, nə olursa-olsun bir yol tapıb özünü cəmiyyətə tanıtsın. Belə olduqda isə bəhs etdiyimiz yaxşı layihələr özlərinə hədəf olaraq festivalları seçirlər. Orada müzakirələrdə və yaxud da tamaşaçılardan reaksiya alırlarsa, reytinqdə də qazanırlar.

- Qeyd etdiyiniz filmlər sənətçi duyğularını, sancılarını dünyaya əks etdirir.

- Təbii ki, hər kəs belə filmlərlə maraqlanmır. İnsanların zamanı çox dəyərlidirmi və yaxud da insanlar artıq seçici olublarmı, onu deyə bilmərəm. Bəlkə də insanlar düşünmədən sadəcə gülmək istəyirlər. Ancaq bu eyni zamanda çox təhlükəli bir şeydir. Çünki həmin filmlərdə türk dilinin normaları da pozulub. Filmlər sanki başqa bir dildə çəkilib. Çox vaxt həmin filmlərdə danışdıqları dili başa düşə bilmirəm.

- Səhv etmirəmsə, buna inkişaf dönəmi deyirlər.

- Əlbəttə ki, inkişaf qaçınılmazdır. Ancaq bu gediş heç də yaxşı deyil. İnsanlıq tarix boyu bir çox dəyişikliklər yaşadı. Biz nə üçün dəyişirik? Artıq elə bir zamanda yaşayırıq ki, filmlərə ciddi bir sənət kimi baxmırıq, kinoteatrlara sadəcə əylənmək üçün gedirik.

- Son dövrlər çəkilən türk filmlərindən hansını daha çox bəyənirsiniz?

- "Başqa dildə aşk" filmi mənə çox təsir etdi. Əslində izlədiyim və bəyəndiyim çox film var. İndi heç biri ağlıma gəlmir. "Hər kəs kəndi evində" filmi məni daha çox duyğulandırmışdı. Həmin filmin öz hekayəsi, xarakterləri vardı və film məni sanki öz içinə almışdı.

- Bu gün seriallar filmlərdən daha çox çəkilir. Siz oynadığınız seriallar filmlərdən fərqli idimi?

- Çox istəyirəm ki, hazırda çəkilən serialları izləyib onlardan zövq alım. Bu həftə "Nələri çatdıra bilərik?" problemi olmadan 45-50 dəqiqəlik, amma əvvəldən planlanmış, çəkilib bitmiş, efirə hazır seriallar olsaydı, hesab edirəm ki, filmdəki qədər onlardan zövq ala bilərdim. Ancaq hələ ki elə seriallara rast gəlməmişəm. Zaman həftə içində sadəcə üç bölümlük layihənin şişirdilmiş olan flaqmanını gözləyərək keçir. Bir yandan çalışırsınız, bir yandan da gələcək ssenarinin nə olduğunu bilmirsiniz. Yəni, xarakterlər nəyə doğru gedirlər və yaxud da hadisə necə inkişaf edir? Serialın gedişi hansı istiqamətə doğru gedəcək? Tamaşaçıdan gələn reaksiyaya görəmi serial yönlənəcək, heç kim bilmir. Bunları görüncə də serial mənə məntiqli gəlmir. Ona görə də mənə gələn serial təkliflərini qəbul etmirəm. Çünki gələn təkliflərin bir-birindən fərqli olacağını hesab etmirəm. Yenə də ağlı başında olan ciddi bir sponsor, qələmi güclü olan ssenarist, gözəl rejissor, gözəl yaradıcı heyətin işləyəcəyi serial olarsa, təbii ki, o zaman qəbul edərəm. Çünki mən aktrisayam və işimi layiqincə görmək istəyirəm.

- Sizcə, film aktrisası ilə serial aktrisası arasında necə bir fərq var?

- Əslində bir aktrisa olaraq deyə bilərəm ki, hər ikisi eynidir. Əlinizdə üç bölümlük də olsa bir ssenari, bir obraz var və siz onu həyata keçirməyə çalışırsınız. Sadəcə olaraq seriallarda zamanla bağlı tələskənlik var. Sürətlə keçən zaman içində hər şeyin nə qədər gerçəkləşib-gerçəkləşmədiyi problemdir. Belə olan halda seriallarda çox şey gözdən qaçır. Bəzən "sadəcə şəklin çıxması" belə yetərli, deyirlər. Serial çəkmək maraqlı deyil, əksinə, çox əziyyətli bir işdir. İnanmıram ki, kimsə "çəkdiyim serialdan həzz alıram" desin. Əgər onlar işin sonunda bir uğura imza atıblarsa, yalnız o zaman həzz almaq mümkündür.

- Peşəkar aktrisa olaraq hansı aktyorların ifasını daha çox bəyənirsiniz?

- Aktyor və aktrisalarımız çox bacarıqlıdırlar. Onlar işlərinə çox ciddi və həyəcanla yanaşırlar. Misal üçün, Kenan İmirzalıoğlu çox qısa zamanda böyük bir inkişaf göstərdi. O, çox gözəl aktyordur. Üstəlik, sadəcə seriallarda deyil, filmlərdə də gözəl işlər həyata keçirdi. Özünü film sahəsində göstərməyə çalışması mənim çox xoşuma gəldi. Bu, sənətində qalıcı olmaq istəyinin bir işarəsidir. Söyləyirlər ki, aktyorlarımızın çoxu manekenlikdən filmə gəliblər. Razıyam, onlar gözəl olduqları üçün seçiliblər. Amma Cansu Dərə aktyorluq sənətinə çox yaxşı yiyələnib. O, bu iş üçün çox fədakarlıqlar göstərir. Mən uğurlu gənclərin bir-bir adlarını sadalamaq istəmirəm. Onları efirdə gördükcə çox sevinirəm.

- 200-dən çox filmə çəkilmisiniz. Keçmişə baxanda o filmləri necə xatırlayırsınız?

- Çəkildiyim bütün filmlərə qarşı böyük bir qayğım var. Onların hər birinə çox əmək verdim və buna görə də hamısını övladlarım kimi sevirəm. Fərqli rejissorlarla işləməyin zövqünü də yaşadım və onların hər birindən müəyyən təcrübələr qazandım. İndi geriyə baxanda Ömer Lütfü Akat ilə çəkildiyimiz "Düyün", "Gəlin", "Diyet", "Gökçeçiçek" filmlərimiz mənim üçün çox qiymətlidir. Təbii ki, Metin Erksanın da yeri mənim üçün başqadır. Sonrakı dövrlərdə mən öz şirkətimi qurdum və hekayələrimi seçməyə başladım. Şerif Görən ilə çalışmalarım oldu. Belə ki, onunla "Firar", "Dərman", "Hər hansı bir qadın", "Almaniya acı vatan" kimi filmlər çəkdik.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.