Dünya

İŞİD-in gizli tərəfdarları növbə gözləyirlər

29 Sentyabr 2014 21:55
0 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edən yeganə qadın pilot, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı, 35 yaşlı mayor Məryəm əl Mənsurinin ailəsi bəyanat verərək ondan imtina edib. "Lady liberty" adlandırılan BƏƏ-nin ilk hərbi pilotunun İŞİD-i bombalaması ailəsinin etirazına səbəb olub.

İlk baxışdan bu o qədər də ciddi olmayan məsələ kimi görünə bilər. Amma İŞİD terror təşkilatına qarşı İstanbulda universitet tələbələrinin etiraz aksiyası zamanı digər bir qrupun hücum edərək "Allahu Əkbər" qışqırması və tələbələrə xəsarət yetirməsi, iki Səudiyyə pilotunun qırıcıları Rəkkaya endirib, İŞİD-in tərəfinə keçdiyi haqda yayılan məlumatları da bura əlavə etsək, məsələnin nə dərəcədə ciddi olduğunun fərqinə varmaq olar.

Bəlkə də bir neçə il əvvəl xidmət etdiyi hərbi hissədən silah götürərək yanacaqdoldurma məntəqəsinə başqın edən və buna "halallıq" donu geyindirən vəhhabini xatırlasaq yaxşı olar. Diqqət çəkdiyimiz məqam odur ki, bu gün gizli şəkildə müxtəlif məkanlarda özlərinə yer eləmiş təkfirçilər sabah "start" düyməsinə basıldığı zaman hərəkətə keçə bilərlər.

Düzdür, Azərbaycan təhlükəsizlik orqanları bu sahədə hər zaman sayqdırlar. Buna misal olaraq bir neçə gün əvvəl 26 nəfərin aşkar edilərək həbs edilməsini göstərmək olar. O da aydındır ki, hələ neçə belə "26-lar" da müşahidədir və onların da qarşısı zamanı gəlincə alınacaq.

Lakin diqqət edilməli bir məqam da var ki, bu da təkfirçi qrupların evimizin içinə qədər irəliləməsidir. Belə faktlar az deyil ki, ata öz oğlunun Suriyaya gedəndən sonra hansısa qruplaşmada olduuuğundan xəbər tutur.

Eyni zamanda bu gün özünü "liberal" göstərən qüvvələr vardır ki, sabah onların da təkfirçiyə çevriləcəyi istisna deyil. Bunu biz İraq və Suriya hadisələrində aşkarca gördük. Artıq məqam çatanda bu gün bizə zərərsiz görünən radikal qatı bir terrorçuya çevrilə bilər.

P.S. Bir neçə gün əvvəl İraqda bir terrorçu artıq baş kəsməkdən zövq aldığını və bunu zövq üçün etdiyini açıqca bildirmişdi. Sözümüz ondadır ki, bir qığılcım böyük bir alovun şölələnməsinə səbəb ola bilər. Əsas odur ki, həmin qığılcım yerindəcə söndürülsün.

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.