Dünya

Unudulmuş müharibə

24 Oktyabr 2014 20:56
0 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranla Səudiyyə Ərəbistanı arasında geosiyasi qarşıdurma getdikcə güclənir 

Dünya birliyinin diqqəti Yaxın Şərqə yönəlib və Qərblə "İslam dövləti"ndən olan "cihadçılar" arasındakı qarşıdurma bu regionda yaşanan genişmiqyaslı dramın yalnız bir hissədir. Belə demək mümkünsə, Yəmən İŞİD-lə müharibənin kölgəsində qalıb: bu ölkənin paytaxtı şiə qiyamçılarının - husilərin nəzarətinə keçib və beynəlxalq KİV-lər yazır ki, Yəməndəki böhran bu ölkənin dövlətçiliyi üçün ağır nəticələr verə bilər. Ekspertlər xatırladırlar ki, şiələr bir neçə il əvvəl də qiyam qaldırmışdılar. Ümumiyyətlə, kasıb və zəif inkişaf etmiş Yəməndə hakimiyyətlə yerli tayfalar arasında münasibətlər daim gərgin olub. Bəziləri isə Sanada baş verənlərdə növbəti "rəngli inqilab"ın işartılarını görürlər - amma təbii ki, söhbət yerli xüsusiyyətli inqilabdan gedir...
 

İlk baxışdan, Yəməndə baş verən şiə qiyamı və Suriyadakı hadisələr arasında əlaqə çox azdır. Amma əslində bir çox analitiklərin rəyincə, ərəb Şərqində baş verənlər "bipolyar" sxemlərə heç cür uyğun gəlmir. Ən populyar versiya belədir ki, bəzi qüvvələr "rəngli inqilab"lar təşkil etməyənə qədər hazırda qanlı müharibəyə qərq olmuş ölkələrdə sabitlik hökm sürürdü.

Ən əsası odur ki, bu cür "birxətli" sxemlər əsas regional prosesləri, o cümlədən regionun böyük "neft çəkisi"nə malik olan aparıcı dövlətləri - Səudiyyə Ərəbistanı ilə İran arasındakı nüfuz mübarizəsini kölgədə qoyur.
 

Bu rəqabətin tarixi kökləri haqda danışmaq çətindir, çünki Səudiyyə Ərəbistanı müstəqil dövlət kimi dünya xəritəsində yalnız ötən əsrin 30-cu illərində peyda olub. Birinci Dünya müharibəsinə qədər bu ərazi Osmanlı İmperiyasının tərkibində idi və "Ərəbistan Lourens" türk ordusunun arxasında ərəb tayfalarının qiyamını da məhz burada təşkil etmişdi. Türkiyənin parçalanmasını nəzərdə tutan Sevr müqaviləsini imzalayanlar arasında isə vəliəhd hökmdar Hicaza Əbdüləziz əl-Saud da var idi. Daha sonra Ərəbistan yarımadasında başlamış qanlı tayfalararası müharibə 30-cu illərdə səudiyyəlilərin qələbəsi və Səudiyyə Ərəbistanının elan olunması ilə yekunlaşdı.

Daha bir problem ərəblərlə farsların bir-birinə münasibətidir. Böyük Fars dövlətinin, məhz, ərəblərin yürüşlərindən sonra dağıldığını İranda yaxşı xatırlayırlar. Və bu gün də İran millətçiləri Ərəbistan yarımadasından olanları "kərtənkələ yeyənlər" adlandırırlar. Öz növbəsində, Səudiyyə Ərəbistanı da İslamın şiə təriqətinə mənfi münasibətini gizlətmir. Və ən əsası, bütün bu tarixi, etnik və dini fikir ayrılıqları bu gün regionda gedən nüfuz davasının əsas təkanverici qüvvəsidir. Bu dava isə getdikcə güclənir və artıq tez-tez hərbi münaqişəyə çevrilir. Bu qarşıdurmada qüvvələr nisbəti də aydındır. İran regionda əsasən şiələr və ələvilərə (xatırladaq ki, Suriyadakı Əsəd sülaləsi də ələvidir) arxalanır. Səudiyyə Ərəbistanı isə əsasən sələfilərə söykənir.
 

Vaxtilə baş vermiş İran-İraq müharibəsi də bu rəqabətin nəticəsi idi. Xatırladaq ki, bu müharibə üçün formal bəhanə İranla Birləşmiş Ərəb Əmirlikləri arasındakı iki balaca ada uğrunda başlamış mübahisə olub. İraq isə bu mübahisədə "ümumərəb maraqlarının" müdafiəçisi rolunda çıxış edib.

Tehranla Ər-Riyad arasında "silahlı rəqabət" haqda dünya ilk olaraq Livandakı "sidr inqilabı"ndan sonra danışmağa başlayıb. Suriyadakı vətəndaş müharibəsində isə Səudiyyə Ərəbistanı heç düşünmədən müxalifətə dəstək verdiyi halda, İran Bəşər Əsədi müdafiə edir.

2011-ci il oktyabrın 11-də ABŞ təhlükəsizlik orqanları Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Ədil əl-Cübeyrəyə qarşı hazırlanan sui-qəsdin qarşısının alındığı haqda məlumat yayıb. İstintaqın versiyasına görə, 2011-ci ilin yazından hazırlanan bu sui-qəsdin arxasında İran hökuməti dayanırdı. Hüquq mühafizə orqanları hesab edirlər ki, sui-qəsdçilər səfirin baş çəkdiyi restoranda partlayış hazırlayırmış. Bəzi məlumatlara görə, onlar, həmçinin Səudiyyə Ərəbistanının İsrail və ABŞ-dakı səfirliklərini də partlatmaq niyyətində olublar. Tezliklə şübhəli şəxs də müəyyən olundu - həm İran, həm də ABŞ vətəndaşlığı olan Mənsur Arbabsiar. İstintaqın versiyasına görə, o öz cinayət yoldaşları ilə birlikdə 1,5 milyon dollara bir narkotik alverçisinə Səudiyyə səfirini oğurlamağı sifariş edibmiş. Sonradan plan dəyişib və sui-qəsdçilər səfirin tez-tez baş çəkdiyi restoranı partlatmaq qərarına gəliblər.
 

Bəhreyndə yerli şiələrin səudiyyələrə yaxın olan hakim sülaləyə qarşı qaldırdığı qiyamın təşkilində də İranı ittiham edirlər.

Amma Yəməndə baş verənlər artıq başqa məsələdir. Bu ölkədə şiələrin qiyamının lap əvvəlindən Tehran onlara yalnız mənəvi dəstəklə kifayətlənməyib. Səudiyyə Ərəbistanı isə rəsmən Yəmən hakimiyyətinə yardım üçün ordu göndərib. Çünki Ər-Riyad İranın Yəmən vasitəsilə Səudiyyə Ərəbistanındakı şiə icmasına da "çıxış əldə edəcəyindən" ehtiyatlanır.
 

Burada bir qeydə ehtiyac var. Səudiyyə Ərəbistanını dünyanın ən varlı dövlətlərindən biri sayırlar. Bir çox ölkələrin kübar jurnalları yerli şeyxlərin dəbdəbəli sarayları və şəxsi təyyarələri haqda ağızdolusu yazır, iqtisadçılar isə bu ölkənin neftdən gələn gəlirlərindən danışanda özlərini itirirlər. Amma çoxları anlamırlar ki, Səudiyyə Ərəbistanının "neft bolluğu" - Norveçin "neft strategiyası" ilə eyni deyil. Skandinaviya ölkəsində "neft dollarının" sərmayəyə qoyuluşu, sosial bərabərlik sistemi tətbiq edildiyi halda, Səudiyyə Ərəbistanında nümayiş olunan cah-calalla yanaşı, yoxsulluq da var. Məsələn, ölkənin ən böyük dəniz limanı olan Ciddədə cah-calallı dəniz sahilinin cəmi bir neçə kilometrliyində dar küçəli, görkəmsiz və palçıqlı məhəllələr yerləşir. Və ya çox gözəl avtomobil traslarında gecə düşəndən sonra dilənən uşaqlara rast gəlmək olar. Və bunlar heç də xarici mühacirlər deyillər. Küçələrdə bu haqda sussalar da, hamı gözəl bilir ki, ölkədə neft dollarları və hakimiyyət yalnız əl-Saud qəbiləsinin əlindədir. Yerdə qalanlar - bədəvi tayfalar və ən əsası - səudiyyə şiələri isə "artıqlarla" dolanmağa məcbur olurlar. Amma yerli cəmiyyətin qapalı həyat tərzinə görə ekspertlər Səudiyyə Ərəbistanındakı şiə icmasının daxilində hansı ovqatın hökm sürdüyünü, narazılığın partlama həddinə çatıb-çatmadığını dəqiq aydınlaşdıra bilmirlər. Üstəlik, ekspertlər xatırladırlar ki, şiələrin əksəriyyəti ölkənin neft emal olunan bölgələrində yaşayırlar. Neft infrastrukturu isə, məlum olduğu kimi, terror aktları üçün həssas və "cəlbedici"dir.
 

Bütün bunlarla yanaşı, onu da nəzərə almaq lazımdır ki, indiyədək İran dəfələrlə səudiyyə şiələrini "ayağa qaldırmağa" cəhd göstərib. Və bu cəhdin ilk nümunəsi kimi çoxları 1979-cu ilin Həcc ziyarəti zamanı Məkkədə qalxmış Cuheyman qiyamını göstərirlər - o zaman qiyamçılar burada da İrandakı kimi "islam respublikası"nın yaradılmasını tələb edirdilər. Özü də o vaxt hadisələr yalnız müqəddəs şəhərlə məhdudlaşmadı, Taid və Tabukda da qiyamlar baş qaldırdı, kral sarayı qarşısında isə "avtomobil bombası" işə düşdü...
 

1987-ci il iyulun 31-də Həcc ziyarəti yenidən siyasi məna daşıyan faciə ilə yadda qaldı: iranlı zəvvarların Məkkədə İsrail və ABŞ-a qarşı təşkil etdikləri nümayişlər qısa vaxt ərzində kütləvi iğtişaşlarla əvəz olundu. İranlılar iddia edirdilər ki, Səudiyyə polisi və əsgərləri heç bir xəbərdarlıq etmədən odlu silahdan atəş açıb. Səudiyyə hakimiyyəti isə bildirirdi ki, ilk olaraq nümayişçilər bıçaq və dəmir çubuqlarla polisə hücum ediblər. Həmin hadisələr zamanı 400-dən artıq insan həlak oldu. Səudiyyə Ərəbistanı hakimiyyəti isə misli görünməmiş addım ataraq iranlı zəvvarların Həcc ziyarətinə qadağa qoydu. Düzdür, sonradan bu qadağa götürülsə də, iki ölkə arasında gərginliyi aradan qaldırmaq mümkün olmadı. Və bu gün Yəməndə cərəyan edən hadisələr daha genişmiqyaslı sarsıntılara yol aça bilər.

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.