Dünya

Dünən başlayıb, bu gün bitən İkinci Dünya Müharibəsi haqda FAKTLAR

2 Sentyabr 2014 15:34
0 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
69 il əvvəl bu gün, sentyabrın 2-də ABŞ-a məxsus Missuri gəmisində tarixi sənəd imzalandı. Yaponiya ABŞ, SSRİ və onların müttəfiqləri qarşısında təslim oldu. Beləliklə, 1 sentyabr 1939-cu ildə başlayan, 6 il davam edən və bəşər tarixinin ən qanlı savaşı olan İkinci Dünya Müharibəsi 1945-ci il sentyabrın 2-də yekunlaşdı.

Milli.Az modern.az saytına istinadən tarixi hadisənin 69 illiyi ilə bağlı maraqlı faktları təqdim edir.

Hitler Almaniyasının Polşaya hücumu ilə başlayan İkinci Dünya Müharibəsində 61 dövlət və 1.7 milyard insan iştirak edib. Hərbi əməliyyatlar 40 ölkənin ərazisində aparılıb.

1939-cu il sentyabrın 1-dən 1945-ci il sentyabrın 2-nə kimi davam edən müharibə müddətində 71 milyondan artıq insan həlak olub. Bu isə o deməkdir ki, müharibə zamanı 1 il ərzində 11,8 milyon nəfər həlak olub. Bu müharibədə gün ərzində 32 min, 1 saat ərzində 1300 nəfər, bir dəqiqədə 22 nəfər, hər 3 saniyədə isə 1 nəfər həlak olub.

Maraqlıdır, müharibədə həlak olan ilk alman əsgəri müttəfiqləri yaponlar tərəfindən öldürülüb (1937, Çin). İlk amerikalı hərbi qulluqçu isə 1940-cı ildə Finlandiyada sovet əsgərləri ilə döyüşdə həlak olub. Müharibədə həlak olan ən yüksək rütbəli amerikalı general-leytenant Lesli Makneyr amerikan-ingilis aviasiyasının hava zərbələri zamanı səhvən öldürülüb.

Amerika Hərbi Hava Qüvvələrinin şəxsi heyəti bütün digər qoşun növlərindən, o cümlədən dəniz piyadalarından daha çox itki verib. Döyüş tapşırığını yerinə yetirərkən hava qüvvələri pilotunun həlak olma ehtimalı 71 faizə bərabər idi.

Müttəfiq qoşunları Almaniyada Reyn çayı sahillərinə çatdıqda sıravi əsgərdən tutmuş Britaniya baş naziri Uinston Çörçilə və Amerika qoşunlarının komandirlərindən general Corc Pattona qədər hamılıqla kiçik ehtiyaclarını ödəyərək çayı murdarlayıblar.

Almaniyanın rəsmi müharibə elan etdiyi yeganə ölkə ABŞ olub.

"Fanta" içkisi ilk dəfə İkinci Dünya Müharibəsi zamanı alman ixtiraçıları tərəfindən hazırlanıb.

Sovet-alman cəbhəsində Almaniya ordusunun 85 faizi vuruşub. Müharibədə həlak olan 13,6 milyon alman əsgərinin 10 milyondan çoxunu Qızıl Ordu məhv edib. Amerika-İngilis qoşunları müharibədəki əsaslı dönüşdən sonra - 1944-cü il iyunun 6-da ikinci cəbhəni açıblar.

1945-ci il mayın 1-də Almaniyanın Demmin şəhərinin 1000-dən artıq sakini sovet qoşunlarının yaxınlaşmasını görüb kütləvi intihar edib.

İkinci Dünya Müharibəsi nüvə silahının tətbiq olunduğu yeganə müharibədir.

Azərbaycan da SSRİ-nin tərkibində İkinci Dünya Müharibəsində iştirak edib. 600 mindən çoz azərbaycanlı cəbhəyə yollanıb. Bunlardan 300 min nəfəri həlak olub. Yəni cəbhəyə gedənlərin hər iki nəfərindən biri qayıtmayıb.

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcək. Hitlerin planları yarımçıq qaldı...

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.