Dünya

Narkotiklərin "cənnəti" sayılan ölkələr

24 Aprel 2014 14:22
Baxış: 1 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağ ölüm"ün dünyadakı dövriyyəsi ilə bağlı yeni rəqəmlər, faktlar...

"Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya qanunsuz yolla keçirilən narkotik maddələr üçün əlverişli tranzit ölkədir. Azərbaycanda qanunsuz narkotik maddələrin istifadəsi və yetişdirilməsi sahəsində elə də ciddi problem yoxdur".

ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi "Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası" adlı hesabatda belə deyilir. Hesabatda bildirilir ki, Azərbaycan ərazisindən hər il 11 tona qədər heroin keçirilir, bunun çox hissəsi İranla sərhəd vasitəsilə cənubdan daxil olur. Ölkə Gürcüstandan və Türkiyədən keçirilən narkotik üçün də əlverişli sayılır.
Hesabatda Azərbaycanın işğal altındakı Dağlıq Qarabağın sərhədlərini qoruya bilməməsindən də narahatlıq ifadə olunur. Sənəddə Azərbaycana dair rəqəmlər 2011-ci ilə aiddir: "Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin məlumatına görə, 2011-ci ildə hüquq-mühafizə orqanları 557 kiloqram narkotik maddə ələ keçirib. Bunun 164,9 kiloqramı həşiş, 52,2 kiloqramı heroin, 298,9 kiloqramı marixuana, 14,1 kiloqramı tiryəkdir. 2011-ci ildə 2 min 341 nəfər narkotik qaçaqmalçılığında günahkar bilinərək həbs edilib. Narkotik maddələrin yetişdirilməsi genişmiqyaslı olmasa da, 2011-ci ildə məişət şəraitində yetişdirilən 20,6 kiloqram xaşxaş, 3,4 ton marixuana müsadirə edilib".

Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti narkotikdən istifadənin azaldılmasına dair dövlət proqramını həyata keçirsə də, bu sahədə hələ ki irəliləyiş qeydə alınmayıb.

Marixuana sənayesi olan yeganə ölkə...

Amma dünyada narkotik maddənin satışı və istifadəsinin qanuni olduğu ölkələr də var. Bu siyahıya son olaraq Rumıniya daxil olub. O, Avropa Birliyi (AB) ölkələri arasında narkotiki qanuniləşdirən onuncu ölkə sayılır. Tibb məqsədilə narkotikdən istifadənin qanuni olduğu ölkələrin siyahısı aşağıdakı kimidir: ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kambociya, Kosta-Rika, Xorvatiya, Çexiya, Ekvator, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Cənubi Koreya, Uruqvay, İspaniya, Hollandiya.

Məsələn, siyahıdakı ölkələrdən biri olan Uruqvay dünya üzrə dövlət nəzarəti ilə marixuana sənayesi quran tək ölkə olmağa hazırlaşır. Plan çərçivəsində marixuana qiymətləri bir xeyli aşağı salınacaq və qara bazar üzərinə təzyiq ediləcək. Nəticədə marixuananın yetişdirilməsi və paylaşdırılması hökumətin nəzarəti altında olacaq.
Ölkənin prezidenti Cose Mujika da bu layihəyə tam dəstək verir.

Bir çox ekspertlər isə hesab edir ki, bu qadağanın aradan götürülməsi insanları daha ağır narkotik vasitələrdən istifadəyə yönəldəcək. Mujica isə bu iddianı qəbul eləmir: "Mən bunun əksini düşünürəm. Marixuanaya çatımı olmayanlar daha çox təhlükəli narkotik və zəhərlərə yönəlirlər".

Koreyalı əsgər və işçilər üçün stressdən qurtulma yolu

Cənubi Koreyada marixuana ümumiyyətlə narkotik maddə kateqoriyasına daxil deyil. Əsgər və işçilər isə yorğun və gərgin günün sonunda stressdən və günün yorğunluğundan qurtulmaq üçün marixuanadan istifadə edirlər və bu, az qala günün sonunda spirtli içki içməyə bərabər sayılır.

Portuqaliya hökuməti isə narkotik istifadəçiləri üçün tətbiq etdiyi pul cəzasını 2001-ci ildə ləğv edib. Ardınca "Narkotikdən imtina və reabilitasiya" adlı proqramlara keçdi və bu təcrübə ilə olduqca ciddi müvəffəqiyyət əldə etdi.

Marixuana ABŞ-da federal səviyyədə hələ qanundan kənar sayılır. Amma "medikal marixuana" adına hardasa 300 milyon dollar xərclənib. Bununla yanaşı, prezident qanunlara hər hansı dəyişiklik etməyi planlaşdırmır və bu dəyişikliyi dəstəkləmir.
Bu arada narkotik istifadəçilərinin daha bir "maraqlı" çıxış yolu var. Satışı qanunsuz sayılan narkotik maddələrin əvəzinə onların təqlidi olan "psixoaktiv maddə", "bitkisəl narkotik"lər satışa çıxarılır. Bu yeni narkotik maddələr hər həftə müəyyən qrafiklə bazardakı yerini alır. Bəzi ölkələr səhiyyə sistemini qorumaq məqsədilə bu satışın kökünü kəsdikləri halda bir qisim ölkələr bu məsələdə daha rahat davranırlar.

Əvəzedici narkotiklər insanı daha tez öldürür

Portuqaliyada müalicə məqsədilə istifadə edilən dərmanların qeyri-tibb məqsədilə istifadəsinə görə sintetik narkotik maddələr satışa çıxarılıb. Ölkənin gəncləri bu maddələri çox asanlıqla əldə edə bildiklərini deyirlər: "Bunları tapmaq çox asandır. Bir dükana girib satın almaq mümkündür. Yeni mal olduğu üçün yeni bir təcrübə sayılır. Polis da buna bir şey deyə, bizi həbs edə bilməz. Ona görə də çatımı asan olan bu dərmanlardan istifadə edərkən özümüzü daha güvəndə hiss edirik".

Bəzi hökumətlərin ciddi cəhdlərinə baxmayaraq, bu dərmanlar hər gün artan internet saytları vasitəsilə satın alına bilir. Bəzi ölkələrdə isə qanuni narkotik maddələr "ağıllı dükan" adı verilən dükanlarda realizə edilir.

Ötən il Avropa Birliyində əsası qoyulan "erkən xəbərdarlıq" sistemi sayəsində məlum olub ki, dünyadakı narkotik bazarına 49 yeni narkotik maddə daxil olub. Bu ilin siyahısındakı maddələrin sayı 36-ya çatıb. Avropa Narkotik və Narkotik Asılılığı Araşdırma Mərkəzinin rəhbərliyində təmsil olunan Roumen Sedefov isə bildirib ki, əsas məsələ insanların səhhətini qorumaqdan ibarətdir: "İnsanlar üzərində heç təcrübədən keçməmiş narkotik maddələr var. İndiyədək istifadə olunmayıb. Bəzilərinin tərkibi, istifadə forması, nə qədər zəhərli olub-olmaması barədə heç bir məlumatımız yoxdur. Bu səbəbdən də yeni maddələr bazara çıxarılan kimi bizim də hərəkətə keçməyimiz lazım gəlir".

Qanuni narkotik vasitə adlandırılan maddələrdən bəziləri bir çox ölkələrdə xəstəlik və ölüm zamanı istifadəyə yararlı hesab edilir. Londondakı gecə klublarında narkotik maddə satışına işarə vurularaq "narkotik klubları" adı verilən klinikalar fəaliyyət göstərir. Rumıniyada isə bazara çıxarılan 40 yeni narkotik maddə yasaqlanıb. Buna səbəb həmin növ narkotik maddələrin QİÇS və digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olmasıdır. Nəzərə almaq lazımdır ki, sintetik narkotik maddələr müəyyən mənada qeyri-qanuni narkotik maddələrdən daha təhlükəlidir.

Və daha bir maraqlı məqam. Əvəzedici narkotik vasitələr istifadəçilərinə daha ciddi fəsadlar yaradır. Belə ki, heroindən istifadə edənlər 10 il, hətta 15-20 ilə qədər yaşaya bilirdilər. Qanuni, amma əvəzedici (sintetik) narkotik istifadəçiləri diqqətli və şanslı deyillərsə, 6-12 ay ərzində həyatlarını itirə bilir.

Ekspertlər heroinin əvəzedici narkotik maddələrdən daha uğurlu olduğunu düşünür. Belə ki, onlar heroinin inyeksiyasını yeni, qanuni narkotiklərin inyeksiyasından daha etibarlı hesab edirlər. Çünki sintetik narkotik maddələr bütün hallarda orqanizmi alt-üst edir. Bu yeni maddələr bazara çıxana qədər bir çox insan AİDS, Hepatit kimi xəstəliklərə yoluxdu. Çünki onların tərkibində zəhərli maddələr var. Bu maddələrin 6-7 ay ərzində istifadəsi insanı 70 kiloluq çəkidən 30-40 kiloya qədər sala bilər.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.