Dünya

ABŞ kəşfiyyatı hesabat yaydı: Azərbaycan da risk qrupundadır

21 Sentyabr 2014 15:49
0 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ kəşfiyyatı dünyanın üzləşdiyi qlobal problemlərin və təhdidlərin sırasına daha birini əlavə edib.

Kəşfiyyat iqlim dəyişikliklərinin beynəlxalq münasibətlərə təsirinin getdikcə artdığı haqda xəbərdarlıq edir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftə təqdim edilmiş hesabat haqda yazan "Forreign Policy" jurnalı ABŞ kəşfiyyatının su resurslarının qıtlığına görə yeni müharibələrin başlaya biləcəyi haqda xəbərdarlıq edib.

Bildirilir ki, hesabat ABŞ milli kəşfiyyatının ölkənin milli təhlükəsizliyi üçün yaxın 4 ildə yarana biləcək əsas çağırışlar və təhdidlər barədədir. Sənədə əsasən, içməli su resurslarının qıtlığı qlobal təhlükəsizlik üçün ciddi təhdid təşkil edir.

Amerika xüsusi xidmət orqanları su qıtlığını kütləvi qırğın silahlarının sürətlə yayılması, terrorçuluq, mühüm infrastruktur obyektlərinə kiberhücumlar kimi təhdidlərlə bərabərləşdirib.

Sənəddə deyilir ki, çirklənmə, su mənbələrinin quruması, planetin əhalisinin artması, urbanizasiya tempinin artması və sənaye istehsalına görə dünyada içməli su ehtiyatları hər il azalır.

Ən böyük risklə Çin, Banqladeş, Hindistan, Niderland, Pakistan, Filippin, ABŞ və kiçik ada dövlətləri qarşı-qarşıyadır.

İçməli su qıtlığından bir çox inkişaf edən ölkələr əziyyət çəkir. Bu zəmində daxili münaqişələr və dövlətlərarası mübahisələr tez-tez baş verir. Bildirilir ki, son 50 ildə içməli su üstündə azı 37 dövlətlərarası kəskin mübahisə baş verib. Həmçinin bu dövrdə dövlətlər içməli su ehtiyatlarından istifadəyə dair 150 müqavilə bağlayıblar.

Hazırda planetin əhalisinin 2,6 milyard nəfəri təmiz içməli su əldə edə bilmir. Proqnozlara görə, 2030-cu ildə dünyada içməli suya tələbat 55 faiz artacaq. İçməli su qıtlığı ərzaq qıtlığına da səbəb olacaq. Çünki hazırda şirin su ehtiyatlarının 70 faizi suvarmaya sərf olunur.

ABŞ kəşfiyyatı bildirir ki, bu gün dünyanın 39 ölkəsi içməli suyun böyük hissəsini ölkə xaricindəki mənbələrdən alır. Bu ölkələrə Azərbaycan, Latviya, Slovakiya, Özbəkistan, Ukrayna və s. daxildir.

Eyni zamanda Türkiyə ilə Suriya, Türkiyə ilə İraq, İraqla İran arasında su resursları üstündə mübahisələr hökm sürür. Bu mübahisələrin dinc yolla həlli imkanları getdikcə tükənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.