Dünya

XXI əsrin insan qəssabları...

21 Avqust 2014 18:11
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD amerikalı jurnalistin başını kəsdi

"İslam Dövləti" və ya "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının silahlıları amerikalı jurnalistin başının kəsilməsini göstərən videogörüntü yayıblar. "Amerikaya mesaj" adlı video avqustun 19-da sosial media saytlarında yerləşdirilib.

Başı kəsilən jurnalistin Fransanın AFP (Frans-Press) informasiya agentliyinin və ABŞ-ın "Global Post" media şirkətinin əməkdaşı Ceyms Fole olduğu bildirilir. 40 yaşlı jurnalist naməlum qüvvələr tərəfindən 2012-ci ilin noyabrında Suriyada oğurlanmışdı.

5 dəqiqəlik videoda inciliscənin Britaniya aksentində danışan maskalı yaraqlı bildirir ki, Foley ABŞ-ın İraqın şimalında "İslam Dövləti"nin mövqelərinə hava zərbələrinə cavab olaraq öldürülür. Videoda daha bir girov görünür. Terrorçular onu ABŞ-dan olan reportyor Steven Sotloff kimi təqdim edirlər. "Time magazine" nəşrinin müxbiri Sotloff da 2013-cü ilin yayında Suriyada itkin düşüb. "Daha bir amerikalının həyatı indi Obamanın addımlarından asılıdır",- deyə videoçarxdakı terrorçulardan biri deyib.

Ceymsin anası Diana Fole Facebook-da oğlunun qətli ilə bağlı yazıb: "Oğlumuz Cimlə bundan artıq fəxr etdiyimiz olmamışdı. O, həyatını Suriya xalqının iztirablarını dünyaya yaymağa həsr edib. Biz adam oğrularından digər girovları azad etməyə çağırırıq".

Ağ Ev video sosail şəbəkədə nümayiş etdirildikdən sonra bildirmişdi ki, ABŞ kəşfiyyatı videonu tədqiq edir. Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden bildirir ki, əgər video doğru olsa, ABŞ "bu qəddar qatillərə layiqli cavablarını verəcək".

ABŞ-ın Federal Təhqiqat Bürosu (FBİ) isə artıq belə qənaətə gəlib ki, İŞİD terrorçularının amerikalı jurnalistin boynunu vurması videosu həqiqidir. "Reuters" agentliyinin məlumatına görə, bunu "Global Post" bildirir.

Britaniyanın xarici işlər naziri Filip Hammond da videoda "çox qəddar bir qətl" törədildiyini, bunun İŞİD qəddarlığının daha bir nümunəsi olduğunu deyib. Məlumatlara görə Britaniyanın baş naziri Devid Kemeron bu videodan sonra tətilini yarımçıq kəsərək Londona dönüb. O, Folenin boynunu vuranın kimliyinin müəyyən olunması axtarışlarına başçılıq edir. Qeyd edək ki, həmin şəxs videoda Britaniya aksenti ilə danışıb.

Fransanın xarici işlər naziri Loran Fabius bəyan edir ki, əgər videonun həqiqliyi sübut olunsa, "vəhşilik xilafətinin əsl simasını göstərəcək".

Fransa prezidenti Fransua Olland isə "İslam Dövləti" qruplaşmasına qarşı mübarizə mövzusunda müzakirələrin aparılması üçün beynəlxalq konfrans çağırıb. Bu barədə məlumat yayan "Le Monde" qəzeti qeyd edib ki, Fransa prezidenti konfransın nə zaman keçiriləcəyini və kimlərin dəvət olunduğunu açıqlamayıb. Olland radikal islamçı qruplaşmaya qarşı qlobal strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb: "Biz artıq müdaxilə və ya qeyri-müdaxilə məsələsinin ənənəvi müzakirəsinə uzun müddət davam edə bilmərik. Biz yaxşı silahlarla təchiz olunmuş, maliyyə vəsaiti olan, Suriya, Livan, İraq kimi dövlətlərdə nəzarəti ələ almaqda olan bir qrupla mübarizə aparmaq üçün qlobal strategiya hazırlamalı və mübarizə aparmalıyıq. Düşünürəm ki, 2001-ci ildən bu zamanadək rastlaşdığımız ən pis vəziyyətdir".

Xatırladaq ki, İŞİD artıq özünü "İslam Dövləti xilafəti", başçısı Əbubəkr əl-Bağdadini isə "xəlifə" elan edib. Terrorçular şəriət qaydaları altında sərt qadağalar təbiq etməyə çalışır. Bu qruplaşma İraq və Suriyanın böyük ərazilərini zəbt edib və nəzarət etdiyi ərazilərdə kütləvi qətllər törədirlər. İŞİD terrorçuları şiə müsəlmanları, yezidi kürdləri və xristianları təqib edirlər.

Qrupun son vaxtlar İraqın şimalında irəliləməsi ABŞ-ı 2011-ci ildə İraqı tərk etməsindən bəri ilk dəfə olaraq hava zərbələri endirməyə məcbur edib.

Yeri gəlmişkən, bu fakt da əcaibdir ki, İŞİD bir aydan artıqdır ki, şiələri qırsa da, Qərbin səsi çıxmırdı.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.