Dünya

Latviyanın azərbaycanlı naziri: "Nə olsun nazirəm?"

21 Avqust 2014 20:00
0 Şərh     Baxış: 2 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyanın kökəncə azərbaycanlı naziri ailə gerbini üçrəngli bayrağımızla qeydə aldırıb

"Düşünməyin ki, mən Latviya hökumətində nazir olaraq azərbaycanlı olmağımla fəxr və bunu dəfələrlə bəyan etdiyim üçün kimlərsə mənə problem yarada bilər. Nəinki Avropada tüğyan edən erməni lobbisi, ümumiyyətlə, heç kim buna problem yarada bilməz".

Latviyada yeni Regional inkişaf və ətraf mühitin mühafizəsi naziri postuna yeni təyinat alan Azərbaycan kökənli Roman Naudinş (İbrahimov) bu fikirdədir.

Milli.Az-ın məlumatına görə, o, lent.az-a açıqlamasında qeyd edib ki, Latviyada ermənilərdən heç kim hətta əyalətlərdə belə vəzifə tutmadığı halda, o, azərbaycanlı kimi bütün məsələlərdə, o cümlədən Qarabağ məsələsində aktiv çıxışlar edir. Bunun müqabilində isə hələ ki, erməni kilsəsindən, lobbisindən basqı görmür. Amma gözləyir...

Qərib tələbənin nazir nəvəsi...

Mən onunla APA Holding-in təmsilçisi olaraq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyimiz "Sərhəddən kənar azərbaycanlılar..." adlı layihə çərçivəsində elə Riqada görüşdüm. Gərgin iş qrafikinə baxmayaraq, Azərbaycandan gəlməyimi ona deyəndə dərhal vaxt ayırdığını və məni gözlədiyini bildirdi. Amma görüşümüz bir saat planlaşdırılsa da, Azərbaycan və onun azərbaycanlı kökəni ilə əhatə olunan söhbətimiz düz iki saatdan çox çəkdi. Xaricdən olan rəsmi nümayəndə heyəti ilə görüşünü təxirə salmaq hesabına olsa da...

Latviyanın həm də ən gənc naziri olan R.Naudinş 1982-ci ildə bu ölkənin Valmiera şəhərində anadan olub. Polis Akademiyasını bitirib və bir müddət istintaq orqanlarında yüksək vəzifələrdə çalışıb. Daha sonra vəzifəsindən istefa verərək ailə bizneslərinin inkişafı ilə məşğul olub. Onların Pribaltikada geniş mağazalar şəbəkəsini özündə birləşdirən və turizm fəaliyyəti ilə bağlı şirkətləri var. 2009-cu ildə artıq bir müddət əvvəl tərkibinə qoşulduğu və aktiv fəaliyyət göstərdiyi Latviyanın nüfuzlu Milli Birlik Partiyası tərəfindən Valmiera Vilayət Dumasına deputat seçilir.

2011-ci ildə isə partiyadan Latviya parlamentinə deputat seçilir. Üç ay əvvəl hazırda təmsil olunduğu postda olan əvvəlki nazir yol verdiyi müəyyən qüsurlara görə istefaya gedir. Hökumət bu sahənin yenidən ayağa qaldırılması üçün bu posta Roman Naudinşi münasib görür. Nəzərə alsaq ki, Latviya büdcəsinin təminatında bu nazirliyin əhatə etdiyi sahə önəmli rol oynayır.

Ailələri  Latviyada eyni zamanda tanınmış iş adamları olmaqla nüfuzlu ailə hesab olunurlar.

Nazir ailə tarixçəsini də danışdı. Babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır və 1956-cı ilə Riqaya gələrək ali məktəbə - Politexnik İnstitutuna daxil olub. Burada Latviya vətəndaşı olan, milliyətcə rus xanımla ailə qurub: "Babam burada nüfuzlu nəslin nümayəndəsi ilə ailə qurub. Mənim anam isə milli mənsubiyyətinə görə latışdır. Amma bütün qohumlar, o cümlədən bizi tanıyanlar babamı, atamı və o cümlədən ailəmizin tək oğlu olan məni azərbaycanlı kimi qəbul edirlər. Çünki biz babamın xətti ilə, kök etibarı ilə azərbaycanlıyıq və burada da əsasən ata xətti milli mənsubiyyətinə görə əsas götürülür. Mən isə hərçənd Azərbaycanla birbaşa hansısa əlaqəm olmamasına baxmayaraq, azərbaycanlı olmağımla yalnız sözdə yox, həqiqi mənada fəxr edirəm".

Latviyalı nazirin Azərbaycan bayraqlı ailə gerbi


Gənc nazir soyadının niyə İbrahimov kimi davam etməyib, Naudinş kimi davam etməsinin səbəblərini də açıqlayıb: "Ailəmizdə məndən başqa bir bacım da var. Adı Dianadır. Hazırda Fransada Paris Milli Bankında yüksək vəzifədə işləyir. Biz yeniyetmə yaşımızda olanda ana babam bizdən xahiş etdi ki, ikimizdən birimiz onun soy adını götürək. Çünki bizim anamızın qardaşı yoxdur. Nəsillərinin davamını istəyirdilər. Beləliklə bacımla mən bunu püşk atma yolu ilə həll etməyə qərar verdik. Püşk isə elə alındı ki, mən soy adımı İbrahimovdan dəyişib anamın soy adını - Naudinş götürəsi oldum. Bacım isə İbrahimova olaraq qaldı və hətta o vaxtdan söz verdi ki, o ərə getsə də soy adını dəyişməyəcək, həyat yoldaşından yeganə şərti soyadının olduğu kimi qalması olacaq. Və dediyimiz kimi də elədi. Hazırda da Diana İbrahimovadır və həmişə də belə olacaq. Çünki biz azərbaycanlıyıq və bu xətt heç vaxt itməməlidir".

Latviyanın azərbaycanlı naziri babası İdrislə fəxr etdiklərini deyir: "O, bizim fəxrimizdir. Biz ondan Azərbaycanla bağlı hər şeyi öyrənmişik və ondan hər dəfə Azərbaycanın qoxusunu alırıq. Hətta bizim rəsmi ailə gerbimizdə Azərbaycanın bayrağı da əksini tapır. Bu gerb qeydiyyatdan keçəndə zənn etdilər ki, başqa ölkənin bayrağı olduğu üçün qeydiyyatından problem olacaq, amma mən sübutlara söykənən arayış təqdim etdim və heç bir problemsiz qeydiyyata da aldılar. Hansı ki, Latviyada az hallarda belə gerbi qeydiyyata alırlar".

O maraqlı fakt da açıqlayıb: "Babam Azərbaycanın bütün atributları və tarixi məqamları ilə fəxr edir. Mənim iki oğlum var. Birinin adını babam özü qoyub. Adı Heydərdir. Heydər Əliyevin şərəfinə nəvəsinin adını belə qoymağa qərar verdi".

Nazir ailə gerblərinin elektron nüsxəsini bizə təqdim etdi.

Nazir onu da qeyd edib ki, ailəsinin yaşadığı Varmiela vilayətində məhz onun birbaşa dəstəyi ilə "Araz" Azərbaycan Cəmiyyəti yaradılıb və Azərbaycan diasporunu təmsil edir. O qeyd edir ki, babasının tövsiyəsi ilə Azərbaycanı iki hissəyə ayıran Araz çayının adını bu cəmiyyətə veriblər.

Latviyanın gələcək prezidenti azərbaycanlı ola bilər...

Parlament respublikası olan Latviyanın qanunlarının deputat mandatı ilə nazir vəzifəsinin eyni anda daşınmasının mümkün olduğunu deyən R. Naudinş deyir ki, oktyabrda keçiriləcək parlament seçkilərində yenidən deputatlığa namizədliyini verəcək: "Parlament seçkilərindən sonra Nazirlər Kabineti baş nazir də daxil olmaqla yenidən təşkil olunur. Amma əgər mən deputat seçilsəm və hökumətdə yenidən yer alsam, hansı ki, bu şans kifayət qədər çoxdur, mən yenidən deputat mandatından imtina edib hökumətdə fəaliyyətimi daha aktiv davam etdirəcəyəm. Çünki hədəflərim elə böyükdür ki, yalnız bir vəzifədə qüvvəmi cəmləmək istəyirəm".

O, Latviyanın baş naziri postunda, eyni zamanda gələcəkdə prezident postunda da özünü gördüyünü istisna etmir...

R. Naudinş Azərbaycanla bağlı arzularını də söylədi: "Hər şeydən əvvəl doğma Azərbaycanın torpaqlarının işğaldan azad olmasını arzulayıram. Belə də yazın. Nə olsun ki, başqa bir ölkədə nazirəm? Axı mən azərbaycanlıyam. Mən dəfələrlə istər deputat, istərsə də nazir postunda fəaliyyətimdə, Avropada keçirdiyim görüşlərdə açıq bildirmişəm ki, Ermənistan faktiki olaraq Azərbaycan torpağını işğal edib və buna son qoyulmalıdır, orada hüquqları tapdanana azərbaycanlılara təcili dəstək göstərilməlidir!

Mən bir dəfə Azərbaycanda, o cümlədən baba yurdum Siyəzəndə olmuşam. Arzum budur ki, yenidən nazir kimi və daha yüksək mənsəb sahibi kimi vətənim Azərbaycana gedim..."

Biz ondan ayrılandan o maraqlı bir ifadə də işlətdi: "Azərbaycan xalqı həmişə bilsin ki Latviyada, Avropada onlar üçün döyünən ürək var".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.