Dünya

Türkiyə - "qaydalara uyğun" oyun

24 Oktyabr 2014 15:58
0 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ankaranın İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"yə (xüsusi təyinatlı ordu hissələri) Türkiyə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edəcəyi haqqında açıqlaması ölkədə birmənalı qarşılanmadı.

Ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı verdiyi açıqlamada bir vaxtlar PKK terror təşkilatı ilə çiyin-çiyinə olan "Peşmərgə"nin Türkiyə ərazisi vasitəsilə Suriyaya keçməsini ölkə üçün ciddi təhlükə kimi qiymətləndirdi. Cümhuriyyətçilər isə (CHP) Ankaranı Kobani xalqına yardım etməməkdə günahlandırdı.

Bu gün Suriyanın Kobani şəhərində baş verən hadisələrə hansı prizmadan yanaşılırsa yanaşılsın, tam əminliklə söyləmək olar ki, burada əsas hədəf Türkiyəni çıxılmaz vəziyyətə salmaqdır. Əslində Davudoğlu hakimiyyəti yaxşı bilir ki, bu gün regionda maraqları toqquşan dövlətlər Türkiyəni iki seçim qarşısında qoymaq istəyirlər. Bunlardan biri Kobaniyə qoşun yeridilməsi ilə Türkiyənin Suriya girdabına sürüklənməsi, digəri isə Kobani hadisələrini fürsət bilib 2009-cu ildə başladılan və kürdlərlə barışığı nəzərdə tutan "demokratik açılım" prosesinin yarımçıq qoyulmasıdır. Lakin bu, o demək deyil ki, Türkiyə hakimiyyəti vəziyyətə nəzarət etmək iqtidarında deyil.

Bir vaxtlar Baş nazir olan Ərdoğan ölkədə kürd problemi ilə PKK məsələsini bir-birindən ayıra bildi. Dolayısı ilə, bir vaxtlar PKK terror təşkilatı ölkədəki kürdlərin müdafiəçisi kimi çıxış etsə də, ölkə hakimiyyətinin siyasəti nəticəsində PKK-nın bu "statusu" əlindən alındı.

Kobaniyə "Peşmərğə dəhlizi"

Türkiyə hökumətinin "Peşmərgə"nin Suriyanın Kobani şəhərinə keçməsi üçün dəhliz açması ABŞ-ın Ankaraya təzyiqinin bəhrəsi kimi qiymətləndirilir. Lakin "Peşmərgə"nin Suriyada olması ilk növbədə Ankaranın maraqlarına xidmət edir. Ən azından ona görə ki, Türkiyə "Peşmərgə"ni öz ərazisindən Suriyaya buraxmaqla Kobaniyə ordu yeritmək kimi təhlükədən uzaqlaşmış oldu.

"Peşmərğə"nin Kobaniyə keçməsi prosesinə gəlincə, onlar Türkiyə ərazisindən kütləvi şəkildə deyil, 20 nəfərlik qruplarla və silahsız keçəcəklər. Digər tərəfdən, Ankara İraqın kürd administrasiyasından Kobaniyə göndəriləcək döyüşçülər haqqında bütün məlumatların ölkə kəşfiyyatına (MİT) verilməsini tələb edib.

Təbii ki, Ankaranın "Peşmərgə" seçimini müsbət qiymətləndirmək olar.

Bu vaxta qədər Kobaniyə dəhliz açılmasının gecikməsinə Ankaranın cavabını isə ölkə rəsmilərinin "Bizim üçün PYD (Partiya Yekitiya Demokrat - Demokratik Birlik Partiyası), PKK və İŞİD ("İslam Dövləti") eyni şeydir, hamısı terrorçudur" ifadələrində tapmaq olar.

"Peşmərgə"yə gəlincə, Türkiyə rəsmiləri verdikləri bəyanatlarda dəfələrlə "Peşmərgə"nin İraq ordusunun bir hissəsi olduğunu bəyan ediblər.

Türkiyə Suriyada təktərəfli təhlükəsiz bölgə yarada bilər

Bu gün qonşu İraq və Suriyada baş verən hadisələrdən ən çox əziyyət çəkən ölkələrdən biri də Türkiyədir. Türkiyə qarşısındakı real təhlükə ölkədə Suriya və İraqdan 1,5 milyondan çox qaçqının olmasıdır. Rəsmi məlumatlara əsasən, Ankara iraqlı və suriyalı qaçqınlara bu vaxta qədər 4 milyard dollar xərcləyib. Bu, iqtisadiyyatının güclənməsinə önəm verən Türkiyə üçün az məbləğ deyil. Hətta Türkiyə rəsmiləri bəyan ediblər ki, İraq və Suriyadan yeni qaçqın axınının olması Türkiyə üçün ciddi fəsadlara yol aça bilər.

Suriya və İraqda davam edən toqquşmaların tez bir zamanda bitməyəcəyini nəzərə alsaq, Ankara üçün prioritet sərhəddə uçuşa qadağan olunmuş və təhlükəsiz bölgənin yaradılması olacaq.

Böyük ehtimalla tez bir zamanda Ankara əldə olan bütün vasitələrdən istifadə edərək Suriya daxilində uçuşa qadağan olunmuş və təhlükəsiz bölgə yaradacaq. Başqa dövlət ərazisində (indiki halda Suriyada) təktərəfli təhlükəsiz bölgənin yaradılması beynəlxalq hüquqa zidd olsa da, reallıq Ankaranı "qaydalara uyğun" addım atmağa vadar edir.

Rufiz Hafizoğlu
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.