Dünya

İŞİD və islam

25 İyul 2014 20:38
1 Şərh     Baxış: 1 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xüsusilə yaxın tariximizdə İslam qiyafəsində meydana çıxan (və ya çıxarılan) qruplaşmaların sayı kifayət qədər çoxalmağa başladı. Terror şəbəkələrinin ya "İslam", ya da İslamı xatırladan "Cihad", "Tövhid", "Salam", "İttihad" kimi adlarla ortaya çıxması isə qaranlıq qüvvələrin İslama qarşı oynadıqları oyunların əsas sahələrindən birini təşkil edir.

Son vaxtlar bu mənada ən məşhur qruplaşma, özünü İraq Şam İslam Dövləti (qısaca İŞİD) kimi tanıdan qüvvələrdir. Doğrudan da, bu dırnaqarası dövlətin İslamla, dinlə, Allahla, Peyğəmbərlə bir əlaqəsi varmı? İslam dini müasir dünya düzənində bizə savaşmağı, silahlara sarılmağı, "düşmən" öldürməyi əmr edirmi? Əgər əmr edirsə, gərək bu əmrə hamılıqla tabe olaq. Axı biz hamımız müsəlmanıq...

Amma əvvəla, yuxarıdakı suala cavab tapmaq lazımdır. Əmr edirmi? Bunun üçün mən bir neçə yazımda dinimizin öldürməyə və yaşatmağa olan münasibətini misallarla sadalayım, axırda qərarı birlikdə verək.

İslam Peyğəmbəri Həzrət Məhəmmədin təxminən 8 min peyğəmbərlik günlərində aktiv şəkildə savaşmağa məcbur olduğu Bədir, Uhud və Hüneyn kimi müharibələrin bir gündə, hətta bir neçə saatda başa çatdığını müşahidə edirik (halbuki o dövrdə savaşlar bir-iki gündə bitməz, həftələrlə, hətta aylarla davam edərdi). Hansı ki, bu savaşların olmaması üçün Allah Rəsulu son ana qədər diplomatik fəaliyyət təşəbbüsləri göstərmiş, ancaq düşmən bu sülh dəvətlərinə qarşılıq verməyincə savaşdan "qaçmaq" mümkün olmamışdır.

"Xəndək döyüşü" adı ilə kitablara daxil olan gün isə ümumiyyətlə, döyüş olmamış, Təbük səfəri də Bizans ordusunun qorxusundan yenə qan tökülmədən nəticələnmişdir.

Əvvəlkilərə nisbətən daha ağır keçən və qılıncların qarşılıqlı mübarizəsinə səhnə olan Xeybərdə isə iki tərəfdən cəmi 108 nəfər (müsəlmanlardan 15, yəhudilərdən 93 nəfər) dünyasını dəyişmişdir.

Mütə döyüşünü də əlavə etsək, İslam ordusunun qılınclarını çəkib bilavasitə savaşdıqları gün sayının cəmi 3-dür. Bəli, 8 min günlük peyğəmbərliklə müqayisədə 7997 günün sülh şəraitində keçdiyini görürük. Əgər savaş hazırlıqları, düşməni müharibədən çəkindirmək üçün aparılan diplomatik fəaliyyətlər, savaş meydanına çatmaq üçün günlərcə qət edilən məsafələr, savaşdan sonra əsirlərlə bağlı anlaşmalar, qənimətlərin bölüşdürülməsi və s. kimi işləri də zamana bölsək, bu, 392 gün edər.

Və insan itkilərinin sayı. On il ərzində döyüşdə, döyüşdən kənar, məhkəmə qərarı ilə və s. şəhid edilən və öldürülənlərin cəmi 997-yə bərabərdir (müsəlmanlardan 296, düşmən birliklərindən 701). Hətta qeyri-rəsmi ehtimalları da nəzərə alsaq, bu rəqəm 1500-ü keçməz.

Onu da qeyd etmək lazımdır ki, bu savaşların heç biri hansısa dövlətin ərazi bütünlüyünə yönələn təxribat nə olur olsun, hansı yolla olur olsun, İslamı yaymaq xarakteri daşımırdı. Əsas olan insan idi və bunu İslam Peyğəmbərinin hərb qanunlarında, savaş strategiyasında açıq-aşkar görürük.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.