Dünya

Məşhur vəkil Orxan Zeynalov işinin sirlərindən danışdı

25 İyul 2014 12:09
0 Şərh     Baxış: 2 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı ekspert Moskvada həbs olunan həmvətənimizlə bağlı "Bizim Yol"a maraqlı açıqlamalar verdi

Bu həftənin əvvəlində Moskva şəhər məhkəməsində prokuror hakimdən Moskva sakini Yeqor Şerbakovun ölümündə ittiham edilən Azərbaycan vətəndaşı Orxan Zeynalova 18 il iş istədi. Son qərar iyulun 28-də veriləcək. Müdafiə tərəfi iddia edir ki, iş məişət xuliqanlığından daha çox, millətlərarası xarakter daşıyır. Mərhum Yeqor Şerbakovun nişanlısı olan qızı müdafiə tərəfi provokasiyada, istintaqçıları Zeynalovu döyməkdə, işgəncə verməkdə, hal şahidlərindən biri olan bir qızı isə "yüngül əxlaqlı" olmaqda ittiham edir.

İttiham olunan O.Zeynalovun vəkili Viktor Anikuşkin deyir ki, işə baxılmazdan əvvəl də proses məhz Orxanı ittiham etmək üzərində köklənmişdi. "Orxan Zeynalovun həbsini əks etdirən videogörüntülər internet və mətbuat vasitəsi ilə yayılmışdı. Bununla da Rusiya təqsirsizlik prezumpsiyasına nümayişkaranə şəkildə tüpürmüş oldu", - məhkəməyə belə aqressiv notlarla başlayan vəkili hakim Nikolay Tkaçuk "ifadələrinə fikir verməyə" çağırdı.

Amma bu sözlər də vəkili fikrindən döndərmədi: "Bütün ölkə gördü ki, polislərə heç bir müqavimət göstərməyən Orxan Zeynalovu əməkdaşlar necə vurur, tapdalayırdılar. Bu proses Orxan cinayəti törətdiyini etiraf edənə qədər davam etdi. Belə situasiyada bu zalda oturanların hamısı cinayət etdiyini boynuna ala bilər. Amma Orxanın döyülməsi və alçaldılması təkcə saxlama anı ilə bitmədi. Biz - vəkillər dəfələrlə müraciət etsək də, Orxanın aldığı zədələr barədə tibbi ekspertizanın rəyi gec verildi və ona görə də aldığı zədələri olduğu kimi fiksasiya edə bilmədik".

Vəkilin fikrincə, Şerbakovun nişanlısı olan Kseniya Popova konfliktin nədən qaynaqlandığını izah edə bilmədi. Vəkil hakimdən Orxan Zeynalov üçün bəraət istədi.

Orxan Zeynalovun günahsızlığını sübut etmək üçün digər vəkil - Abasmirzə Abdullayev qeyd etdi ki, mərhum Şerbakov yaxşı fiziki formada olub, idmanla məşğul olurdu: "Belə insan, ittiham tərəfinin dediyinə görə, nə üçün Zeynalovun qabağından qaçsın ki? Maraqlıdır, amma ittiham tərəf iddia edir ki, guya Orxan Şerbakova deyib ki, bu saat onu bıçaqla vuracaq. Nə vaxtdan qafqazlılar bıçaq çıxarmamışdan əvvəl xəbərdarlıq edirlər? Xuliqan niyə belə etsin ki? Dalaşanları ayıran Popova isə qəribədir ki, heç bir cızıq belə almayıb. Guya ki, onu dava zamanı Yeqor yox, Orxan kənara itələyib. Maraqlıdır, dava edən xuliqan niyə qıza zərər dəyməməsi barədə fikirləşsin ki? Bəs Orxan Zeynalov hadisənin yeganə şahidi olan qızı, imkanı ola-ola niyə öldürməyib? Qeyd edim ki, Kseniya həmin gün içkili olub və davanın düşməsinə səbəbkar ola bilərdi".

Son sözündə Orxan Zeynalov isə belə dedi: "Mən dava zamanı orada olmamışam. Onlar Pokrovka meyvə bazasını bağlamaq istəyirdilər, məni də ona görə tutdular. Mən günahsızam. Əgər cinayət etsəydim, Rusiyanı tərk edərdim. Allah göydən hamısını görür".

Beləliklə, "Bizim Yol" əməkdaşı Orxan Zeynalov hadisəsi, istintaq xətaları, işin arxasında dayanan əsl səbəblər, həmçinin azərbaycanlı miqrantların problemləri ətrafında tanınmış rusiyalı ekspert, Siyasi Analiz Mərkəzinin icraçı direktoru Vyaçeslav Danilovla həmsöhbət olub.

- Cənab Danilov, ittiham tərəfinin arqumentlərinə, Orxan Zeynalovun həmin vaxt Moskvada olmadığını söyləməsinə baxmayaraq, istintaq öz mövqeyindən geri çəkilmir və gedişat Orxana ağır cəza veriləcəyini göstərir. Fikrinizcə, istintaqın əsl məqsədi nədir?

- İstintaqın məqsədi məhkəməyə faktlar vermək, məhkəmənin məqsədi isə bu sübutları qiymətləndirməkdir. İndi Orxan Zeynalovla bağlı hadisələrdən xeyli vaxt keçib. O zaman qeyri-leqal miqrantlara qarşı çıxan aktivistlərin Orxanın adı da yadlarından çıxıb. İctimai təzyiqlərdən yaxa qurtaran məhkəmə Zeynalovun işinə daha da obyektiv baxacaq. Mən ümid edirəm ki, məhkəmə obyektiv və ədalətli olacaq.

- Rusiya tarixində ilk dəfədir ki, bir insanın ölümündə şübhəli şəxsin saxlanılması üçün, az qala Bin Laden miqyasında əməliyyat keçirilir, televiziya çəkilişləri ilə müşayiət olunur, saxlanılan şəxs isə helikopterlə istintaq təcridxanasına deyil, Rusiya DİN rəhbərinin kabinetinə gətirilir. Təqsiri sübut olunmayan bir şəxslə belə davranmağa Rusiya qanunları icazə verir, yoxsa bunun arxasında başqa mətləblər var?

- Orxan Zeynalovun saxlanılması üçün Ceyms Bond sayağı əməliyyat qızışmış gəncləri və onların təəssübkeşlərini sakitləşdirmək, emosiyanı soyutmaq üçün lazım idi. Bu zaman publikanın qisasçı hissləri ilə hüquq-mühafizə orqanlarının mətbuat qəhrəmanına çevrilmək arzusu üst-üstə düşmüşdü. Onlara real cinayətkarlarla mübarizədənsə, fəaliyyətin imitasiyası daha sərf edir. Onlar sadəcə olaraq, publikaya işlədilər. Yəni bu hadisə, bir növ tamaşa idi.

- Orxan Zeynalov hadisəsi Bakı ilə Moskvanın münasibətlərinin soyuqlaşması dövrünə təsadüf etdi. Ona görə də bəzi ekspertlər bildirdilər ki, bu addım Moskvanın Bakıya təzyiq vasitələrindən biri idi. Yəni "istənilən azərbaycanlıya problem yaradarıq" anlamına gəldi. Bu versiya nə dərəcədə inandırıcıdır?

- Mən belə düşünən ekspertlərə tələsik rəy verməməyi, tələsməməyi məsləhət görərdim. Hansı tarixi dönəmlə üst-üstə düşməsi bir yana, amma məncə, Orxan Zeynalov hadisəsi müstəsna haldır. Bu hal Azərbaycanla Rusiya arasındakı münasibətlərə heç cür təsir edə bilməz. Zeynalovun yerində istənilən adam ola bilərdi. Hətta Şimali Qafqazdan olan Rusiya vətəndaşı belə. Əvvəlcə hamı belə fikirləşdi ki, şübhəli şəxs Şimali Qafqazdandır, amma sonda Azərbaycan vətəndaşı çıxdı ki, bu da bir çoxlarının təəccübünə səbəb oldu.

- Məsələnin siyasi tərəfini bir yana qoysaq, hüquqi cəhətdən Orxan Zeynalovun cinayət törətdiyini sübut edən real faktlar varmı? Daha doğrusu, Rusiya hüquq-mühafizə orqanları gerçəyin ortaya çıxmasını istəyir, yoxsa onlara ictimaiyyətin gözündə qafqazlı qurban lazımdır?

- Dəqiq araşdırmaq lazımdır, amma tanış olduğum faktlardan mənə elə gəlir ki, ittiham tərəfinin dəlilləri o qədər də əsaslı görünmür. Hər halda Zeynalovun sifəti kameraya düşən insanın sifətinə o qədər də oxşamır. Amma Orxan Zeynalovun günahsızlığı isbat edilsə, onda istintaqın əsl cinayətkarı yaxalayacağına dərin şübhələrim var.

- Situasiyaya daha geniş baxsaq, Rusiyada azərbaycanlılara və digər qeyri-ruslara qarşı cinayətlərin, təzyiqlərin, qətllərin arxasında nə dayanır - yuxarıdan sifariş, ya cəmiyyətdə qafqazlılara qarşı olan antipatiya?

- Bu ilin əvvəlində baş verən hadisələr bir daha sübut etdi ki, Rusiyada antimiqrant mövzular siyasi məqsədlər uğrunda həddindən artıq şişirdilir. Bağlı konslagerlər, insanların bazara hücumu, bazardakıların isə polislərə hücumu - məlum oldu ki, bütün bunlar Moskvanın yeni merinin seçki kampaniyası üçün "döşənmiş xalı" idi. Sonradan məlum oldu ki, baş verənlər heç də deyilən və göstərilən miqyaslarda deyil.

- Ötən ilin avqustunda Rusiya Dövlət Duması miqrantlara aidiyyəti olan iki qanun qəbul etdi: onlardan biri miqrantların əmək vizası almasını, digəri isə əcnəbi işçi qüvvəsindən istifadəyə görə vergi verilməsini ehtiva edir. Rusiyanı ikinci vətənlərinə çevirən azərbaycanlıların taleyinə necə təsir edəcək bu qanunlar?

- Bu qanunların qəbuluna dəstək verən Federal Miqrasiya Xidməti qarşısına müsbət hədəflər qoyub. Birincisi, bu, muzdlular bazarının müdafiəsidir. Öncə Rusiya vətəndaşı olan işçilərin vəziyyətini prioritet götürən FMX-nin sədri Konstantin Romodanovskinin mövqeyi anlaşılandır.

İkincisi, əmək bazarında kriminal ağalıqla mübarizə. Bu sahədə də mən Rusiya müvafiq orqanlarının fəaliyyətini təqdir edirəm. Müəssisəyə cəlb edilən əcnəbi işçi qüvvəsinə görə məsuliyyəti məhz işəgötürən daşımalıdır. O, dövlətə vergi verərsə, onda işçinin də qədrini bilər və onu qul kimi işlətməkdən vaz keçər.

Bu qanunun ölkəyə Qərbi Avropadan və ABŞ-dan cəlb edilən bahalı işçi qüvvəsinə necə təsir edəcəyi hələ ki, bəlli deyil. Burada hər bir addımı hesablamaq lazımdır. Bir qanunu standart şəkildə bütün təbəqələrdən olan miqrantlara, muzdlu işçilərə şamil etmək düzgün deyil və yaxşı nəticələr verməyəcək. Məlumdur ki, bürokratik əngəllərin çoxluğu və güc strukturlarının belə insanlara xüsusi marağı səbəbindən Qərbdən gələn mütəxəssisin Rusiyada leqal şəkildə işə düzəlməsi xeyli problemli məsələdir.

O ki qaldı azərbaycanlılara, Romodanovskinin qanunverici təşəbbüsləri Orta Asiya respublikalarından olan miqrantlardan fərqli olaraq, onlara az təsir edəcək. Əsas səbəb - azərbaycanlılar, Azərbaycan diasporu özləri üçün iş yerləri təşkil edirlər. Yəni azərbaycanlının ticarət obyektində iş tapması dövlətin yox, onun həmvətənlərinin köməyi ilə olur. Azərbaycanlılar əsasən rusların iddia etmədikləri sahələrdə çalışırlar.

Azərbaycanlılar Rusiya bazarlarında çoxdan işləyirlər. Onlar yerli əhaliyə mane olmur, onlara problem yaratmırlar. 90-cı illərin əvvəllərində olan kriminal müharibələr də səngiyib. Azərbaycanlıların öz biznes sahələri var, həm də onlar çox tez bir zamanda Rusiya cəmiyyətinə inteqrasiya olunmaq üçün səy göstərir, Rusiya vətəndaşlığı alırlar. Odur ki, yeni dəyişikliklərin azərbaycanlılar üçün hansısa ciddi problemlər yaşadacağını düşünmürəm.

Problem başqa yerdən ola bilər: Rusiya bələdiyyə hakimiyyətlərində yeni bir dəb əmələ gəlib. İaşə və ticarət sahəsində xırda və orta biznesi daha iri oyunçuların - riteylerlərin xeyrinə sıradan çıxarmaq. Azərbaycan diasporu problemləri bu istiqamətdən gözləməlidir.

Bizimyol.info
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.