Dünya

Gəncənin Türkiyədəki qardaşı - FOTO

2 Oktyabr 2014 18:00
3 Şərh     Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əskişəhərə səyahət

Əskişəhərin Dəmiryolu vağzalına çatan kimi stansiyanın divarlarına vurulan böyük şəkillər şəhərin bütün tarixi haqqında bilgi verir. Şəkillərin altında yer alan yazılar mənə çoxdan görməyi arzuladığım qədim şəhər haqqında bələdçilik edir. Vağzalın çöl tərəfində qoyulan köhnə qatar vaqonu isə bu bölgədə dəmiryolunun nə qədər qədim bir tarixə malik olmasından xəbər verir. Əskişəhərə ayaq basanlar mütləq bu qatarın qarşısında xatirə şəkilləri çəkdirirlər. Türkiyənin əksər bölgələrindən fərqli olaraq sürətli qatarın istifadəyə verildiyi üç bölgə arasında adının yer alması da məhz bu qədimliklə bağlıdır.

Tarixdəki köhnə adı Dorliondur Əskişəhərin. Səlcuq və Osmanlı dövründə də əhəmiyyətli bir qovşaq nöqtəsi olub.

Əskişəhər bu gün də sənayesi, təhsil səviyyəsi, iqtisadi durumu, arxitektura və tarixi əhəmiyyəti ilə çox fərqlərə və zənginliklərə sahibdir. Türkiyə lokomotiv və mühərrik sənayesi məhz bu şəhərdə inkişaf edib. Ankara, İstanbul, Bursa, İzmir kimi böyük bölgələrin Əskişəhərə yaxın olması, dəmiryolu şəbəkəsinin bu şəhərdən keçərək Qərb və Şərqin birləşməsində bir qovşağa çevrilməsi şəhərin coğrafi və iqtisadi quruluşuna ayrı bir rəng qatır. Əskişəhər mədən sənayesi ilə də tanınır. Mədən yataqlarında minlərlə insanlar çalışır. Türkiyədəki, hətta dünyadakı Bor ehtiyatının əhəmiyyətli bir hissəsi Əskişəhərdə çıxarılır. Dünya markası sayılan bir çox fabriklər məhz bu şəhərdə yer alıb. Ona görə bölgədə əhalinin işsizlik problemi yoxdur. Bu üzdən bura iş dalıyca gələnlər də saysız-hesabsızdır.

Osmanlılara yaxınlıq

Keçmişdən kiçik bir yer olan Əskişəhərin zamanla, əhalisi çoxaldıqca ərazisi də böyüyüb. Osmanlıların ən çox yerləşdikləri yer olub Əskişəhər. Şəhərdən 40 km aralıda Osmanlı dövlətinin qurucusu Osman Qazinin türbəsi yerləşir. Əskişəhərdə əski cəmiyyətlər də az deyil. Krım tatarları, Balkan yarımadasından mühacirət edənlər və b. burada yurd salıb və öz mədəniyyətlərini, mətbəxlərini və adətlərini əski mədəniyyətə qatıblar. Xarici ölkələrdən gələnlərin hesabına Əskişəhərin əhalisi daha da artıb. Deyilənə görə, təkcə Türkiyənin 81 vilayətindən gələn insanlar bu şəhərdə yaşayır, çalışır, təhsil alır... Bununla belə buradakı dolanışıqla barışmayıb firavan həyat dalıyca Avropa ölkələrinə, xüsusən də Almaniyaya üz tutanlar az deyil. Hərçənd türklər deyirlər ki, həmvətənləri ölkədən kənarda o qədər də xoşbəxt yaşamırlar. Onların fikrincə, yaşamaq üçün ən yaxşı ölkə elə Türkiyədir.
Əskişəhərdə dünyanın hər yerindən tələbələr təhsil alır. Anadolu Universiteti dünyanın çagdaş, dinamik və yenilikçi meqa universitetləri arasında yer alıb. Dünya standartlarında iki ayrı kampusa sahib olan təhsil ocağının 16 fakültə, 8 institut, 4 məktəbində 32 min tələbə oxuyur. Bu ali məktəbin həmçinin hər kəsin iştirak edə biləcəyi açıq kursları 1 milyon 300 min tələbəsi ilə dünyanın 2-ci meqa təhsil qurumudur.

Osmanqazi Universiteti isə 1993-cü ildə Anadolu Universitetindən qopub. Bu təhsil ocağında dünyanın hər yerindən 24 min tələbə oxuyur. Həm müəllim heyəti, həm də tələbələr arasında azərbaycanlılar da var. Təsadüfən günorta yeməyi yediyim restoranda Bakıdan olduğumu bilincə özünü tanış verən Murad adlı azərbaycanlı tələbə Osmanqazi Universitetində təhsil aldığını söylədi. Oxuduğu ali məktəbdə təhsilin yüksək keyfiyyətindən danışan Murad ali məktəbi bitirəndən sonra bu bölgədə çalışmaq istədiyini də gizlətmədi. Dedi ki, ixtisasına uyğun - mədən mühəndisliyi üçün bu bölgədə daha asanlıqla iş tapa biləcək.

Mədəniyyət ünvanı

Əskişəhər 2013-cü ildə Türk dünyasının mədəniyyət mərkəzi hesab edilib. Şəhərdə tarixi binalar, restavrasiya edilən və bərpa yolu gözləyən qədim tikililərin sayı-hesabı yoxdur.
Odunbazarı Dünyanın Maddi Mədəni İrs siyahısında yer alıb. Qəmbər daşı döşənən yollar, qırmızı kirəmidli, pəncərələrindən güllər asılan xudmani evlər- tarixiliyin, qədimliyin və mədəniyyətin çuğlaşdığı əski tikililər bu məkanı turistlərin sevimli yerinə çevirib. Bizim İçərişəhəri xatırladan dar küçələrində əl işlərindən ibarət müxtəlif suvenirlər satılır. Hədiyyə dükanlarında da şəhərin tarixini özündə əks etdirən əşyalarla rastlaşırsan. Alıcısı olmasan belə, onları seyr etmək maraqlıdır. Suvenirlərin əksəriyyəti lülədaşından hazırlanır. Bu daşın tapıldığı mədən dünyada məşhurdur. İlk dəfə Türkiyədə çıxarılan bu daş Əskişəhərdə bir neçə kəndin adı ilə bağlıdır. Suvenir dükanında söhbətlədiyim Kamal adlı satıcı dedi ki, daşlardan hədiyyələr düzəldirlər. Xüsusən bu daşdan hazırlanan siqaret müştüyü o qədər məşhurdur ki, adına muzey də açılıb. Pipo muzeyində 300 illik tarixi olan qədim sənət növünü sərgiləyən müştüklər nümayiş etdirilir.

Şəhərin maraqlı ünvanlarından biri Balmumlu Heykəllər Muzeyidir. Londondakı "Madam Tüsso" muzeyindəki kimi burada da məşhur siyasi xadimlərin, prezidentlərin, kino, musiqi, idman ulduzlarının heykəlləri sərgilənir. Muzeydə ümumilikdə 300 mum heykəl yer alıb. Türkiyə tarixində iz qoyan dünyaca məşhur sultanların heykəlləri maraq doğurur. Qanuni Sultan Süleymanın, Hürrəm sultanın heykəlləri önündə çəkil çəkdimək üçün ən azı 30-35 dəqiqə növbə gözləməlisən. Cümhuriyyət dövrü, Qurtuluş savaşı, o cümlədən bəzi dünya dövlətlərinin liderlərinin heykəlləri də var. "Madam Tüsso"dan fərqli olaraq bu muzeydə prezidentlərlə çəkil çəkdirməyə icazə verilmir. Azərbaycanla bağlı hər hansı bir heykələ isə muzeydə rast gəlinmir. Muzeyin işçiləri Azərbaycanı çox sevdiklərini söyləsələr də, ölkələrdən gələn sifarişlə istədiklərini də bildirdilər. Dediklərinə görə, hər fiqurun üzərində üç ay vaxt sərf edilir. Fiqurların hazırlanmasında peşəkar heykəltaraş Yingör Azim Tuna çalışır.

Muzeyi ziyarət edənlər Yunis Əmrənin heykəli qarşısında daha çox dayanlrlar. Sufizmi hamıya sevdirən haqq aşığının Mövlanə Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olduğunu bildklərindən əllərini qaldırıb dua edənlərə də rast gəldim.

Şəhərdə qədim camilər çoxdir. Odun bazarının ərazisində yerləşən Kurşunlu cami 1525-ci ildə tikilib və indi də istifadədədir. Məsçidin həyətində söhbətləşdiyim Fərhad Dinc adlı yerli sakin hər gün namaz qılmaq üçün məhz bu camiyə gəldiyini söylədi. Həmsöhbətim 25 il xarici ölkələrdə yaşayıb. İnşaat işləri üzrə çalışıb. Hollandiya, Rusiya, Almaniyada işləyib. Amma bir gün vətəninə dönməyin lazımlılığını hiss edib: "Dünyanın hansı ölkəsini gəzsəm də Türkiyə kimi ölkə görmədim. Dünyada gözəl ölkələr çoxdur, amma Türkiyə kimi ölkə yoxdur. Dünyanın bütün gözəllikləri bu ölkədə var. Başqa ölkələri gəzmək də, çalışmaq da olar. Amma qocalanda gərək öz vətəninə dönəsən"- dedi. Hazırda təqaüddə olduğunu bildirən Fərhad kişi bildirdi ki, xarici ölkələrdə işləyib təqaüdə çıxanlar daha çox təqaüd alırlar. Şəhər sakini insanların keçmiş adət-ənənələrdən bir qədər uzaqlaşmasından da gileyləndi: "İndi insanlar daha aydın yol seçirlər. Məsələn, bu bölgədə əvvəllər heyvandarlıq çox inkişaf edib. İndi isə insanlar əvvəlki həvəsi göstərmirlər. Bir çox məhsullar xaricdən gəlir. Ona görə də bu bölgədə istehsal edilən kənd təsərrüfatı məhsulları əvvəlki kimi çeşidli deyil. Amma insanlar əvvəlki illərdəki kimi çalışsalar hər məhsulu özümüz istehsal edə bilərik". Fərhad kişinin bildirdiyinə görə, sənaye şəhəri olduğundan hər yerdən Əşkişəhərə insanlar axışır. 200 min türk lirəsinə sahib olanlar ortabab bir mənzil ala bilirlər. Gerçəkdə evlərin qiyməti 150min türk lirəsindən 1 milyon yarım lirəyə qədər dəyişir. Ərzaq və geyimlərin qiymətləri isə Türkiyənin başqa bölgələrinə nisbətən burada nisbətən bahadır.

"Şair Füzuli caddesi"


Şəhər nəqliyyatında tramvay əskişəhərlilərin sevimli nəqliyyat növüdür. Çoxdan yadırğadığımız tramvayın polad relslər üzərindən eşidilən səsi adamda nostalji hisslər yaradır. Mərkəzi gəzdikcə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan küçə də diqqətimi çəkir. Şəhərin mərkəzini iki hissəyə bölən Porsuq çayının yaxınlığında yerləşən küçə ən məşhur alış-veriş yeri sayılan Çarşının girişindədir. "Şair Füzuli caddesi" kimi mərkəzdə yer alıb.

Əskişəhərdə Azərbaycanı yaxşı tanıyır, bizləri də çox sevirlər. Kimlə danışırsan "bir kərə oldum orda" deyir. Əskişəhər Gəncə şəhəri ilə qardaşlaşıb. Şəhərlər arasında münasibətlərin inkişaf etdirilməsi və əməkdaşlıq görüşlərinin başlanması məqsədi ilə protokol da imzalanıb. Bu baxımdan, Əskişəhəri ölkəmizə bağlayan bu körpü də var.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.