Dünya

6 mindən çox Türkiyə vətəndaşı Azərbaycanda prezident seçəcək

31 İyul 2014 13:55
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda yaşayan və bu ölkənin ərazisində müvəqqəti olan Türkiyə vətəndaşları avqustun 3-də Türkiyə səfirliyində səs verəcəklər.

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Diplomatik nümayəndəlikdən qeyd ediblər ki, səsvermə avqustun 3-də, yerli vaxtla saat 08:00-da başlayacaq və 17:00-da başa çatacaq.

Səfirlikdən bildiriblər ki, seçkilər çərçivəsində yalnız iyulun 9-dək Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları səs verə biləcəklər.

Diplomatik nümayəndəlikdən deyiblər ki, səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək. Onlardan 5611 nəfəri Bakıda, 291-i Naxçıvanda, 403-ü isə Gəncədə səs verəcək.

Prezident seçkilərinin ikinci turunun keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.

İyulun 31-də Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə yaşayan vətəndaşlar üçün səsvermə başlayıb. Bu gün prezident seçkiləri üzrə Türkiyənin Rusiya, Kanada, Avstraliya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İsrail, Fransa, İtaliya, Livan, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkmənistan kimi ölkələrdə yaşayan vətəndaşları səs verə biləcəklər.

Prezident seçkiləri zamanı səsvermədə 53 ölkədə yaşayan və ümumi sayı 2 790 408 nəfər olan Türkiyə vətəndaşları iştirak edə biləcəklər.

Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Gürcüstan, İran, İrlandiya, İspaniya, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, Oman, İordaniya, Yeni Zelandiya kimi ölkələrdə Türkiyədə prezident seçkiləri çərçivəsində səsvermə 2014-cü il avqustun 3-də keçiriləcək. Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda isə göstərilən ölkələrdə səsvermə avqustun 17-də baş tutacaq.

Rusiya, Kanada, Bolqarıstan və bir sıra digər ölkələrdə Türkiyədə prezident seçkiləri çərçivəsində səsvermə iyulun 31-dən avqustun 3-dək olan dövrdə, ikinci tur keçiriləcəyi halda isə göstərilən ölkələrdə səsvermə 17-19 avqust tarixlərində baş tutacaq.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.

İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.